Prezident İlham Əliyev sentyabrın 24-də BMT Baş Assambleyasının 75-ci sessiyasının ümumi debatlarında videoformatda çıxış edib. Cənab prezident öz çıxışında bir çox vacib məsələləri səsləndirib. O cümlədən son 17 ildə Azərbaycanın keçdiyi iqtisadi inkişaf yoluna ekskursiya edib.
Bunu Teleqraf.com-a açıqlamasında Milli Məclisin Aqrar siyasət komitəsinin üzvü Azər Badamov bildirib.
Deputat qeyd edib ki, son 17 ildə dünyada iqtisadi böhranlar baş verib, bir çox ölkələrin iqtisadiyyatları kiçilib, əhalinin sosial rifahı aşağı düşüb:
“Ancaq xaricdən gələn güclü təsirlər fonunda bu 17 il ölkəmiz üçün tərəqqi və intibah illəri olub. Bu dövrdə Azərbaycanda ümumi daxili məhsul 3 dəfə artıb, ölkə iqtisadiyyatına yüz milyardlarla dollar investisiya yatırılıb. Ölkəmizin valyuta ehtiyatları artıb, yoxsulluq 49 faizdən 5 faizə enib. 3700-dən artıq məktəb, 700-dən artıq səhiyyə müəssisəsi yenidən tikilib və ya əsaslı təmir edilib, ölkəmizin yol infrastrukturu yenilənib.
Cənab prezidentin qeyd etdiyi kimi Azərbaycan BMT-nin “2020-ci il üzrə Dayanıqlı İnkişaf Hesabatı”nda yer almış “Dayanıqlı İnkişaf Hədəfləri İndeksi”nə görə, 166 ölkə arasında 54-cü yerdədir. “Dayanıqlı İnkişaf Məqsədləri”nin icrasında böyük tərəqqi əldə etmiş Azərbaycan qısa vaxt ərzində BMT-yə iki dəfə könüllü milli hesabat təqdim etməklə ölkəmizin dünya üçün açıq ölkə olduğunu nümayiş etdirdi”.
Azər Badamov bildirib ki, Davos İqtisadi Forumunun 2019-cu il üçün dərc etdiyi “Qlobal Rəqabətlilik İndeksi”nə görə Azərbaycan dəmir yolu xidmətlərinin səmərəliliyi baxımından 141 ölkə arasında 11-ci yerdədir:
“Azərbaycan dünyada çox az ölkələrdəndir ki, savadlılıq səviyyəsi 100 faizə yaxındır. Əhalimizin 80 faizi internet istifadəçisidir. Azərbaycanın təşəbbüsü ilə inşa olunan və ya ölkəmizin ərazisindən keçən Şərq-Qərb, Şimal-Cənub və Şimal-Qərb nəqliyyat dəhlizləri kimi regional bağlantı layihələri, Bakı Dəniz Ticarət Limanı, Bakı-Tbilisi-Qars dəmir yolu və 3 kosmik peykə malik olmağımız ölkəmizin dünyadakı rolunu və əhəmiyyətini artırıb.
Azərbaycan beynəlxalq səviyyədə ekoloji tarazlığın qorunmasına da töhfə verir. Bugünkü Azərbaycanın iqtisadi mənzərəsi və dünyadakı rolunun ölkə başçımız tərəfindən BMT tribunasından dünyaya bəyan edilməsi dünya ölkələrinin, o cümlədən xarici investorların Azərbaycana marağını artıracaq”.