20 Oktyabr 2020 13:27
736
12 Punto 14 Punto 16 Punto 18 Punto

Oktyabrın 19-da Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova İsveçrə Konfederasiyasının Azərbaycan Respublikasındakı səfiri Muriel Peneveyre və səfir müavini, Cənubi Qafqaz üzrə İsveçrə əməkdaşlıq ofisinin direktor müavini cənab Alberto Hernandez ilə görüşüb.

Dövlət Komitəsindən Teleqraf.com-a verilən məlumata görə, Bahar Muradova Azərbaycan-İsveçrə əlaqələrinin yüksələn xətlə inkişaf etdiyini və ölkələr arasında əlaqələrin qurulduğu vaxtdan keçən müddət ərzində həm siyasi, həm iqtisadi, həm də humanitar sahələrdə diplomatik əlaqələrin daha da intensivləşdiyini qeyd edib. O, hər iki ölkənin prezidentləri, parlamentləri, o cümlədən cəmiyyətləri səviyyəsində ikitərəfli formatda qarşılıqlı əməkdaşlığa əsaslanan münasibətlərin olduğunu bildirib. B.Muradova bu illər ərzində ikitərəfli münasibətlərin gücləndirilməsinə töhfə verən İsveçrə-Azərbaycan parlamentlərarası dostluq qrupunun yaradılması münasibətilə Bern şəhərində keçirilən təqdimatda iştirak etdiyini və işçi qrupunun rəhbəri olmasından məmnunluğunu ifadə edib.

Ermənistan silahlı qüvvələrinin Gəncədə törətdiyi terror aktlarını diqqətə çatdıran komitə sədri İsveçrə Konfederasiyasının Azərbaycandakı səfiri Muriel Peneveyrenin diplomatik korpusun tərkibində təmsil olunaraq raket hücumundan sonra baş verən ərazidə olması və İsveçrənin belə bir təcavüzə biganə qalmadığına dair müsahibə verməsinin önəmini qeyd edib. O, terror nəticəsində mülki əhalinin çəkdiyi zərərlərə İsveçrə tərəfindən münasibətin ifadə edilməsini yüksək qiymətləndirərək bu illər ərzində ikitərəfli əməkdaşlıq çərçivəsində görülən işlərin əhəmiyyətli olduğunu vurğulayıb. B.Muradova bildirib ki, bütün dünya ictimaiyyəti bilir ki, haqlı və ədalətli mövqe Azərbaycan tərəfindədir və Azərbaycan haqq işini aparır: “Münaqişənin mövcud olduğu zamandan biz bütün səviyyələrdə həm ikitərəfli, həm də çoxtərəfli formatlarda Azərbaycana yönələn bu təcavüz aktına dünya ictimaiyyətindən ədalətli mövqe bildirilməsini istəmişik. Təəssüflər olsun ki, bu 30 ilin yekununda nəinki ümumilikdə ədalətli mövqe əldə etmək mümkün olmadı, hətta təcavüz indiki dövr üçün yeni bir formatda meydana çıxdı”. O, İsveçrənin tərəflər arasında sülh danışıqları prosesinə verdiyi töhfələri xatırladaraq bildirib ki, İsveçrə hökuməti dünya miqyasındakı mövqeyindən, eləcə də beynəlxalq hüquqa olan münasibətindən qaynaqlanaraq müvafiq addımlar atır. Son hadisələrdə də İsveçrə tərəfinin növbəti dəfə danışığa imkan yaratması faktoruna baxmayaraq, təəssüf ki, Ermənistan tərəfi bu prosesdə iştirak etmədi.

Daha sonra komitə sədri İsveçrə Konfederasiyasının müvafiq qurumlarının dəstəyi ilə Azərbaycanda reallaşan layihələri diqqətə çatdıraraq, BMT-nin, Avstriya İnkişaf Agentliyinin təşkilatçılığı və İsveçrənin maliyyə dəstəyi ilə “Qadınların iqtisadi fəallığının artırılması” layihəsini xüsusilə qeyd edib. Bildirib ki, bu layihə Azərbaycanda qadınların iqtisadi imkanlarının artırılması prosesinə olan müsbət münasibətin nümunəsidir. B.Muradova həyata keçirilən layihə çərçivəsində regionlarda və Bakıda Qadın Resurs Mərkəzlərinin yaradılmasında İsveçrənin iştirakını vurğulayıb. O, bu mərkəzlərdə hazırda yüzlərlə qadının iqtisadi bacarıqlarını artırmaq imkanı əldə etdiyini, eyni zamanda, gender bərabərliyinin təmin edilməsi, gender yanaşmalarının mahiyyəti üzrə formalaşması istiqamətində ciddi nəticələrin ortaya qoyulduğunu qeyd edib. Komitə sədri bu layihələrin davamlı olması üçün yeni təşəbbüslərə və yeni mərkəzlərin yaradılaraq respublikanın bütün bölgələrində təmsil olunmasına ehtiyac olduğunu diqqətə çatdırıb. Xüsusən də işğaldan azad olunmuş torpaqlara əhalinin yenidən qayıtmasını nəzərə alaraq, həmin ərazilərdə bu layihələrin davam etdirilməsi və zərər çəkən ailələrlə müvafiq işin aparılmasının vacibliyini vurğulayıb.

Xanım səfir Muriel Peneveyre Gəncədə baş verən hadisələrlə bağlı məyusluğunu ifadə edib. O, sentyabrın 28-də İsveçrə tərəfinin münaqişəyə öz mövqeyini bildirdiyini, hazırkı vəziyyətlə bağlı həlak olan mülki əhaliyə görə narahatçılığını qeyd edərək, hər iki tərəfi gücdən istifadə etməməyə və beynəlxalq hüquqa riayət etməyə çağırıb. Səfir bildirib ki, beynəlxalq hüquq beynəlxalq humanitar hüququ özündə ehtiva edir və müharibədə mülki vətəndaşların ölümünə səbəb olmamağa çağırır. Qeyd edilib ki, İsveçrə konfliktin sülh yolu ilə həlli istiqamətində Minsk qrupu həmsədrlərinin cəhdlərini dəstəkləyir.

Səfir gender bərabərliyi və qadınların imkanlarının genişləndirilməsi istiqamətində komitə ilə olan əməkdaşlığı yüksək qiymətləndirib. “Qadınların iqtisadi fəallığının artırılması” layihəsindən söz açan səfir bildirib ki, bu, mühüm əhəmiyyət kəsb edən ciddi layihədir. Çünki layihə xüsusilə sosial imkanlardan məhrum qadınların iqtisadi cəhətdən gücləndirilməsini hədəf götürür. O, COVID-19 pandemiyasının yaratdığı çətinlikləri diqqətə çatdıraraq bildirib ki, belə bir vəziyyətin mövcudluğuna baxmayaraq, Qadın Resurs Mərkəzləri qadınları bu gün də dəstəkləməkdə davam edir. M.Peneveyre layihə çərçivəsində həm Xəzər və Qusar rayonunda mərkəzlərin yaradıldığını, həm də digər regionlarda mövcud olan qadın resurs mərkəzləri ilə əməkdaşlığın davam etdiyini diqqətə çatdırıb. O, layihənin əsas tərəfdaşı kimi komitənin rolunu xüsusi qeyd edərək, prosesin davamlılığına verdiyi dəstəyi vurğulayıb.

İsveçrə Konfederasiyasının Azərbaycan Respublikasındakı səfir müavini, Cənubi Qafqaz üzrə İsveçrə əməkdaşlıq ofisinin direktor müavini cənab Alberto Hernandez komitə ilə növbəti illərdə keçirilməsi nəzərdə tutulan layihələri diqqətə çatdıraraq, layihələrin qadınların iqtisadi imkanlarının genişləndirilməsi və bu sahədə bacarıqlarının inkişaf etdirilməsinə mühüm töhfə verdiyini vurğulayıb.

Görüş tərəflər arasında ikitərəfli münasibətlərin gücləndirilməsi və qarşılıqlı əməkdaşlıq çərçivəsində birgə layihələrin müzakirəsi ilə davam edib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər