2 Noyabr 2020 00:28
765
12 Punto 14 Punto 16 Punto 18 Punto

Prezident seçkilərini müşahidə etmək məqsədilə Moldovada səfərdə olan Azərbaycan Respublikası Milli Məclisin Sədr müavini, MDB Parlamentlərarası Assambleyasının müşahidəçilər qrupunun rəhbəri Adil Əliyev nümayəndə heyəti ilə birlikdə Kişineu şəhərində azərbaycanlı iş adamları, diaspor fəalları və gənclərlə görüş keçirib.

Səfirlikdən Teleqraf.com-a bildiriblər ki, görüşdə Moldova Demokrat Partiyası fraksiyasının rəhbəri deputat Dumitru Diakov da iştirak edib.

Görüşdə A.Əliyev Azərbaycan həqiqətlərindən söhbət açaraq Ermənistanın təcavüzkar siyasəti, onların dinc əhaliyə qarşı raket hücumu nəticəsində günahsız insanlara və şəhərlərimizə dəyən zərərdən danışıb, Azərbaycan ordusunun uğurlu əks-hücumu nəticəsində düşmənə layiqli cavab verildiyini söyləyib və hərbi sahədə ordumuzun uğurları ilə yanaşı, diplomatiya sahəsində Müzəffər Ali Baş Komandanın münaqişə ilə bağlı qətiyyətli mövqe nümayiş etdirdiyini, xarici jurnalistlərin suallarını yüksək bacarıqla cavablandırdığını və bu çətin günlərdə müraciətlərlə çıxış edərək xalqının daim yanında olduğunu vurğulayıb. Eyni zamanda, ölkəmizin Birinci vitse-prezidenti Mehriban Əliyevanın şəhid ailələrinə baş çəkərək onları mütəmadi diqqətdə saxlaması və döyüşdə yaralanan əsgərlərimizə baş çəkərək onların vəziyyəti ilə maraqlanmasının hər bir insan üçün örnək olduğunu dilə gətirib. Nitqinin sonunda A.Əliyev Moldovada yaşayan azərbaycanlılara bu günlərdə həmişəkindən daha çox birliyə, vətənpərvərliyə ehtiyac olduğunu bildirib və toplaşdıqları üçün görüş iştirakçılarına təşəkkür edib, fəaliyyətlərində uğurlar arzulayıb.

Moldovalı deputat D.Diakov çıxış edərək hazırkı münaqişənin Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyünün bərpa edilməsi çərçivəsində həllini dəstəklədiyini bildirib. O, Azərbaycan Prezidentinin apardığı uğurlu siyasətin ölkəsinə qələbə bəxş etdiyini qeyd edib, bundan əlavə, Moldovada yaşayan azərbaycanlılardan ibarət diasporun fəallaşmasının müşahidə edildiyini diqqətə çatdırıb.

Görüşdə çıxış edən səfir Qüdsi Osmanov Moldovada yaşayan azərbaycanlıların fəaliyyətinin gücləndiyini və ölkəmizlə bağlı baş verən hadisələrdə birlik nümayiş etdirərək səfirlik tərəfindən təşkil edilən tədbirlərdə fəal iştirak etdiklərini bildirib.

Daha sonra azərbaycanlı iş adamı Firuz İsayev çıxışında nümayəndə heyətinin üzvlərinə görüşə görə təşəkkür edib, nəinki gənclərin, eləcə də bütün azərbaycanlıların Prezidentimizin, Müzəffər Ali Baş Komandanın ətrafında sıx birləşdiyini qeyd edib.

Sonda Moldova Azərbaycanlıları Konqresinin (MAK) sədri Elçin Bayramov çıxış edərək deputatlarımızdan ibarət nümayəndə heyətinə təşəkkürünü bildirib, MAK-da aparılan islahatlar nəticəsində azərbaycanlı diasporun gəncləşdirildiyi və fəallaşdırıldığını görüş iştirakçılarının diqqətinə çatdırıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər