7 Oktyabr 2020 08:41
1 234
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mənim “Amnesty International”a bir neçə sualım var. Bir milyona yaxın azərbaycanlı qaçqın və məcburi köçkünün öz doğma yurd-yuvalarından didərgin düşüb Azərbaycanın digər yerlərinə pənah gətirməsi, onların təməl insan hüquqlarının pozulması məsələsi bir dəfə bu təşkilat tərəfindən qaldırılıb? İkincisi, “Amnesty International” BMT Təhlükəsizlik Şurasının Ermənistan qoşunlarının işğal edilmiş Azərbaycan ərazilərindən geri çəkilməsini tələb edən dörd qətnaməsini icra etmir. Bununla da faktiki olaraq BMT-ni saya salmır, onun qərarlarına tabe olmur. “Amnesty International” bir dəfə də olsun bununla bağlı Ermənistana çağırış edib?

Bunu Teleqraf.com-a açıqlamasında hüquq müdafiəçisi Novella Cəfəroğlu bildirib.

“Amnesty International” təşkilatının Ermənistanın Azərbaycana qarşı sentyabrın 27-də törətdiyi hərbi təcavüzlə əlaqədar tamamilə həqiqətdən uzaq açıqlaması ilə bağlı danışan hüquq müdafiəçisi deyib ki, bu təşkilat indiyədək bir dəfə də olsun Azərbaycana edilən təcavüzü, erməni terrorçularının Azərbaycan ərazisində törətdikləri terror aktları ilə bağlı məsələ qaldırmayıb:

“Bu təşkilat bir dəfə də olsun insan hüquqlarının pozulması məsələsini gündəmə gətirməyib. Məgər bu insanlar insan deyil? Ermənilər Gəncə, Mingəçevir, Ağcabədi, Tərtər və digər şəhər və rayonlarda əhalinin sıx yaşadığı yerlərə raket və artilleriya zərbələri endirirlər. Mülki insanlar həlak olur, yaralanır. Onların əmlakına külli miqdarda ziyan dəyir. Hətta Gəncədə yaşayan erməni əsilli bir qadın bu zərbələr nəticəsində yaralanıb. “Amnesty International” mülki insanların öldürülməsi məsələsini qaldırıb? Ermənistan monoetnik respublikadır. Azərbaycanlılar oradan zorla qovulub. Ancaq orada elə bir mühit mövcuddur ki, digər bütün xalqlar könüllü olaraq oranı tərk edib. Bu gün nəinki “Amnesty International”, digər beynəlxalq təşkilatların da heç biri Azərbaycana bir söz deyə bilməz. Azərbaycan BMT Nizamnaməsinin 51-ci maddəsinə uyğun hərəkət edir. Azərbaycan öz haqlı davasını aparır”.

Novella Cəfəroğlu qeyd edib ki, Azərbaycan mülki insanların ölümünü istəmədiyini birmənalı şəkildə bəyan edib:

“Ona görə də biz yavaş-yavaş hərəkət edirik. Dövlət başçımız da mülki insanlarla işimizin olmadığını, Dağlıq Qarabağda yaşayan ermənilərin Azərbaycan vətəndaşları olduğunu birmənalı şəkildə bəyan edib. Bizim istəyimiz öz torpaqlarımızın bizə qaytarılmasıdır. Biz müharibəni öz torpaqlarımızda aparırıq. Ermənistan ərazisinə girmirik. Biz Ermənistana girmək istəsək, Naxçıvandan raket və artilleriya zərbələri ilə İrəvanı yerlə-yeksan edərik. “Amnesty International” gərək bütün bu məqamları nəzərə alsın”.

Hüquq müdafiəçisi Azərbaycanın kasetli sursatlardan istifadəsinə dair təşkilatın iddiasının da ağ yalan olduğunu vuğrulayıb. Qeyd edib ki, “Kasetli hərbi sursatlar haqqında” Konvensiyaya ilk növbədə Ermənistan özü qoşulmalıdır:

“Ermənistan bu Konvensiyaya qoşulmadığı üçün kasetli sursatlardan Azərbaycanın mülki əhalisinə qarşı gen-bol istifadə edir. Bizim ordumuz isə kasetli sursatlardan istifadə etmir”.


Müəllif: Səxavət Həmid

Oxşar xəbərlər