“Amnesty International” təşkilatı hər zaman Azərbaycana qarşı qərəzli mövqedən çıxış edib. Bu qondarma təşkilat heç bir halda ölkəmizlə bağlı birmənalı mövqe sərgiləməyib. Müstəqilliyimiz tarixində bu təşkilat tərəfindən Azərbaycana qarşı hər zaman kin nümayiş olunub. Qeyri-prinsipial yanaşmalar sərgiləyən bu təşkilatın ikili standartlardan çıxış etdiyi, ermənipərəst olduğu aydın görünür.
Bu fikirləri Teleqraf.com-a açıqlamasında Milli Məclisin deputatı Cavid Osmanov bildirib.
O qeyd edib ki, “Amnesty International” hər zaman siyasi motivli bəyanatlar verir, hesabatlar hazırlayır.
Millət vəkilinin sözlərinə görə, Silahlı Qüvvələrimiz ərazi bütövlüyümüzün bərpası uğrunda vətən müharibəsi aparır: “Bu müharibə isə bütün beynəlxalq təşkilatlar tərəfindən tanınan və qəbul edilən ərazi bütövlüyümüz daxilində baş verir. İşğalçı Ermənistandan fərqli olaraq Azərbaycan Ordusu heç vaxt düşmənin mülki obyektlərini və insanları hədəf almır. Ordumuz ancaq düşmənin hərbi müdafiə məntəqələrinə zərbə endirir”.
Cavid Osmanov qeyd edib ki, “Amnesty International” təşkilatı işğalçı Ermənistanın Azərbaycanın mülki hədəflərinə atdığı raketləri nədənsə görməzdən gəlir: “Ölkəmizin ikinci böyük şəhəri olan Gəncə şəhərinə atılan qadağan edilmiş bombalar və bunun yaradacağı acı nəticələr bu cür təşkilatlar üçün sözsüz ki, maraqlı deyil”.
Deputat vurğulayıb ki, bu cür təşkilatlar müəyyən dairələrin maliyyə dəstəyi ilə hər zaman Azərbaycana qarşı qərəzli mövqe sərgiləyir: “Birbaşa erməni lobbisinin dəstəyi ilə öz hesabatlarını hazırlayan bu təşkilatın qərəzli və ikiüzlü yanaşması Azərbaycan ictimaiyyəti tərəfindən rədd edilir”.