Milli Məclisin Ailə, Qadın və Uşaq Məsələləri Komitəsinin sədri, professor Hicran Hüseynova Teleqraf.com-un suallarını cavablandırıb.
Onunla müsahibəni təqdim edirik:
- Hicran xanım, hazırda cəmiyyətimiz qələbə əhval ruhiyyəsindədir. Bu qələbəni şərtləndirən amilləri necə qiymətləndirirsiniz?
- Əvvəlcə qeyd etmək lazımdır ki, biz həmişə bu ümidlə yaşamışıq ki, bir gün öz doğma torpaqlarımıza qayıdacağıq. Bu ümid bizi yaşadıb, inkişaf etmək üçün bir stimul verib. Bu qələbəni şərtləndirən bir neçə amil var. Birincisi, iqtisadi inkişaf və bu sahədə aparılan islahatlar, həyata keçirilən regional və beynəlxalq layihələrdir. Tarixi missiyanı öz üzərinə götürərək ümummilli lider Heydər Əliyev Azərbaycanı bütün çətin sınaqlardan şərəflə çıxarıb. Təməli o illərdə qoyulmuş siyasət cənab Prezidentimiz İlham Əliyev tərəfindən daha da gücləndirilib. Ölkəmiz dünya miqyasında iqtisadi cəhətdən ən rəqabətqabiliyyətli ölkələr sırasında 35-ci yerdədir. “Əsrin müqaviləsi”nin daha da səmərəli şərtlərlə 2050-ci ilə qədər uzadılması, eləcə də enerji, neft-qaz sahəsində nəhəng, irimiqyaslı layihələrin rellaşması ölkəmizin strateji əhəmiyyətini daha da artırıb.
Azərbaycan nəinki öz xalqı, həm də qonşu ölkələr, bütövlükdə isə dünya üçün önəmli olan layihələr icra edir. Dövlətimiz bütün çətinliklərə baxmayaraq, öz inkişaf tempini qoruyub saxlamaqda davam edir. BMT-nin “Dayanıqlı inkişaf indeksi” ilə bağlı yeni hesabatda Azərbaycan keçən ilə nisbətən irəliləyərək 54-cü yerdə qərarlaşıb. Bu göstəriciyə görə Azərbaycan regionda liderdir.
Ölkə başçısı bütün hallarda, hətta dərin iqtisadi böhran dövründə də bütün gücünü iqtisadi inkişafa, sosial və infrastruktur layihələrinə, investisiya proyektlərinə, qeyri-neft sektorunun inkişafına yönəltdi. Həyata keçirilən düzgün iqtisadi strategiya nəticəsində "İqtisadi inkişafın Azərbaycan modeli" yarandı. İkincisi ordu quruculuğu məsələsidir. Azərbaycanın dinamik iqtisadi inkişafı ölkənin hərbi qüdrətinin daha da artmasına səbəb olub. Ordumuzun maddi-texniki təminatı gücləndirildi. Azərbaycan bir sıra ölkələrdən silah almaqla yanaşı, özü də silah istehsal edir. İxtisaslı hərbi kadrlar yetişdirilib.
Bu gün dünyanın bir çox tanınmış hərbi ekspertləri Ordumuzun əməliyyatlarını yüksək qiymətləndirir. Azərbaycan Ordusu MDB məkanında ikinci, dünyada isə 50 ən güclü ordu sırasındadır. Əlbəttə ki, digər mühüm şərt diplomatik müstəvidə uğur qazanmaqdır. Bununla bağlı qısa olaraq, qeyd etmək lazımdır ki, Azərbaycan son illər bu sahədə xeyli nailiyyət əldə edib və beynəlxalq nüfuzu artıb. İkitərəfli və çoxtərəfli münasibətləri daha da təkmilləşib. Ölkəmiz BMT-dən sonra ikinci ən böyük beynəlxalq quruma sədrlik edir, 5 mühüm layihə icra edir.
Üçüncüsü, milli birliyin yaranmasıdır. Bu gün hər kəs yaşından, cinsindən, milli, siyasi, dini mənsubiyyətindən asılı olmayaraq hər bir Azərbaycan vətəndaşı cənab Prezidentin ətrafinda sıx birləşib. Hətta ölkədən kənarda yaşayan həmvətənlərimiz, həqiqətin, ədalətin tərəfdarı olan digər ölkələrin tanınmış mütəxəssisləri, politoloqları, tarixçiləri, adi vətəndaşlar da bizi dəstəkləyir.
- Sentyabrın 27-nə qədər cəmiyyətdə müharibənin olacağı ilə bağlı heç bir gözlənti yox idi. Xalqızımın mübarizə əzmini, ümumi birliyimizi necə dəyərləndirirsiniz?
- Bir məsələni unutmaq olmaz ki, atəşkəs rejiminə baxmayaraq ötən 26 ildə Ermənistan silahlı qüvvələri tərəfindən dəfələrlə bu razılaşma pozulub, hər dəfə də mülki şəxslər yaralanıb və ya qətlə yetirilib, mülki, sosial və inzibati obyektlərə ziyan dəyib. Eyni zamanda, biz hərbi təxribatları da buraya əlavə etsək görərik ki, düşmən tərəf heç bir halda imza atdığı sənədə hörmətlə yanaşmır. 2016-ci ildən başlayaraq, hərbi təxribatların sayını artırmaqla Ermənistan provokasiyalar edib. Hər dəfə də layiq olduğu cavabı alıb. Xatırlamaq istərdim, artıq belə bir təhlükələr var idi ki, qarşı tərəf danışıqları pozmaqda qərarlıdır. Bu ilin iyul ayında Ermənistan Tovuzda hərbi təxribat törətdi. Avqustda isə erməni hərbi diversant dəstəsinin niyyətləri hərbçilərimiz tərəfindən darmadağın edildi. Ancaq təxribatlar davam edirdi.
Sentyabrın 24-də ölkə başçısı İlham Əliyev BMT Baş Assambleyasının 75-ci sessiyasında çıxış edərək bildirdi ki, Ermənistanın baş naziri Azərbaycana qarşı hərbi əməliyyatlarda iştirak etməyə məcbur ediləcək on minlərlə mülki vətəndaşdan ibarət silahlandırılmış mülki könüllülər dəstələrinin yaradılmasını elan edib. Ermənistanın müdafiə naziri “yeni ərazilər uğrunda yeni müharibəyə” çağırır. Ermənistan Azərbaycanın böyük şəhərlərinə və mühüm mülki infrastrukturuna - Mingəçevir su anbarı və Bakının yaxınlığında yerləşən dünyanın ən iri neft-qaz terminallarından biri olan və onlarla dövlətin enerji təhlükəsizliyini təmin edən Səngəçal terminalına zərbə endirməklə hədələyir. Bu və digər məsələləri diqqətə çatdıran cənab Prezident BMT-ni və beynəlxalq ictimaiyyəti Ermənistanı növbəti hərbi təcavüzdən çəkindirməyə çağırış etdi.
Lakin əlbəttə ki, Ermənistan həmişə olduğu kimi bu dəfə də heç bir hüquq, norma və prinsip gözləməyərək təxribat törətmək istədi və Ordumuz əks-həmlə əməliyyatları ilə düşmənə layiqli cavab verdi. 44 günlük Vətən müharibəsi xalqımızın inamını özünə qaytardı. Bu gün həqiqətən də vahid bir mövqe var. Xalq-dövlət-ordu birliyi var. Hər kəs tam qələbəyə nail olmaq üçün torpaqlarımızı bu mənfur terrorçulardan azad etmək üçün öz töhfəsini verir. Cəbhə bölgəsindən çox uzaqda yerləşən şəhərlərimiz, rayonlarımız, kəndlərimiz atəşə tutulur.
Raket zərbələri nəticəsində dinc əhali həlak olur, yaralanır, evlər, mülki obyektlər dağılır. Lakin bu, insanlarımızı qorxutmur, mübarizə əhval-ruhiyyəsinə mənfi təsir göstərmir. Öz gündəlik həyatlarına davam edirlər, təsərrüfatla məşğul olur, işləyirlər, oxuyurlar - bunlar özü də bir töhfədir, mübarizədir. Bu o deməkdir ki, düşmən bizi ruhdan sala bilməz, insanların arasında panika yarada, psixoloji təsir göstərə bilməz. Əksinə düşmən narahat olmağa başlayır, “hardandır, bu güc? - deyə fikirləşir və sarsılır”. Cavab çox sadədir: Biz bu gücü, bu inamı bütövlükdə dövlətimizdən, Ordumuzdan, qəhrəman əsgərlərimizdən, Vətən sevgisindən, birliyimizdən! Bu birlik bizim qələbəmizi təmin etdi. İnanıram ki, yaxın zamanda biz qələbə paradı keçirəcəyik. Yüksək əhval-ruhiyyə ilə bayram keçirəcəyik! Böyük Vətən müharibəsini qeyd edirdik, amma bu qələbə tam fərqli bir mahiyyət daşıyır. Doğrudur hər ikisi faşizm üzərində qələbədir, biri alman faşizmi, digəri isə erməni faşizmi. Lakin bu zəfər, bu hiss tam başqadır. İnanıram ki, təqvimdə bir Qələbə günü də əlavə ediləcək.
- Müharibə insan itkisi, ailələrin zərər görməsi ilə nəticələnir. Münaqişə zonalarında ailələrin təhlükəsizliyinin qorunması üçün Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri olaraq hansı addımlar atılıb? Erməni terroru nəticəsində Azərbaycanda mülki insanlara yanaşı uşaqlar da qətlə yetirilib. Bununla bağlı beynəlxalq təşkilatlar qarşısında hansı məsələlər qaldırılıb?
- Məsələnin ən önəmli tərəfi bundan ibarətdir ki, Azərbaycan Ordusu hərbi əməliyyat zamanı bütün beynəlxalq hüquqa, norma və prinsiplərə uyğun davranıb. Heç bir halda mülki əhaliyə ziyan dəyməyib. Ermənistan döyüş meydanından uzaq məsafədən yerləşən şəhər, rayon və kəndlərimizi atəşə tutub. Bu gün düşmən Azərbaycan Ordusunun uğurlu əməliyyatları nəticəsində geri çəkildikcə əraziləri minalayaraq növbəti təxribat əməllərinə yol verməklə, artıq yeni metodlardan istifadə edib dinc sakinlərimizə qarşı cinayət əməllərini davam etdirir.
Ermənistan silahlı qüvvələri Azərbaycanın Gəncə, Bərdə, Beyləqan və Ağcəbədi, Horadiz, Mingəçevir, Xızı, Abşeron və digər şəhər və rayonlarda mülki insanların sıx məskunlaşdığı ərazilərə raketlərlə hücum edir. Bu, barbarlıq və vandalizmdir. Bu, həm də Ermənistanın siyasi-hərbi rəhbərliyinin zəifliyini və təşvişdə olduqlarını göstərir. Ermənistan silahlı qüvvələri tərəfindən yarım milyon əhalisi olan, münaqişə zonasından 100 km-dən artıq məsafədə yerləşən Azərbaycanın ikinci böyük şəhəri Gəncənin 4, 5, 8, 11 və 17 oktyabr tarixlərində Ermənistan ərazisindən ballistik raket atəşinə məruz qalması nəticəsində 6-sı uşaq, 10-u qadın olmaqla 26 mülki şəxs həlak olub, 32-i uşaq, 57-si qadın olmaqla 142 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
27 oktyabr tarixində Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın Bərdə rayonuna “Smerç” yaylım atəşli reaktiv sistemdən atılan raket atəşləri nəticəsində 5 nəfər mülki şəxs, o cümlədən azyaşlı uşaq həyatını itirib və aralarında uşaqlar və qadınlar olmaqla 12 nəfər ciddi xəsarət alıb. 28 oktyabr 2020-ci il tarixində Ermənistan silahlı qüvvələri Azərbaycanın Bərdə şəhərini “Smerç” yaylım atəşli reaktiv sistemdən raket atəşinə tutub və bu hücum mülki əhali arasında ağır itkilərə səbəb olub. Bərdə şəhərinə xaincəsinə edilən raket hücumu nəticəsində uşaqlar da daxil olmaqla, 21 mülki şəxs həlak olub və 70-dən çox insan ağır yaralanıb.
Döyüş meydanında Azərbaycan Silahlı Qüvvələri tərəfindən aldığı ağır məğlubiyyətin əvəzini çıxmaq məqsədi ilə Azərbaycanın böyük mülki yaşayış məntəqələrini, o cümlədən cəbhə xəttindən çox uzaqda yerləşən Gəncə, Bərdə və Tərtər kimi şəhərlərini ballistik və kasetli sursatlar da daxil olmaqla, ağır artilleriya və raketlərlə qəsdən hədəfə alaraq amansız terror taktikasına əl atıb. Nəticədə, aralarında 11 uşaq və 27 qadın olmaqla 94 mülki şəxs həlak olub, həmçinin uşaqlar, qadınlar və qocalar da daxil olmaqla 414 mülki şəxs ağır yaralanıb.
Ermənistanın bu təhrikedici və məsuliyyətsiz hərəkətləri beynəlxalq humanitar hüququn və insan haqlarının, xüsusilə 1949-cı il Cenevrə konvensiyaları və ona 1 saylı Əlavə, həmçinin Uşaqların hüquqlarına və İnsan hüquqlarının müdafiəsi və fundamental azadlıqlara dair Konvensiyanın ciddi şəkildə pozulmasıdır. Bunu nəzərə alaraq, Milli Məclisin rəhbərliyinin dəstəyi ilə parlamentin Ailə, Qadın və Uşaq komitəsi adından bir sıra müvafiq beynəlxalq təşkilatlara, o cümlədən Azərbaycan-İsveçrə parlamentlərarası dostluq qrupunun rəhbərinə müraciət unvanlanıb. Lakin biz yenə də ikili standartları görürük. Mən neçə illərdir ki, uşaq və qadın hüquqları ilə bağlı beynəlxalq təşkilatlarla əməkdaşlıq edirəm, qoşulduğumuz Konvensiyalara uyğun olaraq həm uşaq hüquqları, həm də qadınlara qarşı ayrı-seçkiliyin bütün formaların ləğv edilməsi ilə bağlı ölkə üzrə dövri hesabatlar vermişik. Hər dəfə də Ermənistanın apardığı işğalçılıq siyasətini qabartmışıq, lakin həmişə olduğu kimi beynəlxalq təşkilatlar susur, sanki eşitmirlər. İşğalçı ilə işğala məruz qalana eyni münasibət göstərirlər. Biz belə hallarla dəfələrlə rastlaşmışıq, lakin yenə də haqq sözümüzü demişik və bu sənədlərdə, protokollarda öz əksini tapıb.
- Müharibədən əziyyət çəkən ailələrə hansısa formada dəstəyin göstərilməsi nəzərdə tutulur?
- Sumqayıt şəhərindən millət vəkili seçilmişəm. Bütün ölkədə olduğu kimi, Sumqayıt şəhərində də insanların əhval-ruhiyyəsi çox yüksəkdir, gənclərimiz könüllü olaraq cəbhəyə getmək üçün müraciət edirdilər. Bu günlər həm də bir-birimizə dəstək olmalıyıq, xüsusilə də mənəvi dəstəyə böyük ehtiyac var. Əlbəttə ki, ən böyük qayğı və dəstəyi Ali Baş Komandan, cənab Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva göstərir. Sumqayıt şəhəri də şəhidlər verib, yaralı əsgərlərimiz var. Biz bu ailələri ziyarət edirik, onları tək qoymuruq. Bu, bizim borcumuzdur, çünki onlar da bizim balalarımızdır, onların ailələri də bizim yaxınlarımız, doğmalarımızdır.
Ailə üzvləri cəhbədə olan ailələrin yaşayışı ilə maraqlanır, onların ehtiyacları öyrənilir, köməkliklər göstərilir. Şəhid ailələri ilə tez-tez əlaqə saxlanılır. Həmkarlar İttifaqları Konfederasiyası tərəfindən də belə ailələrə dəstək verilir. Övladı şəhid olan ana-atalar, həyat yoldaşı şəhid olan xanımlar, ataları şəhid olan balalar çox təmkinlə, səbrlə “Vətən sag olsun!” deyirlər. O xalq xoşbəxtdir ki, torpağı uğurunda mübarizə aparmağı, həm qalib gəlməyi, həm də şəhid verməyi bacarır. Bilirsiniz, bu gün bizim əsgər valideynləri, həyat yoldaşları, övladları elə nümunələr göstərir ki, hər biri bir tarixdir. Ana şəhid olan oğlunun gözündən öpüb, “şəhidliyin mübarəkdir” deyir, qadın öz şəhid olmuş həyat yoldaşının cənazəsini çiyninə alıb son mənzilə yola salır, övlad atası ilə fəxr etdiyini deyir, düşmən evini dağıdır, ailəsi raket zərbəsi ilə həlak olur deyir ki, “Vətən sağ olsun!”, “Əsgərimiz sağ olsun!” – bütün bunlar nəyin göstəricisidir? Bizi əymək, bizi sarsıtmaq mümkün deyil, biz haqlı mübarizə aparırıq, uşaqdan böyüyə qədər mübarizə aparmağı bacaran millətik! Və artıq bizim qələbəmizi hər kəs qəbul edir, hətta düşmənimiz də!
- Erməni terroru nəticəsində valideynlərini itirmiş uşaqlar, azyaşlılar var. Onlara psixoloji dəstəyin və reabilitasiyanın təmin edilməsi hansı formada həyata keçirilir?
- Qeyd etmək istərdim ki, bu uşaqların hər biri ölkə başçısı İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın xüsusi diqqətindədir. Cənab İlham Əliyev hər bir çıxışında müharibə zamanı əhaliyə dəymiş bütün ziyanların aradan qaldırılması üçün tapşırıqlar verib və iş gedir. İdman və Gənclər Nazirliyi (iki uşağa 500 manat dəyərində) , Yeni Azərbaycan Partiyası (valideynlərini itirən uşaqlara 300 manat dəyərində) təqaüd təyin edib. Bu təqaüdlər uşaqlar 18 yaşa çatana qədər veriləcək. Hər iki valideynini itirən uşaqları övladlığa götürmək istəyən ailələr var idi, lakin həmin uşaqlar dövlətin himayəsindədirlər. Nə qədər insan könüllü olaraq öz dəstəyini göstərdi. Bu gün aidiyyəti dövlət qurumları və vətəndaş cəmiyyətləri öz fəaliyyətlərini davam etdirir, həmin uşaqlara psixoloji dəstək göstərirlər, onların reabilitasiyası üçün işlər aparılır. Ancaq bu, çox çətin və uzun bir proses olacaqdır. Çünki əgər bu hadisələri hətta izləyən insanda dərin iz qoyursa, əlbəttə ki, bu hadisəni yaşayan üçün daha çətindir. Bu istiqamətdə biz də öz fəaliyyətimizi davam etdiririk, lazım olan dəstəyi göstərəcəyik.
- Tarixi torpaqlarımıza ermənilərin iddiaları var. Ümumilikdə ermənilərin bir toplum olaraq Cənubi Qafqaza gəlişini nə şərtləndirdi? Ermənilər Azərbaycanın tarixi abidələrini, yer adlarını dəyişdirib bərpa adı altında özününküləşdirməyə çalışıb. Saxta tarix üzərində siyasi konyuktura qurmaq mümkündürmü?
- Əlbəttə, biz tarixdən bilirik, erməni xalqı Kürəkçay, Gülüstan, Türkmənçay müqavilələrindən sonra bizim dədə-baba torpaqlarımıza gətirildi. Məqsədyönlü şəkildə gətirildi və ölkəmizin ən dilbər guşələrindən biri olan Qarabağda yerləşdirildi, onlara şərait yaradıldı. Məqsəd aydın idi - imperiyanın yeni torpaqlarında dini tərkibi dəyişdirmək, müsəlmanları öz dədə-baba torpaqlarından qovmaq, didərgin salmaq və yeni reallıq yaratmaq idi.
Məqsəd bu idi və əfsuslar olsun ki, bu məqsədə çatdılar. Ondan sonra erməni əhalisi qonşu ölkələrdən kütləvi qaydada gətirildi, Dağlıq Qarabağ bölgəsində, azərbaycanlıların dədə-baba torpaqlarına yerləşdirildi və ermənilər onlara xas olan xasiyyəti nümayiş etdirərək yavaş-yavaş bizim bütün torpaqlarımıza sahib çıxmağa başladılar. Və bu proses davam edərək son acı nəticələrini biz hamımız bilirik. Ona görə də biz daha da vətənpərvər olmalıyıq. Alimlərimiz öz sözünü deməlidirlər, dünyanın məşhur kitabxanalarında, veb-səhifələrində, elektron kitabxanalarda, vikipediyada, bizim tariximizlə, mədəniyyətimizlə bağlı məlumatlar çox azdır, və ya ermənilər tərəfindən saxtalaşdırılaraq, öz adlarına çıxırlar. Buna görə də bu istiqamətdə işləri daha da gücləndirməliyik, tariximizlə bağlı faktaloji materiallar əsasında sənədli filmlər hazırlanmalıdır, yeni tarixi kitablar yazılmalı və müxtəlif dillərə tərcümə olunmalıdır. Burada həm dövlət, həm QHT, tarixçilər, siyasətçilər aktiv olmalı və sistemli şəkildə iş aparmalıdır. Mən özüm də bu prosesə qoşulmuşam, gənc könüllülərlə birlikdə, artıq bir çox maarifləndirici işlər görürük, məlumatlar yerləşdirirrik. Biz ermənilərə bir də fürsət və imkan verməməliyik ki, onlar yenidən baş qaldırıb Qarabağa iddia etsinlər. Onlar bir xalq və millət kimi heç zaman formalaşa bilməyəcəklər. Ona görə də biz hər bir imkandan, şəraitdən maksimum istifadə edərək öz tariximizi, mədəniyyətimiz, ermənilərin bu torpaqlara gəlmə olduğunu dünyaya nümayiş etdirək. Tarix və fakt saxtalığı qəbul etmir. Biz heç bir vaxt yaddan çıxarmamalıyıq ki, ermənilər çox məkrlidirlər. Hazırda biz Kəlbəcərdə bunun bariz nümunəsini görürük. Dünyanın gözü qarşısında talançılıq edirlər, yaşadıqları evi, məktəbi yandırırlar, ekoloji terror törədirlər, heyvanları kəsirlər, tarixi-mədəni irsimizi talan edirlər. Hətta qəbirləri qazıb ölülərin sümüklərini daşıyırlar. Bunun iki anlamı var: ya artıq onlar bir dəfəlik anlamağa başlayıblar ki, bu torpaqda yaddırlar, gəlmədilər. Ya da ki, elə bilirlər ki, biz də onlar kimi qəbirstanlıqları dağıdacağıq. Atalar demişkən, xain xoflu olar. Bu nə deməkdir, açıq şəkildə vandalizm, barbarlıqdır. Biz mütləq şəkildə yerli və nüfuzlu beynəlxalq ekspertlərin iştirakı ilə hesabatlar hazırlamalıyıq, onları məhkəməyə verməliyik. Həmçinin bərpa işləri bitər- bitməz davamlı olaraq elmi konfranslar, forumlar keçirməliyik və ermənilərin mədəni- tarixi irsimizə vurduqları ziyanı nümayiş etdirməliyik. Xarici mütəxəssislərində həm müəllifliyi ilə kitablar çap olunmalıdır. Bizim alimlərimizin əsərləri müxtəlif dillərə tərcümə edilməli və onun təbliğatı aparılmalıdır.
- Qarabağa sülhməramlıların gəlişi barədə qərarı necə şərh edərdiniz?
- 10 noyabr bəyanatı çox önəmli məsələdir. Azərbaycan, Rusiya Prezidentləri və erməni baş nazirinin birgə imzaladıqları bəyanat mahiyyət etibarilə Ermənistanın kapitulyasiyasıdır. Bir neçə məsələni qeyd etmək istərdim. Birincisi, Ermənistan öz üzərinə öhdəlik götürür ki, qarşıdan gələn 20 gün ərzində Azərbaycanın işğal altında olan Ağdam, Kəlbəcər və Laçın rayonlarından qoşunlarını çıxaracaq. Bu o deməkdir ki, qan tökülmədən, itki verilmədən ərazi baxımdan böyük rayonlarımız da işğaldan azad olunur. Cənab Prezident həmişə deyir ki, biz elə edirik ki, minimum itki və maksimum nəticə olsun. Ancaq bu müharibədir, əfsuslar olsun ki, itkisiz olmur. Ancaq bu bəyanat imkan verir ki, hərbi əməliyyatlar keçirilmədən torpaqlarımız işğalçıların azad edilsin. Digər bir məsələ Rusiya ilə bərabər Türkiyənin bu prosesdə iştirakıdır. Prezident İlham Əliyev dəfələrlə deyir ki, münaqişənin həlli prosesində Türkiyə də iştirak etməlidir. Türkiyə həm də atəşkəs rejiminə nəzarət etmək üçün yaradılacaq birgə monitorinq missiyasında da fəal yer alacaqdır. Türkiyə hərbçilərinin prosesdə iştirakı Azərbaycanın maraqlarının əleyhinə hər hansı addımın atılmasına maneə yaradacaqdır. Bəyanatda həmçinin mühüm məsələdən biri də Naxçıvan Muxtar Respublikasının blokadadan azad olmasıdır. Bu Azərbaycan üçün xüsusi əhəmiyyət kəsb edir.
Ermənistan və onun havadarları tərəfindən hərbi əməliyyatları dayandırmaq üçün Azərbaycan diplomatik və siyasi təzyiqlər göstərildi. Prezident İlham Əliyev qəti siyasi iradəsini nümayiş etdirdi, bütün təzyiqlərə mərdanə şəkildə sinə gərərək onları dəf etdi, öz prinsipial mövqeyindən dönmədi. Düşmən və onun himayədarlarının işğala və tədricən Azərbaycan ərazilərinin birləşdirilməsinə əsaslanan planları alt-üst oldu. Regionda Azərbaycanın maraqlarına cavab verən yeni siyasi reallıq yarandı. Yekun nəticədə Azərbaycan vətəndaşlarının 30 ilə yaxın davam edən torpaq həsrətinə son qoyuldu. Bu, sənəd həm də dünyanın taleyi həll olunduğu 1945-ci il “Potsdam müqaviləsi”nə bənzəyir. Həmin müqaviləyə əsasən Potsdam Konfransında qalib gələn güclər Almaniyanın yeni bir siyasi və ərazi quruluşu, silahsızlaşdırılması, təzminatlar və alman müharibə cinayətkarlarının taleyinə dair qərarlar qəbul etdi. heç bir ölkə unutmamalıdır ki, Azərbaycan hər zaman terrorizmlə mübarizə aparıb, II dünya müharibəsində, eləcə də müasir dövrdə öz mühüm töhfələrini verib və verməkdə davam edir. Bu baxımdan bütün dünya dövlətləri bu gün Azərbaycanın sülh və ədalət naminə Cənubi Qafqazda həyata keçirdiyi sülh missiyasını yüksək qiymətləndirməli, beynəlxalq hüquq normaları çərçivəsində erməni faşizmi ilə mübarizədə haqlı mövqeyimizi dəstəkləməlidirlər. Buna görə də, II dünya müharibəsindən sonra Almaniyaya qarşı tətbiq edilən hərbi sanksiyalar Ermənistana da tətbiq olunmalıdır...
Ardı var...
Foto: Ceyhun Rəhimov