“Azərbaycan xarici işlər nazirinin okeanın o tayında görüşləri davam edir. Dünən ABŞ Dövlət katibi Pompeo ilə görüşən Bayramov daha sonra ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə köməkçisi Robert Obrayn, erməni lobbisinin əsas adamı ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri Nensi Pelosi ilə danışıqlar aparıb. Eyni zamanda, səfər çərçivəsində Azərbaycan icmasının üzvləri ilə görüş keçirib. Görüşlərdə Azərbaycanın mövqeyi ABŞ rəsmilərinə çatdırılıb. Maraqlı məqam eyni görüş otağından çıxan Bayramovun Pompeo ilə görüşə gedən Mnatsakanyanla görüşməməsidir. Bu ondan xəbər verir ki, hələlik Nikol Paşinyan danışıqlara hazır deyil”.
Bu sözləri Teleqraf.com-a politoloq Zaur Məmmədov deyib.
O qeyd edib ki, Azərbaycan ordusunun işğal edilmiş rayonları azad etməsi Ermənistanı seçim qarşısında qoyub:
“Əgər İrəvanın son ümidi olan Kreml tərəfindən döyüşlərin dayandırılması baş tutmasa - Moskva isə susur - o zaman Nikol Paşinyan müharibədə uduzan tərəf kimi Azərbaycanın şərtləri daxilində dialoqa getməlidir. Hər halda Nikol Paşinyanın qarşısında bir-birinə bənzəyən iki seçim var. Ya təslim olaraq torpaqları qaytarmaq, ya da müharibəni davam etdirərək minlərlə erməni əsgərinin məhv olması qarşılığında torpaqların Azərbaycan tərəfindən azad olmasına razılaşmaq.
Çox güman kı, Ermənistan rəhbərliyi gələn həftə təslim olaraq danışaqlara gedəcək. Lakin, bu danışıqlar müharibədən əvvəlki danışıqlara bənzəməyəcək. Sülh danışıqlarının əsas mövzusu bütün erməni əsgərlərinin Qarabağdan çıxması, Azərbaycanın ərazi bütövlüyünün təmini olacaq”.