Cari ilin 27 sentyabr tarixində Ermənistan silahlı qüvvələrinin artilleriya atəşi nəticəsində Azərbaycanın Naftalan rayonunun Qaşaltı kəndinin sakini 1951-ci il təvəllüdlü Qurbanov Elbrus və onun dörd ailə üzvü, 1956-cı il təvəllüdlü Qurbanova Şəfayət, 2006-cı il təvəllüdlü Qurbanova Fidan, 2007-ci il təvəllüdlü Qurbanov Şəhriyar və 1981-ci il təvəllüdlü Əmirova Afaq həlak olublar.
Xarici İşlər Nazirliyinin Mətbuat Xidməti İdarəsindən Teleqraf.com-a verilən məlumatda bildirilir ki, Ermənistan tərəfi Azərbaycanın mülki əhalisini və infrastrukturunu məqsədyönlü şəkildə hədəfə almaqla beynəlxalq hüququn norma və prinsiplərini, xüsusilə də beynəlxalq humanitar hüquq və 1949-cu il Cenevrə Konvensiyalarını kobudcasına pozur:
"Ermənistan tərəfinin bu vəhşilik aktını qətiyyətlə qınayır, mülki şəxslərin atəşə tutulması və bu yolla dinc əhalinin qorxu içində saxlanılması cəhdinə son verməyi tələb edirik.
Beynəlxalq ictimaiyyət tərəfindən işğalçı ölkənin Azərbaycanın mülki əhalisini hədəfə alan müharibə cinayətləri əməllərinə son verməsini Ermənistandan tələb edilməsi zəruridir.
Ermənistan silahlı qüvvələrinin təcavüz aktı nəticəsində həyatını itirmiş mülki şəxslərimizin yaxınlarına dərin hüznlə başsağlığı veririk".