ATƏT Minsk Qrupu həmsədrlərinin 30 ilə yaxındır ki fəaliyyətsizliyi münaqişəni bu günə kimi uzatdı. İndiyədək Azərbaycan torpaqları işğal altındadır və müəyyən vaxtlarda baş verən insidentlər zamanı dinc əhali həlak olur. Prosesə nəzarət etmək üçün yaradılan qurumun 3 ay sonra bəyanatla çıxış etməsi nə dərəcədə düzgündür? Artıq bu qurum niyə yaradıldığını, missiyasını unudub.
Bu fikirləri Teleqraf.com-a açıqlamasında Milli Məclisin deputatı Müşfiq Cəfərov deyib.
Millət vəkili bildirib ki, ATƏT Dağlıq Qarabağ münaqişəsinə o qədər dırnaqarası yanaşır ki, real situasiyaya belə münasibət bildirməkdə operativlik göstərmir. Qurum iyul təxribatından bu günə kimi baş verən heç bir hadisəyə münasibət bildirməyib. Bir erməni zabitinin Azərbaycana əsir düşdüyünü bütün dünya bilir. ATƏT Ermənistana belə bir sual ünvanlayıbmı ki, həmin zabit niyə sərhədi pozub, niyə Azərbaycan torpaqlarına keçib? Digər vacib məsələ Livandan ermənilərin köçürülməsi faktıdır. Qurum buna da heç bir münasibət bildirməyib. Ermənistan rəhbərliyi Dağlıq Qarabağa Azərbaycan cəmiyyətini hiddətləndirən səfərlər edir. İrəvandan, Xankəndindən aqressiv bəyanatlar səsləndirilir, lakin ATƏT-in Minsk Qrupu bunları da görməzlikdən gəlir. Hələ də fərqinə varmırlar ki, Ermənistan sülh danışıqlarından faktiki olaraq çəkilib. İşğalçı ölkə beynəlxalq qurumların nizamlayıcı təkliflərini açıq-aşkar rədd edib. Ümumiyyətlə ATƏT bilməlidir ki, niyə bir institut kimi var və nəyə xidmət edir”.
Deputat qeyd edib ki, ATƏT-in Minsk Qrupunun fəaliyyətsizliyi faktdır və Azərbaycan onun formatının dəyişdirilməsi təklifi ilə çıxış edə bilər:
“Ermənistana qarşı heç bir əməli tədbirin görülməməsi, nəinki Minsk Qrupuna olan ümidləri heçə endirir, hətta ATƏT-in nüfuzuna xələl gətirir. Prezident İlham Əliyev dəfələrlə bildirib ki, ATƏT-in Minsk Qrupu fəaliyyətində ikili standartlar və digər zərərli elementlər var. Bu da ATƏT-in Minsk Qrupunun Dağlıq Qarabağ münaqişəsinin həllində obyektiv fəaliyyət göstərməsinə imkan vermir”.
Müşfiq Cəfərov əlavə edib ki, münaqişənin nizama salınmasında Azərbaycanın tutduğu mövqe birmənalıdır:
“Problem yalnız Azərbaycanın ərazi bütövlüyü, beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində həllini tapmalıdır. Bu mövqe beynəlxalq hüquq normaları və prinsiplərinə əsaslanır. Bu, BMT Nizamnaməsi, Helsinki Yekun Aktı və münaqişənin nizamlanması istiqamətində qəbul edilmiş çoxsaylı beynəlxalq sənədlərdə təsdiqini tapıb”.