“Türkiyə anlaşmada göstərilən ərazilərin tam azad olunmasını gözləyir. Söhbət üç rayondan gedir – Ağdam, Kəlbəcər və Laçın. İki rayon qaytarılıb, Laçın da sabah azad ediləcək. Türk ordusu üçün dislokasiya yerləri müəyyən edilməlidir. Mənim fikrimcə, Türkiyə qüvvələri Laçın, Şuşa və Kəlbəcərdə yerləşdirilməlidir və patrul xidməti həyata keçirilməlidir”.
Politoloq Elxan Şahinoğlunun Teleqraf.com-a müsahibəsini təqdim edirik.
- Ermənistan Prezidenti Armen Sərkisyan müharibə mesajı verdi, bildirdi ki, ordumuzu gücləndirib Azərbaycanla yenidən savaşacağıq. Sizcə, Armen Sərkisyanın bu mesajı nəyə hesablana bilər?
- Bu, nağıldan başqa bir şey deyil. Ermənistan Azərbaycanın gücünü gördü. Ermənistanın iki milyon əhalisi var, getdikcə azalır, bu müharibədə də minlərlə gəncini itirdi. Hansı resurslarla müharibə aparacaq? Otuz-qırx ildən sonra əhalisinin sayı beş dəfə artmalıdır ki, bundan sonra müharibə haqda danışsınlar. İndiki imkanlar, resurslarla nəinki müharibə aprmaq, heç müdafiə olunmağa gücləri yoxdur, hərbi texnikaların da çoxunu itiriblər. Bunlar cəmiyyəti pessimist əhval-ruhiyyədən çıxarmaq üçün deyilmiş sözlərdir.
Armen Sərkisyan deyir ki, intellektual gücümüzü artırıb, intellekt müharibəsinə hazırlaşmalıyıq. Birbaşa müharibədən danışmaqdan qorxur. Çünki başa düşür ki, bu vəziyyətdə müharibə aparmaq mümkün deyil. Üstəgəl, erməni cəmiyyyətini onunla qorxudurlar ki, Azərbaycanın arxasında Türkiyə dayanır. Yəni 10 milyonluq Azərbaycan, 83 milyonluq Türkiyə - bu dairədə nə edə bilərlər? Yəni bu xalqı pessimist əhval-ruhiyyədən çəkindirmək üçün verilmiş mesaj idi. Erməni xalqı da vəziyyətin necə acınacaqlı olduğunu yaxşı görür, heç vaxt Sərkisyanın sözünə inanmaz.
- Bəs Ermənistan rəhbəri Moskvaya hansı məqsədlərlə getmişdi?
- Armen Sərkisyan müharibə dövründə də müxtəlif ölkələrə getdi – NATO və Avropa İttifaqının qərargahlarında, Avropada, Brüsseldə oldu. Nikol Paşinyan gündə dəfələrlə müxtəlif ölkələrin liderlərinə zəng etdi, amma heç bir nəticə əldə olunmadı. Yenə də yalvarışlarla gedirlər.
Müharibədə iqtisadiyyatları da dağıldı. İndi də iqtisadiyyatı dirçəltmək lazımdır. Bunu kim dirçəldəcək, kim pul verəcək? Armen Sərkisyanın Moskva səfəri də qeyri-rəsmi idi. Əsas görüşü Rusiyadakı erməni iş adamları ilə oldu. Yəni pul dilənməyə gedib. Belə durumda zəngin ermənilər də Ermənistana pul verməz, çünki Paşinyandan xoşları gəlmir. İkinci, əmin deyillər ki, bu pullar doğru yolda xərclənəcək. Başqa sözlə, Sərkisyanın səfəri heç nəyi həll etməyəcək.
- Ermənistan Baş naziri Nikol Paşinyan isə Sərkisyandan fərqli olaraq, Azərbaycanla əlaqələrin bərpa edilməsindən danışır və bu yöndə tez-tez açıqlamalar verir. Sizcə, mövcud situasiya ikitərəfli əlaqələrin bərpa edilməsinə imkan verirmi?
- Ermənistan işğalçı siyasətçini dəyişərsə, Azərbaycana qarşı ərazi iddiasından imtina edərsə, Dağlıq Qarabağın “müstəqilliyinin” dünyada tanınması çalışmalarından əl çəkərsə, əlaqələrin bərpa edilməsi mümkündür. İndiyədək bu amillərə görə əlaqələrin bərpası mümkün deyildi. İndi işğalı böyük ölçüdə bitirmişik. Artıq Ermənistanda belə fikirlər dolaşır ki, Azərbaycan və Türkiyə ilə düşmənçilik ölkəni uçuruma aparır. Bunu ilk dəfə Ermənistanın keçmiş prezidenti Levin Ter-Petrosyan dilə gətirmişdi.
İndi Petrosyan kimi düşünənlərin sayı artır. Görünür, Ermənistan hökumətinin müşavirəsində bu məsələ müzakirə edilib. Əks halda, Paşinyan bu haqda təkbaşına danışmazdı.
Dünən Ermənistanın yeni iqtisadiyyat naziri də bu haqda fikirlər səsləndirib. Bildirib ki, Türkiyə və Azərbaycan bazarlarından, imkanlarından istifadə etmək olar, Türkiyənin limanlarından istifadə edib dənizlərə çıxa bilərik. Yəni artıq yeni fikirlər səsləndirməyə başlayıblar. Biz buna açığıq. Amma bunun üçün şərtlərimiz var: Azərbaycana ərazi iddialarından vaz keçməlidirlər, Azərbaycanın ərazi bütövlüyünü tanımalıdırlar və Dağlıq Qarabağın “müstəqilliyinin” tanınması çalışmalarından əl çəkməlidirlər. Bu baş verərsə, gələcəkdə əlaqələrin bərpası məsələsi müzakirə oluna bilər.
Türkiyəyə gəldikdə, bu ölkəyə qarşı da ərazi və saxta soyqırım iddialarından vaz keçməlidirlər. Paşinyan və yeni iqtisadiyyat naziri (Vaqn Kerobyan) görürlər ki, Azərbaycan və Türkiyə ilə əməkdaşlıq etmədən, Ermənistanın iqtisadi vəziyyətini düzəltmək mümkün olmayacaq. Nə qədər Rusiyanın vassalı olsalar da, Rusiya onlara havayı pul verməyəcək.
- Hazırda insanları maraqlandıran, daha doğrusu qayğılandıran əsas məqamlardan biri də Xankəndi, Əsgəran, Xocavənd, Xocalı və Ağdərənin gələcək taleyidir.
- Bununla bağlı məsələlər açıq qalır. Yəni orada bizim qanunlar tətbiq olunmalıdır, manat işləməlidir, Dağlıq Qarabağda yaşayan ermənilər Azərbaycan pasportu daşımalıdırlar. Şuşa şəhəri azad olunub, amma kəndləri hələlik bizim nəzarətimizdə deyil. Bütün bunlar açıq qalır. Sabah Laçın azad olunacaq. Məncə, türk qüvvələrinin bölgəyə gəlməsi məsələsi Laçının qaytarılmasından sonra müəyyən olunacaq.
Bundan sonra bu məsələlərə aydınlığın gətirilməsini istəyirik. Düzdür, böyük əraziləri azad etmişik, amma biz istəyirik ki, Dağlıq Qarabağın hər yerində Azərbaycan qanunları işləsin, bayrağımız dalğalansın, həmin bölgədəki erməni hərbi qüvvələri çıxarılsın.
Ümid edirəm ki, şifahi razılaşmalar var. Bu razılaşmalar əsasında o yerlərdə də, biz öz qanunlarımızın tətbiqinə çalışmalıyıq. Bunu etmədən işimiz yarımçıq qalacaq.
- Türkiyənin bu prosesdəki roluna diqqət çəkdiniz, türk ordusu bölgədə hansı formada təmsil olunacaq?
- Dediyim kimi, Türkiyə anlaşmada göstərilən ərazilərin tam azad olunmasını gözləyir. Söhbət üç rayondan gedir – Ağdam, Kəlbəcər və Laçın. İki rayon qaytarılıb, Laçın da sabah azad ediləcək. Türk ordusu üçün dislokasiya yerləri müəyyən edilməlidir. Mənim fikrimcə, Türkiyə qüvvələri Laçın, Şuşa və Kəlbəcərdə yerləşdirilməlidir və patrul xidməti həyata keçirilməlidir. Buna görə də düşünürəm ki, Laçının qaytarılmasından sonra bu məsələnin həlli sürətlənəcək.
- Yəni türk sülhməramlıları rus qüvvələri ilə birlikdə bölgədə patrul xidməti həyata keçirə bilərmi? Müdafiə naziri Akarın son açıqlaması da belə idi ki, türk sülməramlıları Qarabağda patrul xidməti həyata keçirəcək.
- Bu mümkündür. Necə ki, Rusiya ilə birlikdə Suriyada patrul xidməti həyata keçirirlər, eynilə burada da həmin addımı ata bilərlər. Məsələn, özlərinin də dediyi kimi, Rusiya sülhməramlıları ermənilərin təhlükəsizliyinə cavabdehdilərsə, Azərbaycan-Türkiyə patrulları da Dağlıq Qarabağda yaşayacaq azərbaycanlıların təhlükəsizliyindən məsul olmalıdırlar.
Biz rahat şəkildə Xocavəndə, Xankəndiyə, Ağdərəyə gedə bilməliyik, bunu kimsə bizə qadağan edə bilməz. Çünki ora bizim torpaqlardır. Buna görə də, ortaq patrul xidməti olmalıdır ki, təhlükəsizlik məsələləri həllini tapsın.
- Ukraynadan da ara-sıra savaş mesajları gəlir. Yaxında işğal altındakı Donbasda hərbi əməliyyatların bərpa olunacağı ehtimalı varmı?
- Ukraynanın hərbi-siyasi çevrələrində müəyyən hərəkətlənmə var. Bir az da Azərbaycandakı olaylardan həvəsləniblər, Azərbaycanın öz məsələsini necə həll etdiklərini gördülər. Ukrayanda da belə fikirlər səslənməyə başlayıb ki, biz də öz məsələmizi həll edə bilərik. Amma bu bir az çətindir, çünki biz ermənilərlə savaşırıq, Ukrayna isə Rusiya ilə üz-üzədir. Rusiya böyük dövlətdir. Bununla belə, Ukrayna müəyyən həmlələr edə, neytral zonadakı əraziləri geri qaytara bilir. Kəşfiyyat işlərində “Bayraktar” dronlarından istifadə edirlər. Hətta “Bayraktar” Krım səmasında da göründü.
Amma düşünmürəm ki, Ukrayna savaş qərarı verib, Azərbaycan kimi öz ərazilərini hərbi əməliyyatlarla qaytarmaq üçün “yaşıl işıq” yandıracaq. Bu zaman Ukrayna qarşısında Rusiyanı görəcək. İndiki halda isə bunun üçün Ukrayna iqtisadiyyatının durumu qənaətbəxş deyil. Buna görə də Ukraynanın hərbi əməliyyatlara başlayacağını düşünmürəm.
Amma neytral zonadakı əraziləri ələ keçirə bilər. Məsələn, Mariupol strateji şəhər sayılır, Azov dənizinin sahilindədir. 2014-cü ildə separatçılar Mariupol şəhərini ələ keçirmək istəyirdilər. Amma dağılmış Ukrayna ordusu özünə gələrək, Mariupolu qoruya bildi. Son əməliyyatlar da bu şəhər ətrafında aparılıb. Amma yenə deyirəm, bu əməliyyatların genişlənəcəyini zənn etmirəm. Çünki bu, Ukrayna üçün böyük risk olardı.