Bir çox halda dövlət məmurları onlara hansısa xüsusi imtiyazlar verildiyini nəzərə alaraq qanunları poza biləcəklərini düşünürlər. Cənab Prezident son təyinatlarla bağlı keçirilən qəbulda bir sıra vacib məqamlara toxundu. Bir qisim məmurlarımızın fəaliyyətindəki nöqsanları, regionlarda icra hakimiyyətləri ilə sahibkarlar arasında olan münüsibətləri xüsusi olaraq qeyd edən cənab Prezident, əsl məmurun hansı keyfiyyətlərə malik olmalı olduğu haqqında konkret tövsiyələrini verdi.
Bunu Teleqraf.com-a açıqlamasında politoloq Yusif Bağırzadə Azərbaycan Prezidenti İlham Əliyevin Biləsuvar və Saatlı rayon icra başçılarını vəzifələrinə yeni təyin olunmaları ilə əlaqədar video formatda qəbulunda nitqindən irəli gələn məsələləri şərh edərkən deyib.
“Azərbaycan Prezidentinin yeni təyin olunmuş icra başçılarına vəziyyətin öyrənilməsi, təhlil edilməsi, mövcud olan nöqsanların, çatışmazlıqların araşdırılması, rayon səviyyəsində problemlərin həlli və həllini tapmayan məsələlərin aidiyyəti dövlət orqanları qarşısında qaldırılması, insanlarla bir yerdə olmaq, onlara qayğı və diqqət göstərmək, vətəndaşları dinləmək kimi çox vacib tövsiyələrini verdi. Cənab Prezident xüsusi olaraq icra hakimiyyəti orqanlarının regionlarda sahibkarlığın inkişafına dəstək verməli olduğunu vurğuladı ki, bu da olduqca vacibdir. Çox təəssüf ki, bir sıra hallarda icra strukturlarının sahibkarlara dəstək olmaq əvəzinə, mane olduğunun şahidi oluruq. Sahibkarların incidilməsi onlara süni əngəllər yaradılması, rüşvət, pay tələb olunması halları ilə rastlaşırıq. Onu da qeyd etmək lazımdır ki, İlham Əliyevin yeni təyin olunan başçılara tövsiyələri təkcə onlara deyil, eləcə də bütün icra başçılarına və dövlət məmurlarına yönəlik tapşırıq kimi qəbul olunmalıdır”.
O bildirib ki, ölkə başçısı öz çıxışında məmurların məişətdə və işdə nümunə olmalı olduqlarını, təkəbbürlü davranışa yol verməmələrini də xüsusi olaraq vurğuladı:
"Çıxışda diqqət çəkilməsi daha bir vacib məqam azərbaycanlı iş adamlarının öz sərmayələrini xaricə yox, indiki həssas məqamda ölkəyə yatırmalarının vacibliyi ilə bağlı Prezidentin verdiyi mesaj idi. Xatırladaq ki, son dövrlərə qədər Azərbaycanın iş adamları bir çox xarici ölkələrə böyük həcmdə vasait yatırıb. Xüsusən də Türkiyə, Gürcüstan, Rusiya və bir çox ölkələrə Azərbaycandan külli miqdarda vəsaitlər qoyulub. Elə bu məqama diqqət çəkən Prezident İlham Əliyev də qeyd etdi ki: “Pandemiya dövründə, ümumiyyətlə, iqtisadi fəallıq çox aşağı düşüb. Dünyada bu iqtisadi fəallıq nə vaxt bərpa ediləcək və yaxın gələcəkdə ediləcəkmi, bunu demək mümkün deyil. Ona görə biz gərək bu məsələyə çox praqmatik nöqteyi-nəzərdən yanaşaq və bilməliyik ki, bu gün xarici investorlar üçün Azərbaycanda cəlbedici sahələr energetika sahəsi ilə bağlıdır - neft-qaz layihələri, elektrik enerjisinin istehsalı, bərpaolunan enerjinin istehsalı, nəqliyyat layihələri. O ki qaldı kənd təsərrüfatı layihələrinə, əlbəttə ki, çalışmaq lazımdır. Ancaq əsas ümidimiz yerli investorlaradır. İlk növbədə, yerli sahibkarlar Azərbaycana sərmayə qoymalıdırlar”.
"Doğurdan da dünyada gedən iqtisadi böhran iş adamlarımızdan da konkret addımlar atmalarını tələb edir. Xarici ölkələrə on milyonlarla dollar həcmində investisiya qoyan Azərbaycan sahibkarı, ilk növbədə Azərbaycanı və öz insanımızı düşünməlidir.
Düşünürəm ki, Prezidentin bu sözlərindən sonra ölkə iqtisadiyyatına, o cümlədən regionlara özəl sektor tərəfindən daha böyük həcmdə investisiya qoyulacaq. Burada iş adamları nəzərə almalıdır ki, dövlət daim onlara ən çətin vaxtda yardım edib və etməkdədir. İndi bunun müqabilində iş adamlarının ölkə daxilində daha çox sərmayə yatırması da zərurətdir. Ölkə daxilində investisiya mühitinin daha da yaxşılaşdırılması buna əlavə şərait yaradır. Digər tərəfdən bu, sahibkarlığın inkişafı üçün də zəmin formalaşdırır”- deyə Yusif Bağırzadə qeyd edib.