Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyev partiyanın mətbuat xidmətinə müsahibə verib.
Teleqraf.com müsahibəni təqdim edir:
- Qüdrət bəy, sosial şəbəkələrdə bir qrup soydaşlarımız Qarabağa yerləşdirilən rus sülhməramlılarını işğalçı ordu adlandırır,onların qələbəmizi oğurladıqlarını bəyan edir,Rusiyanın Dağlıq Qarabağda yaşayan sakinlərə rus pasportu paylayıb sonra həmin ərazini Kırım kimi özlərinə birləşdirə biləcəyini,yaxud Rusiyanın həmn ərazidə heç vaxt Azərbaycanın suveren hüquqlarının bərpa olunmasına imkan verməyəcəyini və Qarabağı tərk etməyəcəyini söyləyirlər.Bəziləri Rusiya silahlı qüvvələrinin sülhməramlı qismində Azərbaycana buraxılmasına icazə verilməsini Konstitusiyamızın,qanunlarımızın pozulması hesab edir,hətta bunu xəyanət kimi qiymətləndirirlər.Onlar belə fikirlər səsləndirirlər ki,rus hərbçilərinin Azərbaycanda olması Azərbaycanı müstəqil siyasət yürütmək imkanlarından məhrum edəcəkdir.Bu məsələlərlə bağlı Sizin fikirlərinizi almaq istərdik.
- İlk öncə onu qeyd edim ki, 2010-cu ildə qəbul olunmuş `Azərbaycan Respublikasının sülhməramlı əməliyyatlarda iştirakı haqqında Azərbaycan Respublikası Qanununun 4.4 -cü maddəsinə əsasən `Azərbaycan öz ərazisində sülhməramlı əməliyyatlar aparmaq üçün digər dövlətlərə və beynəlxalq təşkilatlara müraciət edə bilər`. O cümlədən yenə həmin ildə Milli Məclisin qərarı ilə təsdiq olunmuş `Hərbi Doktirina`nın 4-cü bölməsinin 29-cu bəndində qeyd olunur ki,`Azərbaycan Respublikası tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş hallar istisna olmaqla , öz ərazisində xarici hərbi bazaların yerləşdirilməsinə yol vermir. Bununla belə , hərbi-siyasi şəraitdə əsaslı dəyişikliklər baş verdiyi təqdirdə Azərbaycan öz ərazisində xarici bazaların yerləşdirilməsinə , yaxud digər formada xarici hərbi iştirakın yer almasına müvəqqəti icazə vermək hüququnu özündə saxlayır`.
Beləliklə, Rusiya sülhməramlıları hərbi-siyasi şəraitin əsaslı dəyişməsi nəticəsində bizim dəvətlə və müvəqqəti Azərbaycana gəldikləri üçün onların qanunsuz gəlişi barədə deyilənlər həqiqətə uyğun deyil.Qələbəmiz isə möhtəşəmdir və onu heç kim oğurlamayıb. Sadəcə dünyanın acı reallıqlarını nəzərə alıb maksimalist olmaq lazım deyil. Siyasət mümkün olanı əldə etmək bacarığıdır. Əminliklə deyirəm ki, biz bu mərhələdə mümkün olandan çoxuna nail olmuşuq. Həm də untmayaq ki, Rusiya ilə yanaşı Türkiyənin də ölkəmizdə hərbi iştirakı var. Onu da diqqətdən qaçırmamalıyıq ki, Rusiya həm də hərbi-siyasi müttəfiqi olan Ermənistanın da könlünü alıb onunla da əməkdaşlığını davam etdirmək , həm də inanmaq istəyirəm ki, bizimlə barışdırmaq istəyir. Onun gələcək planları barədə indidən birmənalı mənfi proqnoz verib , fəaliyyətə keçmək düzgün deyil. Kimsəni evinə dəvət edib ona düşmən demək isə ümumiyyətlə , normal məntiqə sığmır və milli maraqlara cavab vermir. Niyə kimsə fikirləşmir ki, bəlkə Rusiya rəsmilərinin etdikləri və dedikləri 30 il ərzində vasitəçi olub işğala və bir milyon qaçqının məşəqqətli həyatına son qoymaq üçün heç nə etməmiş və işğalçını bu gün də açıqdan-açığa müdafiə edən dövlətlərdən bizi qorumaq üçündür. Rusiya bizi düşmən gözündə görsəydi münaqişəyə ilk gündən qatılardı. Yaxud ,yalnız Paşinyanı cəzalandırmağı düşünsəydi bir-iki rayonun azad olunması da yetərli olardı. Bir `Lələtəpə` Sarkisyanın siyasi karyerasına son qoydu. Kimsə , ən azından baş verənlərdən sonra, cəsarət edib Rusiyanın kimdənsə çəkindiyinə, yaxud beynəlxalq hüquq imkan vermədiyinə görə ilk gündən münaqişəyə qatılmadığını söyləməsin. Kimsə də sadəlövhcəsinə düşünməsin ki,İlham Əliyev kimi təcrübəli dövlət adamı lazım olan dövlətlərlə ciddi danışıqlar aparmadan erməni işğalçılarına qarşı əks-hücum əmri verib.Əgər Rusiya proseslərin gedişində bigə Bəyənat üzrə razılaşmanı və öhdəliklərini pozub, Dağlıq Qarabağdakı ermənilərə öz pasportlarını paylayacaqsa, yaxud bizim milli mənafelərə toxunan başqa addımlar atcaqsa , buna o zaman adekvat münasibət bildirməliyik. Hazırda Rusiyanın iştirakı ilə itkisiz , həm də mümkün sanksiyalarsız torpaqlarımız işğaldan azad olunur və buna görə ona minnətdar olmalıyıq. Kimsə öz düşüncələrinə, proqnozlarına görə başqasını ittiham etməməlidir. Bu, nonsesdir.
Xarici hərbi iştirakın Azərbaycanın suveren hüquqlarını məhdudlaşdıracağı barədə deyilənlər də doğru deyil. Qardaş Türkiyədə ABŞ-ın hərbi bazası var və düşünmürəm ki, o Türkiyənin suveren hüquqlarını məhdudlaşdırır, əksinə onun təhlükəsizliyinin əlavə təminatıdır.
Rusiya sülhməramlılarının heç vaxt Azərbaycanı tərk etməyəcəyi barədə müzakirə açılmasını da indiki halda zərərli sayıram. Rusiya deyirsə ki, Azərbaycan öz ərazisində qanuni əsaslarla hərbi əməliyyatlar keçirirdi, deməli onun həmin ərazidə suveren hüquqları da zamanla bərpa olunmalıdır. Qarabağın Azərbaycandan qoparılmasına yönələn istənilən cəhd həmin ölkənin bizimlə münasibətlərinə dərhal son qoyacaqdır. Rusiyanın milli və həyati maraqları isə tələb edir ki, Azərbaycanla və onun təbii müttəfiqi Türkiyə ilə yaxın qonşuluq və dostluq siyasəti yürütsün. Azərbaycan bu iki böyük dövlət arasında əməkdaşlıq üçün Mərkəz ola bilər. Biz hər iki dövlətlə münasibətləri daha yüksək səviyyəyə qaldırmalıyıq. Nəzərə almalıyıq ki, Rusiya bizim tarixi əlaqələrimizin olduğu böyük qonşumuz, kənd təsərrüfatı məhsullarımız üçün böyük bazardır.Orda 33 milyon müsəlman , iki milyona qədər azərbaycanlı,16 milyon türk yaşayır. Azərbaycanlılar orada işləyib hər il Azərbaycana , ailələrinə milyard dollardan artıq pul vəsaiti göndərirlər. Xarici dövlətlərin təsiri altına düşmüş soydaşlarımız, yaxud onların təbliğatı nəticəsində vicdanlı olaraq narahatçılıq keçirən vətəndaşlarımız nəzərə almalıdırlar ki, azərbaycanlılar Rusiyanı dost ölkə kimi görmək istəyir, yoxsa kim işləmək üçün düşmən dövlətə üz tutar ki ?Antirus bəyənatlarla çıxış edənlər nəhayət , anlamalıdırlar ki, onların çıxışları milli maraqlara cavab vermir, həm də Rusiyadakı soydaşlarımıza problemlər yarada bilər.
- Qüdrət bəy, həm də belə bir iddia irəli sürülür ki, əgər bizə 7 rayonu danışıqlar yolu ilə verirdilərsə bu qədər qan tökməyə dəyərdimi?
- Kapitulyasiya aktına imza atan Paşiyan söylədi ki, Ermənistan səhv olaraq daim belə bir siyasət aparıb ki, danışıqlar əbədi olaraq davam etdirilsin və bir qarış torpaq belə Azərbaycana verilməsin. Bundan sonra demək ki, 7 rayon bizə danışıqlar yolu ilə qaytarılırdı, ya həmin adam siyasətdən tam uzaq, yaxud son dərəcə qərəzli adamdır. Biz 7 rayonu və Şuşanı, Suqovuşanı, Hadrutu əsgərlərimizin qanı, şəhidlərimizin həyatı hesabına geri qaytarmışıq. Allah onlara rəhmət eləsin.