1 Oktyabr 2020 21:00
3 822
12 Punto 14 Punto 16 Punto 18 Punto

Müharibə ilə hakimiyyətə gələnlər, müharibə ilə iqtidarı itirənlər, yenə müharibə ilə taxta çıxmaq istəyirlər.

Cəbhədə Azərbaycan Ordusunun ağır zərbələri ilə üzləşən Ermənistanda başlanan siyasi qüvvələrin qarşıdurmasını bu cür təsvir etmək mümkündür.

1990-cı illərdə Azərbaycan torpaqlarının işğal edilməsi ilə nəticələnən müharibə Ermənistanda “Qarabağ klanı” kimi tanınan səhra komandirlərinin hakimiyyətə təsir imkanlarını genişləndirdi. 1998-ci ildə münaqişənin həllinə razılaşan Levon Ter-Petrosyan hakimiyyətdən uzaqlaşdırıldı, taxta səhra komandirləri çıxdılar. Robert Koçaryanın 10 illik xuntasının ardınca Sarkisyan rejimi gəldi.

2016-cı ilin “aprel müharibəsi”ndə Azərbaycan Ordusunun uğurlu əməliyyatı səhra komandirlərinin taxtdan enməsi ilə nəticələndi. Hərbi xuntadan xilas olmaq ümidi ilə ermənilər taxta çıxan Nikol Paşinyanı “xilaskar” kimi qarşıladı, amma az sonra onun “ağılsız diktator”dan başqa bir şey olmadığını anladılar. Tezliklə “ağılsız diktator” ölkəni daha da pis vəziyyətə saldı və vəziyyətdən çıxmaq, hakimiyyətini qorumaq üçün müharibəni başlatdı.

Azərbaycan Ordusunun əks-hücumları nəticəsində Ermənistan ağır itkilər verərək, geri çəkildi. Hazırda işğal olunmuş ərazilərin azad edilməsi istiqamətində əməliyyatlar davam edir. Bütün bunların fonunda keçmiş xunta rejiminin vəziyyətdən istifadə edərək, “ağılsız diktatoru” hakimiyyətdən endirmək üçün hərəkətə keçdiyi görünür.

Robert Koçaryanın Qarabağa gəlişi və separatçı rejimin əvvəlki “rəhbərləri” Arkadi Qukasyan və Bako Saakyanla görüşü də bu prosesin başlanğıcı hesab oluna bilər.

Hakimiyyət qarşıdurmasında üç tərəf var:

- Nikol Paşinyan və komandası bir cəbhə;

- Robert Koçaryanın rəhbərliyi altına “Qarabağ klanı” ikinci cəbhə;

- Keçmiş prezident Serj Sarkisyan üçüncü cəbhə;

Bu üç cəbhə öz içində də parçalanıb. Serj Sarkisyan “Qarabağ klanı”ndan ayrı hərəkət edir, Robert Koçaryan isə Arkadi Qukasyan və Bako Saakyanla birlikdə.

Ən maraqlı detal Nikol Paşinyanın “öz adamı” hesab etdiyi separatçı “dqr” “rəhbəri” Araik Arutunyanın da öz oyununun olmasıdır.

Ermənistan mediası yazır ki, Arutunyan separatçı rejimin keçmiş “müdafiə naziri” Levon Mnatsakanyan, “təhlükəsizlik şurasının keçmiş rəhbəri” Vitali Balasanyan, istefada olan “general” Arşavir Qaramyan, həmçinin, Ermənistanın keçmiş müdafiə naziri Seyran Ohanyanla görüş keçirib. İlk baxışdan belə görünür ki, Arutunyan “keçmiş genreralları” müharibədə birləşdirir və bu, Nikol Paşinyanın da istəyinə uyğundur. Lakin görüşdə iştirak edənlərin Paşinyan hakimiyyətinə münasibəti diqqət çəkir.

Vitali Balasanyan Nikolu ən çox tənqid edən, hətta əraziləri Azərbaycana qaytarmaqda ittiham edən şəxsdir, o, ən çox Ermənistanın milli təhlükəsizlik xidmətinin keçmiş rəhbəri, “Vətən” Partiyasının rəhbəri Artur Vanetsyana yaxındır;

Levon Mnatsakanyan Paşinyanı qəbul etmir, “Qarabağ klanı”nın əsas üzvlərindəndir;

Seyran Ohanyan Ermənistan hakimiyyətinə qarşıdır və ayrıca siyasi fiqur kimi çıxış etməyə çalışır;

Görüşdə Nikol Paşinyanın komandasından heç kimin iştirak etməməsi də separatçı rejimin “rəhbəri”nin öz oyununu oynadığını deməyə əsas verir.

Maraqlıdır ki, keçmiş prezident Robert Koçaryan separatçı rejimin “keçmiş rəhbərləri” ilə yanaşı Levon Mnatsakanyan, Vitali Balasanyan və Qaramyanla da görüşüb.

Bunun fonunda Ermənistanın keçmiş baş naziri Ovik Abramyan, keçmiş polis rəisi Vladimir Qasparyan, keçmiş vitse-prezident Armen Gevorkyan, keçmiş baş Qərargah rəisi Yuri Xaçaturov, Milli Təhlükəsizlik Xidmətinin keçmiş rəhbəri Artur Vanetsyanın Qarabağa gəlməsi də xüsusi diqqət çəkir.

Proseslərin inkişafı deməyə əsas verir ki, Ermənistanın bütün eksləri Qarabağa məhz İrəvanda hakimiyyəti yenidən götürmək üçün gəliblər. Onların hərbi əməliyyatların yaratdığı gərginlikdən istifadə edəcəkləri aydındır. Separatçı rejimin “rəhbəri” Araik Arutunyan da özünü xilas etmək üçün Paşinyanla keçmiş klanın arasında var-gəl etməkdədir.

Keçmiş prezident Serj Sarkisyan isə ayrı hərəkət edir və xarici dəstək axtarışındadır. Sarkisyanın dünən axşam Rusiyanın Ermənistandakı səfiri Sergey Kopirkinlə görüşü bu kontekstdə təsadüfi deyil.

“Çiçəklənən Ermənistan”, “İşıqlı Ermənistan”, “Daşnaksütyun” və Vətən partiyalarının birləşmək istiqamətindəki addımları da Nikolu çətin vəziyyətə salıb. Ermənistan müxalifəti döyüşlərin başlanmasından öncə 8 oktyabr tarixində böyük mitinq təyin etmişdi. Azərbaycan Ordusunun uğurlu əməliyyatlarının Ermənistanda yaratdığı hərbi-siyasi kataklizm müxalifətə mitinqöncəsi sərf edir.

Göründüyü kimi, Ermənistanda daxili siyasi çaxnaşmalar güclənir. Ordumuzun vurduğu zərbələr bu çaxnaşmaları daha da şiddətləndirəcək və yaxın dövrdə toqquşmaların İrəvan küçələrinə keçməsi qaçılmaz olacaq...

Asif Nərimanlı


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər