21 Sentyabr 2020 17:33
804
12 Punto 14 Punto 16 Punto 18 Punto

Prezident İlham Əliyevin yerli televiziya kanallarına verdiyi müsahibə bir neçə səciyyəvi xüsusiyyəti ilə tarixi hesab edilə bilər. Bunlardan biri ölkə başçımızın bütün sahələr üzrə ensiklopedik biliklərə malik olması və aldığı siyasi qərarlarda məhz onlara istinad etməsi reallığıdır. Ona görə də bunlar milli maraqlarımızın realizə olunmasında ən doğru qərarlardır. İkincisi, milli iqtisadiyyatımızın hələ də əsasını təşkil edən neft sənayesi tariximiz və onun istismarı məsələlərinin dövri xarakteristikası ilə bağlıdır ki, bu da neft faktorundan səmərəli istifadənin təşkili üçün oluqca əhəmiyyətlidir.

Bunu Teleqraf.com-a açıqlamasında Milli Məclisin deputatı, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu bildirib.

Onun sözlərinə görə, ancaq unutmaq olmaz ki, Prezident İlham Əliyev bu müsahibəsində təkcə neft sənayesi tarixi, dünya bazarında və iqtisadiyyatında neftin yeri və rolu, milli iqtisadiyyatın neft faktoru ilə əlaqəsi, neftin siyasi faktora çevrilməsi məsələləri ilə bağlı deyil, həm də əsl neft mühəndisi, Xəzər akvatoriyasının geoloji strukturu və xəritəsini dərindən bilən bir mütəxəssis kimi danışdı:

“Üçüncü ən mühüm və tarixi hesab ediləcək məsələlərdən biri o idi ki, Prezident İlham Əliyev bu vaxta qədər həyata keçirdiyi siyasətdə daim dürüst olmaqla, xalqının maraqlarını qorumaqla öz xalqı qarşısında hesabat verməyə həmişə hazır olan siyasi lider olduğunu bir daha göstərdi. Xüsusən, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ problemi kimi mürəkkəb, manipulyasiyaya açıq bir məsələdə nə qədər doğru siyasət apardığını və xalqının maraqlarına necə xidmət etdiyini ortaya qoydu. Bu gün İlham Əliyevi təkcə prezident deyil, həm də milli lider edən ən başlıca səbəb onun bu cümlələrində olan dürüstlükdür. Elə Azərbaycanda xalq-hakimiyyət birliyini təmin edən sosial düstur da “mən hər zaman, bütün dövrlərdə Azərbaycan xalqına həqiqəti demişəm və hesab edirəm ki, bu, yeganə düzgün siyasətdir” ifadələrində əksini tapıb. Digər məsələlərə gəldikdə isə qeyd etmək lazımdır ki, Azərbaycan dünyada yüksək nüfuza malikdir və müasir beynəlxalq münasibətlər sistemində etibarlı tərəfdaş kimi tanınır”.

H.Babaoğlu qeyd edib ki, bunu təmin edən strateji faktor milli maraqlara əsaslanan çoxvektorlu və müstəqil siyasətin həyata keçirilməsidir:

“Prezident İlham Əliyevin rəhbərliyi ilə reallaşdırılan praqmatik xarici siyasət, o cümlədən müstəqil enerji strategiyası ölkəmizin dünya siyasətində mövqeyinin güclənməsini, regional və qlobal təhlükəsizliyə mühüm töhfələr verməsini təmin edib, eyni zamanda, respublikamızın çoxşaxəli əlaqələrinin genişlənməsini şərtləndirib. Ümumiyyətlə, yaşadığımız mürəkkəb geostrateji regionda milli maraqlara söykənən müstəqil siyasət həyata keçirmək heç də asan məsələ deyil. Çünki müstəqil siyasət həyata keçirmək və dövlətçilik maraqlarını daim öndə tutmaq, ilk növbədə, güclü iqtisadiyyatla əlaqəli olur. Azərbaycan isə iqtisadi müstəqilliyini təmin edə bilib və ölkəmizin liderliyi, təşəbbüsü ilə reallaşdırılan neft-qaz layihələri bu prosesdə vacib rola malikdir. Təbii ki, Azərbaycanın beynəlxalq mövqeyinin möhkəmlənməsi, iqtisadi və hərbi qüdrətinin artması ölkəmizin ərazi bütövlüyünün təmin olunması baxımından da mühüm əhəmiyyətə malik olan strateji əhəmiyyətli faktordur. Hər şeydən əvvəl, öz gücünə və nüfuzuna arxalanan Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin ölkəmizin ərazi bütövlüyü çərçivəsində həlli məsələsində prinsipal mövqe nümayiş etdirir, qətiyyətli mövqeyindən bir addım da geri çəkilmir və çəkilməyəcək. Amma bununla yanaşı, Prezident İlham Əliyevin qeyd etdiyi kimi, ölkəmiz imitasiya naminə danışıqlarda iştirak etməyəcək və Ermənistanın özünə görə hiyləgər siyasətinə qoşulmaq niyyətində deyil. Sirr deyil ki, Ermənistanın rəhbərliyi müxtəlif manipulyasiyalar, cəfəng bəyanatlarla danışıqlar prosesini pozub. Və bu gün də hərbi-siyasi xarakterli təxribatlarını davam etdirir. Aciz və çıxılmaz vəziyyətdə olan Paşinyan hakimiyyəti gah danışıqların formatının dəyişdirilməsi ilə əlaqədar absurd iddialar səsləndirir, gah da işğal edilmiş ərazilərimizdə qanunsuz məskunlaşdırmaya start verir, beləliklə də, dünya ictimaiyyətinin gözü qarşısında beynəlxalq hüquq normalarını pozmağa davam edir”.

Deputat bildirib ki, heç şübhəsiz, Ermənistanın bu təxribatlarının bir neçə səbəbi var:

“Birincisi, sülh danışıqlarını pozmaq, beləliklə də, Azərbaycanı qondarma iddialarla ittiham etmək, nəticə etibarilə, status-kvonu dəyişməz saxlamağa nail olmaq. Digər tərəfdən, hərbi müstəvidə Azərbaycan Ordusunun qüdrəti qarşısında iflasa və uğursuzluğa düçar olmuş Paşinyan hakimiyyəti revanş əldə etmək niyyəti güdür. Təbii ki, Azərbaycan heç vaxt danışıqlar formatının dəyişməsinə razı olmayacaq və cəfəng, əsassız, qondarma iddialardan ibarət olan şərtləri qəbul etməyəcək. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, Azərbaycanın bir şərti var, bu da onların bizim torpaqlarımızdan qeyd-şərtsiz və tam çıxmalarıdır. Əlbəttə, Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin sülh danışıqları vasitəsilə həllinin tərəfdarı olsa da, işğalçı ölkənin status-kvonu saxlamaq üçün təxribat xarakterli hərəkətlərinə dözmək niyyətində deyil. Ölkəmiz hərbi vasitələrə də öz ərazi bütövlüyünü təmin etmək hüququna və qüdrətinə malikdir. Başqa sözlə, dövlət başçısının bildirdiyi kimi, əgər Ermənistan beynəlxalq hüququ yerə vurursa, Azərbaycan niyə beynəlxalq hüququ gözləməlidir?! Beynəlxalq təşkilatlar, o cümlədən ATƏT-in Minsk Qrupu tərəfindən təcavüzkar Ermənistana qarşı yetərli təsir və təzyiq göstərilməyəcəksə, işğalçı Ermənistan ölkəmizin 20 faiz ərazisini işğal altında saxlamağa davam edəcəksə, o zaman Azərbaycan BMT-nin Nizamnaməsənin 51-ci maddəsində də əksini tapmış hüquq çərçivəsində öz ərazi bütövlüyü təmin edəcək”.


Müəllif: Səxavət Həmid

Oxşar xəbərlər