Azərbaycan Ordusu torpaqlarımızın azad edilməsi üçün hər cür imkanlarla təmin edilib. Erməni silahlılarından Azərbaycan Ordusunun qat-qat güclü oduğunu beynəlxalq ekspertlər də vurğulayıb. Əgər Ermənistan qarşısında güclü Azərbaycan Ordusunun olduğu haqqında aydın təsəvvürlərə malik olsaydı, müharibəyə başlamazdı. Sadəcə Ermənistanı rahat saxlayan bəzi məqamlar vardı. İlk növbədə Paşinyan düşünürdü ki, həmişə olduğu kimi kənardan dəstək alacaq. Ayrıca olaraq Kollektiv Təhlükəsizlik Müqavilsəi Təşkilatının simasında Rusiya onları dəstəkləyəcək. 2019-cu ilin martında Ermənistanın siyasi hərbi rəhbərliyi açıq şəkildə yeni ərazilər üçün, yeni müharibə şüarını irəli sürdülər. Yəni Paşinyan düşünürdü ki, siyasi karyerasını etibarlı şəkildə təmin etmək üçün yeni ərazilər işğal etmək lazımdır.
Bu fikirləri Teleqraf.com-a açıqlamasında Milli Məclisin deputatı Elşad Mirbəşiroğlu bildirib.
Onun fikrincə, Paşinyan və onun komandası yararlı vasitə kimi bu addımı özlərinə məqbul hesab edirdilər.
Deputat qeyd edib ki, ona görə də, ermənilər dəfələrlə təxribatlar edir, dövlət sərhədində belə açıq pozuculuq və aqressiv davranışlar göstərirdilər: “Lakin hər şey Paşinyanın gözləntilərinin əksinə baş verdi. Şanlı Ordumuz sentyabrın 27-dən erməni təxribatlarına cavab olaraq əks-hücum əməliyyatlarına başladı. Qısa zaman kəsiyində torpaqlarımızın əhəmiyyətli hissəsi işğaldan azad edildi. Ermənistan rəhbərliyinin əvvəlcədən fiaskoya uğramış planları məhv oldu.
Paşinyan məğlubiyyət qarşısında dünya liderlərinə müraciət etsə də gözlədiyini ala bilmədi. Region dövlətlərindən olan Rusiya Paşinyanın çağırışlarına konkret mövqe ilə cavab verdi. Bildirildi ki, münaqişə Ermənistan ərazisində getmir və buna görə də, KTMT-nin prosesə qoşulması üçün heç bir hüquqi əsas yoxdur. Eyni zamanda KTMT-nin prosesə qoşulması üçün siyasi əsas da yoxdur. Çünki Paşinyan anti-Rusiya mövqeyini açıq şəkildə büruzə verirdi. O, Rusiyanın adamı olan Xaçaturovu həbs etdi. Bu, Rusiyaya qarşı açıq demarş idi. Kreml isə belə şeyləri heç vaxt unutmur və cavabsız da qoymur”.
Elşad Mirbəşiroğlu vurğulayıb ki, indi proseslərin Paşinyanı idarə etdiyinə heç bir şübhə yoxdur: “Paşinyan artıq Qarabağı itirdiyinin fəqrindədir. O, proses üzərindən yeni bir taktika düşünür. Qarabağın itirilməsinin səbəbkarı kimi Rusiya göstəriləcək. Ermənistanın Rusiya ilə hər hansı bir təşkilatda təmsil olunmasının əhəmiyyətsizliyini sübut etməyə çalışacaq. Bir növ Rusiya “günah keçisi kimi” təqdim edilərək Ermənistanın bir istiqamətli inteqrasiyası təmin ediləcək.
Hətta Paşinyan Rusiya prezidentinə son olaraq yazılı müraciət də etdi. Çünki indiyə kimi o, telefonla şifahi müraciətlər edirdi. Amma yazılı müraciət hardasa bir sənəd kimi qəbul olunur. Erməni ictimaiyyətinə təqdim oluna bilər ki, “baxın biz yazılı şəkildə də müraciət etdik”. Amma Rusiyanın Prezident Administrasiyası deyil, Xarici İşlər Nazirliyi məktuba cavab verdi. Bu da Rusiyanın Paşinyan hakimiyyətinə münasabətini ortaya qoydu.
Hesab edirəm ki, bundan sonra Paşinyan çalışacaq ki, Rusiya ilə bütün əlaqələri kəssin. Bu da sözsüz ki, erməni cəmiyyətinə və dövlətinə baha başa gələcək”.