Azərbaycan Ordusunun qısa müddətdə uğurlu əməliyyatı nəticəsində 30 ilə yaxındır işğalda qalan ərazilərimiz azad edildi. Ermənilərin özləri haqqında uydurmuş olduğu bütün miflər darmadağın oldu. Azərbaycan regionda aparıcı iqtisadi, siyasi gücə malik olduğunu hərbi sferada da nümayiş etdirdi.
Bu fikirləri Teleqraf.com-a açıqlamasında Milli Məclisin deputatı Cavid Osmanov bildirib.
Deputatın fikrincə, Ordumuzun peşəkarlığını, müasir hərb strategiyasına sahib olduğunu bütün dünya gördü.
Millət vəkili bildirib ki, dünya hərb tarixinə Azərbaycan silahlı qüvvələrinin timsalında yenilik gəldi: “Güclü Azərbaycan ordu quruculuğunun əsasında Prezident İlham Əliyevin məqsədyönlü siyasəti dayanır. Yerləşdiyimiz regionda ordu quruculuğuna diqqət daha zəruridir. Eyni zamanda torpaqlarının 20 faizi işğalda olan bir dövlətin Silahlı Qüvvələrə daha çox diqqət ayırması vacibdir”.
Cavid Osmanov qeyd edib ki, Qarabağ problemi ətrafında Azərbaycan dövlətinin apardığı uzun müddətli danışıqlar prosesi heç bir müsbət sonluğa gətirib çıxarmadı: “Çünki danışıqlarda iştirak edən düşmən tərəf obyektiv yanaşma nümayiş etdirmədi. Bu gün isə cəbhədə ağır məğlubiyyətə uğrayan erməni silahlıları və hərbi siyasi rəhbərliyi riyakarlıqla məşğul olmağa başlayıb. Ermənistan atəşkəs rejimini artıq üçüncü dəfə kobud şəkildə pozub. Azad edilmiş əraziləri yenidən işğal etməyə cəhd göstərir. İşğalçı dövlət prosesi qarşıdurmanın davamına doğru yönəldir”.
Millət vəkili vurğulayıb ki, münaqişənin həlli ilə bağlı hərbi-siyasi nizamlama yeganə mümkün yoldur: “İşğal altında olan bütün ərazilər azad olunmalıdır. Ermənistan ordusu geri çəkməli və zəbt etdiyi torpaqlardan çıxmalıdır. Bundan sonra siyasi nizamlama prosesinə keçmək olar”.