Azərbaycanın işğal olunan ərazilərinin geri qaytarılması üçün müharibənin baş verməsini arzulayıram və hesab edirəm ki, dövlətimiz torpaqlarımızı geri qaytarmağa qadirdir. Amma beynəlxalq vəziyyət nəzərə alınmalıdır. İndiki halda Azərbaycan dövləti konfliktin danışıqlar vasitəsilə həllinə çalışır. Uzun danışıqların təcrübəsi göstərib ki, Ermənistan tərəfi danışıqları imitasiya edir, zaman uzadır və beləcə status-kvonu saxlamağa cəhd edir. Üstəlik vaxtaşırı biz Ermənistanın cəbhə bölgəsində və dövlət sərhədimizdə törətdiyi təxribatlarla da üzləşməli oluruq.
Bu fikirləri Teleqraf.com-a Aydınlar Partiyasının sədri Qulamhüseyn Əlibəyli Dağlıq Qarabağ danışıqları və cəbhədə müşahidə olunan vəziyyəti şərh edərkən deyib.
Qulamhüseyn Əlibəyli qeyd edib ki, yaxın dövrdə Azərbaycanın problemin həlli üçün danışıqlar prosesini davam etdirəcəyi ehtimal olunsa da, Ermənistan istənilən anda istənilən təcavüz cəhdinə əl ata bilər.
Onun fikrincə, Ermənistan Azərbaycanın hər hansı bir ərazisini işğal etməyə cəhd göstərə bilər: "Bu yaxınlarda Tovuzda baş verən təxribata bənzər addım ata bilərlər. Sözsüz ki, bu halda Azərbaycan ordusu da öz gücünü göstərməli və işğalçıya layiqli cavabını verməlidir. Ehtimal edirəm ki, yalnız bu vəziyyətdə cəbhə xəttində müəyyən əməliyyatlar ola bilər. Azərbaycan tərəfindən əməliyyatların başlaması hələlik mümkün olmayacaq, amma Ermənistanın təcavüzkar cəhdi olarsa, ordumuz qarşı tərəfə zərbə vurmaq üçün imkan əldə edə bilər”.
Partiya sədri Azərbaycan-Türkiyə arasında yaxınlaşmanı zamanında həyata keçirilən addım kimi qiymətləndirib: "Türkiyə hər zaman sözdə Azərbaycanın yanında olduğunu elan edib. Son dövrlər Türkiyə təkcə sözdə deyil, həm də əməldə Azərbaycanın yanında olduğunu nümayiş etdirir. Hesab edirəm ki, bu, müsbət vəziyyətdir. Türkiyə-Azərbaycan hərbi müttəfiqliyi regionda geosiyasi konfiqurasiyanı dəyişə bilər. Odur ki, mən belə yaxınlaşmanı ancaq alqışlayıram və hesab edirəm ki, yaxınlaşma davamlı olmalıdır”.