“Cenevrə görüşündə Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə nail olmağa çalışılacaq”.
Teleqraf.com xəbər verir ki, bunu politoloq Yeganə Hacıyeva deyib.
Ekspert ABŞ-ın vasitəçiliyi ilə əldə edilmiş humanitar atəşkəs rejiminin Ermənistan tərəfindən kobud şəkildə pozulduğunu bildirib:
“ABŞ Dövlət Departamenti və ATƏT-in Minsk qrupu həmsədrlərinin Vaşinqton görüşünün nəticəsi olaraq, yenidən humanitar atəşkəs elan edildi. Dünən həmsədrlərin qəbul etdiyi bəyanatın mətni oktyabrın 24-də Vaşinqtonda təklif olunan və ən əsası daha öncə qəbul edilmiş atəşkəs haqqında iki razılaşmanın şərtlərindən fərqlidir. Sözügedən iki razılaşma həmsədrlərin təklifi ilə birtərəfli qaydada və müddət göstərilmədən qəbul edilmişdi. Bu razılaşma isə Azərbaycanın qəti israrı və sərt mövqeyi ilə birtərəfli qaydada olmadı, razılaşmanın ancaq humanitar atəşkəslə məhdudlaşdırılmasının qarşısı alındı.
Bu razılaşma atəşkəs deyil, humanitar atəşkəsdir. Oktyabrın 29-da Cenevrədə həmsədrlər və xarici işlər nazirləri görüşəcəklər. Bu görüşdə razılaşdırılacaq qrafikə əsasən, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə nail olmağa çalışılacaq. Azərbaycan bu görüşdə təklif olunan atəşkəsin monitorinqi üzrə parametrləri mövzusunda münaqişənin tam həlli prosesini ehtiva edən təkliflərini hazırlayıb. Azərbaycan tərəfi bu prosesin danışıqlarla paralel getməsinə israr edir”.
Yeganə Hacıyeva bildirib ki, birinci təklif Ermənistan qoşunlarının Azərbaycanın işğal edilmiş ərazilərinin hamısından çıxarılması ilə bağlı konkret vaxt cədvəli müəyyən edilməsi ilə əlaqədardır:
“Bunun üçün bəyanatda öz əksini tapmış vaxt cədvəlinin təqdim edilməsi nəzərdə tutulur. Biz bilirdik ki, bu humanitar atəşkəs də Ermənistan tərəfindən pozulacaq və məhz görüşlərdə də Azərbaycan bu halda qətiyyətli cavab verəcəyini bildirib.
Bu gün səhər tezdən - saat 08:03-dən Tərtər və kəndləri, hazırda isə strateji beynəlxalq enerji və nəqliyyat xətlərinin keçdiyi Tovuz, Daşkəsən və Gədəbəy rayonları Ermənistan ərazisindən atəşə tutulur”.