16 Sentyabr 2020 18:00
696
12 Punto 14 Punto 16 Punto 18 Punto

Tofiq Yaqublunun həbsi ətrafında sosial şəbəkələr və müxtəlif internet resurslarında siyasi manipulyasiyalara cəhd edilməsi nə hüquqi mədəniyyət, nə də siyasi etika baxımından məqbul hesab edilə bilməz. Nəticə etibarilə ortada konkret hüquq pozuntusu hadisəsi var və istənilən hüquqi dövlətdə belə hallarda eyni cəza mexanizmləri tətbiq olunur.

Bunu Teleqraf.com-a açıqlamasında millət vəkili, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu bildirib.

Onun sözlərinə görə, bu baxımdan hüququn siyasiləşdirilməsi də doğru deyil:

“Şübhəsiz ki, hər bir Azərbaycan vətəndaşının həyatı qiymətlidir. Kiminsə haqsız olaraq həbs edilməsi heç bir halda heç kimin marağında ola bilməz. Hazırda Tofiq Yaqublunun səhhəti və bundan sonrakı məhkəmə proseduru ilə bağlı məsələlər ən çox iqtidar mənsublarının diqqət mərkəzindədir və cəzanın yüngülləşdirilməsi, yaxud hüququn daha humanist qaydada tətbiqi yolları axtarılmaqdadır. Nəticəni isə şübhəsiz ki, yenə hüquq özü müəyyən edəcək. Ölkəmizdə cinayət hüququnun humanistləşdirilməsi siyasəti hüquqi islahatların əsas istiqamətlərindən biridir. Ona görə də apelyasiya məhkəməsinin verəcəyi qərarı gözləmək indiki halda ən doğru mövqe olardı”.

Hikmət Babaoğlu daha sonra deyib:

“Digər məsələlərə gəldikdə isə şübhəsiz ki, Tofiq Yaqublunun mövcud şərtlər içərisində hüquqlarının qorunması, səhhəti ilə bağlı məsələlərin daim həkim nəzarəti altında olması, vəkilləri və ailə üzvləri ilə görüşməsi, həkiminin tövsiyə etdiyi müalicə müəssisəsinə köçürülməsi kimi məsələlərin hamısı təmin edilib. İctimaiyyət nümayəndələri, yerli insan hüquq müdafiəçiləri, müxtəlif partiya rəhbərləri, qeyri-hökumət təşkilatları, eyni zamanda hakim partiyanın millət vəkilləri və ictimai fəalları Tofiq Yaqublunun sağlamlığı və mənəvi-psixoloji durumu nəzərə alınmaqla onun cəzasının yüngülləşdirlməsi ilə əlaqədar müvafiq səlahiyyətli qurumlara və Azərbaycan Prezidenti İlham Əliyevə müraciət ediblər. Əminəm ki, Tofiq Yaqubluya münasibətdə ən humanist qərar qəbul ediləcək. Bir daha qeyd etmək istəyirəm ki, heç bir vətəndaşın taleyinə hakimiyyət əsla biganə qalmır, hər bir vətəndaşın həyatı onun üçün olduqca qiymətlidir. Ona görə də əgər kimlərsə bu hadisəni istismar edib, siyasiləşdirib, təzyiq vasitəsinə çevirib ondan bir siyasi divident əldə edəcəklərini düşünürlərsə, tamamilə yanlış yolda olduqlarını qısa müddətdən sonra yəqin edəcəklər”.


Müəllif: Səxavət Həmid

Oxşar xəbərlər