Ermənistan tərəfindən Gəncənin növbəti dəfə terror aktına məruz qalması və mülki əhalinin həlak olması dözülməzdir. Bu, BMT Təhlükəsizlik Şurasının müdaxilə edəcəyi bir məsələdir. Artıq heç bir sübuta ehtiyacı olmayan bir terror aktı baş verib. Ona görə də BMT TŞ-sı tarix qarşısında öz funksiyasını yerinə yetirməlidir. Bu əmri verən Ermənistanın Baş naziri Nikol Paşinyanın və Müdafiə naziri David Tonayanın hərbi cani elan edilərək, cəzalandırılması ilə bağlı prosedurları işə salmalıdır.
Bu fikirləri Teleqraf.com-a açıqlamasında Azərbaycanın ATƏT PA-da Nümayəndə Heyətinin rəhbəri, ATƏT PA-nın vitse-prezidenti, millət vəkili Azay Quliyev deyib.
Millət vəkili bildirib ki, Ermənistan terrorçuluq və barbarlıq edir:
"Düşmən Beynəlxalq konvensiyaları pozaraq Gəncəni bombalayır. Mülki əhalini qətlə yetirir. “SCAD” tipli raketlərdən istifadə edir. Dünyada təhlükəsizliyə və sülhə cavabdeh olan təşkilatlar bu cinayətə adekvat cavab verməlidirlər. Caniləri cəzalandırmaq üçün addımlar atılmasa, tarix bu cinayəti onlara bağışlamayacaq. Çünki bundan o tərəfə yol yoxdur. Artıq Ermənistan bütün qırmızı xətləri keçib”.
Azay Quliyev onu da əlavə edib ki, Ermənistan əvvəlki çirkin, məkirli siyasətini həyata keçirmək istəyir və müharibəni genişləndirməyə çalışır:
“Onun məqsədi digər ölkələri bu müharibəyə cəlb etməkdir. Beləliklə də Qarabağda uduzduğu mövqeləri başqalarının qanı hesabına, qorumağa çalışır. Ancaq bu axmaq siyasət baş tutmayacaq. Törədilmiş olan bu cinayət mütləq şəkildə öz cavabını alacaq”.
Deputat deyib ki, Azərbaycan ictimaiyyəti, vətəndaş inistitutları, qeyri-hökümət sektorları adından BMT TŞ-na müraciət ünvanlanıb:
“Çünki bu gün əsas qurum BMT Təhlükəsizlik Şurasıdır. Təhükəsizlik Şurasının mandatı var ki, işğalçını dayandırsın və ona qarşı sanksiya, hərbi güc, cəza metodları tətbiq etsin. Eyni zamanda Paşinyanı, Tonoyanı və onların əmrini icra edən digər hərbçiləri məhkəmə qarşısında cəzalandırsın”.