26 Sentyabr 2020 18:59
651
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sentyabrın 26-da Xarici İşlər naziri Ceyhun Bayramov Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaar ilə görüşüb.

Bu barədə Teleqraf.com-a Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən məlumat verilib.

Tərəflər Azərbaycan və Avropa İttifaqı arasında mövcud olan faydalı əməkdaşlıq münasibətlərinə dair fikir mübadiləsi aparıblar. Bu münasibətlərin daha da inkişaf etdirilməsində qarşılıqlı maraq olduğu vurğulanıb.

Nazir Ceyhun Bayramov yalnız Azərbaycan deyil, eləcə də bölgənin təhlükəsizliyi üçün ciddi təhdid olan Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin ağır nəticələri barədə qarşı tərəfə məlumat verib. Bölgədə müşahidə olunan gərginlikdən danışan nazir Ermənistan tərəfinin son zamanlar həyata keçirdiyi silsilə təxribat xarakterli əməlləri, o cümlədən iyulun 12-16-da Azərbaycan-Ermənistan sərhədinin Tovuz rayonu istiqamətində Ermənistan silahlı qüvvələrinin əvvəlcədən planlaşdırılan hücum cəhdi, avqustun 23-də Goranboy rayonu istiqamətində Ermənistanın diversiya-kəşfiyyat qrupunun təxribatı, Livan ermənilərinin Azərbaycanın işğal edilmiş ərazilərində yerləşdirilməsi və digər təhrikçi fəaliyyəti haqqında danışıb. Ermənistan rəhbərliyinin bu addımlarının münaqişənin danışıqlar yolu ilə həlli prosesinə zərbə vurduğu qeyd olunub. Beynəlxalq ictimaiyyətin bu məsələdə qətiyyətli mövqe nümayiş etdirməsinin və işğalçı Ermənistana birmənalı ismarışlar göndərməsinin vacibliyi vurğulanıb.

Xüsusi nümayəndə Toivo Klaar münaqişənin sülh yolu ilə həlli üçün hər hansı qeyd-şərt irəli sürülmədən substantiv danışıqların aparılmasının vacibliyini qeyd edib. O, həmçinin Aİ-nin bundan öncə olduğu kimi tərəflər arasında etimadın yaradılması tədbirlərini həyata keçirməyə hazır olduğunu bildirib.

Nazir Ceyhun Bayramov bunun üçün müvafiq məqamın yetişməsinin önəmli olduğunu vurğulayaraq, ilk növbədə, Azərbaycan ərazilərinin işğalının nəticələrinin aradan qaldırılmasının zəruriliyini qeyd edib.

Tərəflər, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar.


Müəllif: Teleqraf.com