27 Avqust 2020 08:45
2 046
12 Punto 14 Punto 16 Punto 18 Punto

Milli Məclisin deputatı Elşad Mirbəşiroğlu Teleqraf.com-un suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik:

- Rusiyanın Müdafiə naziri Sergey Şoyqunun Azərbaycana səfəri ətrafında müzakirələr aparılır. Sizcə, bu səfər bir sıra mətləbləri aydınlaşdıra bildi?

- Rusiya Müdafiə naziri Sergey Şoyqunun Azərbaycana səfəri iki ölkə arasında hərbi sahədə əməkdaşlıq məsələlərinin müzakirə olunması baxımdan əhəmiyyətli sayıla bilər. Digər tərəfdən “Ordu Oyunları-2020” keçirilməkdədir. Bu yarışların iştirakçı ölkələrindən biri də Azərbaycandır. Şoyqunun bu ərəfədə Azərbaycana səfəri həm də təbii ki, bununla əlaqəlidir. Daha vacib məqam isə Şoyqunun səsləndirdiyi fikirlərdir. Çünki müdafiə naziri məhz belə bir şəraitdə Rusiyanın münasibətini ortaya qoydu. O bildirdi ki, Rusiya heç bir halda Azərbaycana zərər gətirən mövqe sərgiləmir və onun əleyhinə heç bir addım atmır. Ermənistana göndərilmiş silahların təyinatının da sadəcə Rusiyanın Ermənistanda yerləşən hərbi bazasının təchizatı məqsədilə ilə olduğunu vurğuladı. Bu məqamlara aydınlığın gətirilməsi özlüyündə Rusiya ilə Azərbaycan arasında münasibətlərin normal məcrada davam etməsi üçün təsirli olacaq.

- Xarici İşlər naziri Ceyhun Bayramov Lavrovun dəvəti ilə Rusiyaya səfərə gedib. Qarşılıqlı əlaqələrin inkişafında bu səfərin rolunu necə qiymətləndirmək olar?

- Azərabaycanın xarici işlər nazirinin rusiyalı həmkarının dəvəti ilə bu ölkəyə səfər etməsi iki dövlət arasında münasibətlərin inkişaf etdirilməsi iradəsinin mövcudluğuna dəlalət edir. Məhz xarici işlər nazirinin ikinci səfərinin Rusiyaya edilməsi əlaqələrin daha da irəliyə doğru inkişafına təminat verəcək. Səfər çərçivəsində Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi, müxtəlif istiqamətlərdə əlaqələrin vəziyyəti, perspektivləri müzakirə predmeti olacaq.

Digər ölkələrlə olduğu kimi Rusiya ilə təmasların sıxlaşdırılması bütövlükdə Azərbaycanın xarici siyasət prinsiplərinə uyğundur. Azərbaycanın xarici siyasətinin başlıca prinsiplərindən biri ondan ibarətdir ki, bütün dövlətlərlə bərabər hüquqlu inkişafa meyilli əlaqələr qurulsun. Bu baxımdan şimal qonşumuzla da bütün sahələrdə əməkdaşlığın inkişaf etdirilməsi, yeni istiqamətlərin müəyyənləşdirilməsi olduqca vacibdir. Rusiya kifayət qədər təsir gücünə malik olan bir dövlətdir. Bütün hallarda Rusiya-Azərbaycan münasibətlərinin hazırkı səviyyəsi, bu münasibətlərin bundan sonrakı inkişafı üçün də yaxşı zəmin yaradır.

- Lavrov son açıqlamasında erməni təxribatını pislədi. Tovuz istiqamətində olan hərbi eskalasiyada isğalçını günahlandırdı. Onun bu bəyanatını necə dəyərləndirirsiniz?

- Sergey Lavrovun bu açıqlamaları ümumilikdə Azərbaycanın maraqlarına cavab verdi. İşğalçının iyulun 12-də törətdiyi təxribatların ardınca ilk addımları ondan ibarət oldu ki, guya Azərbaycan tərəfi Ermənistana qarşı hərbi təxribatlar törədir. İşğalçı ölkə informasiya siyasətini məhz bunun üzərində qurmaqla Azərbaycanın bu gün malik olduğu ciddi, pozitiv beynəlxalq imicinə xələl gətirmək istəyi var idi. Amma bu, başlanğıcdan fiaskoya uğradı. Hər şeydən öncə Azərbaycan beynəlxalq informasiya məkanında çox səmərəli fəaliyyət göstərməyə nail oldu. Ölkəmizin çevik fəaliyyəti ilə baş vermiş hadisələrlə bağlı həqiqətlər vaxtında dünya ictimaiyyətinə çatdırıldı. Bununla da işğalçı Ermənistan Azərbaycana qarşı həyata keçirdiyi təxribatın qurbanına çevrilmiş oldu. Bu hadisələrin ardınca Rusiya xarici işlər nazirinin açıq mətnlə Ermənistanın köhnə buraxılış məntəqəsini ələ keçirmək cəhdlərini ifadə etməsi işğalçı dövlətin təxribatçı, terrorçu obrazını daha da gücləndirdi. Lavrov açıq şəkildə bildirdi ki, Ermənistan bu təxribatları törədib və hansısa məntəqəni ələ keçirməyə cəhd edib. Eyni zamanda Rusiya XİN rəhbəri həmin məntəqənin Azərbaycandan keçən strateji boru nəqliyyatı xətlərindən 15 km məsafədə olduğunu da diqqətə çatdırdı. Ermənistan hansısa məntəqəni ələ keçirməklə Azərbaycan ərazisindən keçən boru xətlərinə də birbaşa təhdid yarada bilərdi. Məhz dolayısı ilə Rusiya XİN rəhbəri bu məqama da açıq şəkildə toxundu. Eyni zamanda bu konteksdə Lavrovun son dövrlərdə etdiyi ikinci çıxışıdır. Onun səsləndirdiyi fikirlər Azərbaycanın maraqları ilə uzlaşır. Bir müddət öncə də Rusiya XİN rəhbəri münaqişənin tənzimlənməsi istiqamətində ilkin addımın təmin olunması baxımından ətraf rayonların Azərbaycana geri qaytarılmasının vacibliyini bəyan etmişdi. Bu da bütövlükdə yenilənmiş Madrid prinsiplərinə uyğun gələn bir addım hesab olunur. Çünki ilkin mərhələdə Dağlıq Qarabağın ətraf rayonları Azərbaycana qaytarılması nəzərdə tutulub. Lavrovun məsələyə də məhz bu konteksdən yanaşması ortalıqda idi.

- Cəbhədə erməni təxribatının qarşısı alındı və kəşfiyyat diversiya komandiri əsir götürüldü. Mühüm görüşlər, səfərlər ərəfəsində düşmən bu cür təxribatları təkrarlamaqda nə məqsəd güdür?

- Goranboy istimaqətində Ermənistan növbəti dəfə təxribat törətməyə cəhd etdi. Ermənistan silahlı qüvvələrinin diversiya kəşfiyyat qrupu zərərsizləşdirildi və qrupun komandiri əsir götürüldü. Onların məqsədi ondan ibarət idi ki, gələcəkdə Azərbaycan ərazilərində terror aktları, hansısa kəşfiyyat məlumatları toplaya bilsinlər. Amma Azərbaycan Silahlı Qüvvələri bunun qarşısını qətiyyətlə aldı. Azərbaycan istənilən təxribata qarşı güclü müdafiə qabiliyyətinə malikdir. Bu, gələcəkdə işğalçı Ermənistanı bu cür oxşar addımlardan çəkindirə bilər. Eyni zamanda Ermənistan bir daha nümayiş etdirdi ki, Azərbaycana qarşı işğalçılıq siyasətində israrlıdır. Bu məqamdan da çıxış edərək münaqaşənin tənzimlənməsində iştirak edən tərəflər bir nəticəyə gəlməlidirlər. Onlar artıq işğalçıya qarşı təzyiqlər həyata keçirməlidir ki, bu cür vasitələrdən yayınsın.

Əks təqdirdə münaqişənin dinc vasitələrlə tənzimlənməsi istiqamətində həyata keçirilən danışıqların əhəmiyyəti praktiki olaraq heçə enir. İndiki halda Ermənistan nümayiş etdirir ki, o danışıqlar prosesində sadəcə olaraq imitasiya xarakterli iştirakını ortaya qoyur. Ermənistan münaqişənin tənzimlənməsini istəmir, status-kvo vəziyyətinin saxlanılmasına çalışır. Bunu da sübut edən əsas məqamlar odur ki, işğalçı Ermənistan davamlı olaraq Azərbaycana qarşı təxribatlara əl atır. Münaqişənin dinc vasitələrlə tənzimlənməsini istəyən tərəf heç bir halda belə təxribatlara yol verməməli, Azərbaycana qarşı zorakılıq aktlarından çəkinməlidir. Ermənistan bunun əksini etməklə işğalçılıq siyasətini həyata keçirir. ATƏT-in Minsk Qrupu son hadisəyə də münasibət bildirməli və Ermənistanla artıq müvafiq dildə danışılmalıdır.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər