10 Dekabr 2020 15:48
992
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yaşım imkan verdi ki, 90-ci illər sovetlər birliyinin çöküşü və milli müstəqilliyin qazanılmasının iştirakçısı, müşahidəçisi oldum. Bununla bərabər azadlığımızın nə qədər müqəddəs xarakter daşımasına, arzuladığımız dövləçiliyə qovuşmağımıza rəğmən bütövlük, coğrafi tamlıq çərçivəsində suverenliyimizi təmin edə bilməmişdik. Faktiki olaraq Azərbaycan öz azadlığına 20 faiz başqa ölçüdə, natamam vəziyyətdə qovuşmuşdu.

Bu fikirləri Teleqraf.com-a açıqlamasında Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin sədri, millət vəkili Zahid Oruc bildirib.

O qeyd edib ki, keçən dövr ərzində azəbaycanlıların hər birinin, dünyada yaşayan soydaşlarımızın milli məramı, müqəddəs istəyi məhz bütövlüyümüzə çatmaq olub.

Deputatın fikrincə, indi Azadlıq meydanında olan yaşantıları 90-cı illərlə müqayisə edərək söyləmək olar ki, dövlətimiz və millətimiz üçün ən ülvi, ideal, arzulanan, istənilən gün yaşanır: “Ötən illər ərzində xalqımız müxtəlif sahələrdə, iqtisadi, transmilli, beynəlxalq əlaqələr, xarici məkanlarda siyasi xarakterli qələbələr qazanıb. Həmçinin mədəni, humanitar məkanda böyük nailiyyətlər əldə edib. Heç bir qələbə qanlı, haqq savaşızımızın, şəhidlərimizin canı və şanlı ordumuzun igidliyi sayəsində əldə olunmuş nailiyyət səviyyəsində deyil. Həqiqətən də bu belədir. Bu gün Azərbaycanın hər bir insanının pafosla danışmağa ixtiyarı var. Buna hər bir insanımız haqq qazanıb”.

STM sədrinin sözlərinə görə, xalqımız bu qələbəni işğalçı Ermənistan üzərində qazanıb: “Ali Baş Komandanımız düşmən dövlətin birinci şəxsi, xalqımız, erməni xalqı, Ordumuz isə erməni ordusu üzərində bu zəfəri əldə edib. Bu, həqiqətən də real tarixi mənaya malikdir. Bu qələbə hamını böyüdür, ucaldır, şanlı zəfərdən hər birimizə pay düşür. Qələbələri Ordumuzdan öyrənməliyik. Bundan sonra hər bir sahədə bu qələbəyə köklənməliyik”.

Zahid Oruc Qarabağın ötən on illər, bəlkə də yüz illər ərzində Azərbaycanın zəif bəndinə çevrildiyini söyləyib: “İndi isə Qarabağ Azərbaycan xalqının qurucu əlləri ilə yenidən dirçələcək, yaradılacaq, bərpa ediləcək. Qayıdışdan sonra Qarabağ bütün millətlərin hamroniyada yaşadığı məkana çevriləcək. Xalqımız üçün Qarabağ güclü bir nöqtə olmalıdır. Böyük iftixar hissi ilə deyə bilərik ki, bu gün millətimizin, dünya azərbaycanlılarının, bütövlüyün tərəfdarı olan dünya insanlarının gözü qarşısında hərbi zəfər törənimiz qeyd olunur. Qardaş Türkiyə və onun lideri, hökumət, parlament heyəti bu zəfər keçidində iştirak edir. Yüz illər ərzində bu birlik qanla, canla bir-birinə bağlanıb. Çanaqqalada şəhid olan igidlərimiz, 1918-ci ildə Bakının azad olunmasında canını qurban verən türk mehmetçikləri tarixi torpaqlarımızda şərəflə uyuyur. Buna görə də deyilir ki, türkün sümükləri, qanı-canı bir torpaqda birləşib. Türk əsgəri, Azərbaycan əsgəri ilə qardaş kimi çiyin-çiyinə Azadlıq meydanında addımlayır”.

Millət vəkili regionda yeni bir arxitektura, hərbi-siyasi modelin, təhlükəsizlik sisteminin qurulduğunu da vurğulayıb: “Bölgədə olan dövlətlərin 44 günlük müharibədə davranışları yüksək qiymətləndirilir. Hesab olunur ki, bundan sonrakı dövrdə bir daha bu dövlətlər arasında hər hansı soyuq münasibətlərə yer vermədən regionun açılımı və inkişafı üçün addımlar atılacaq”.

Deputat söyləyib ki, bu gün ən şərəfli nöqtədə xidmət keçən, soyuğa, qara çovğuna baxmayaraq torpaqlarımızı, vətənimizi qoruyan müzəffər əsgərimiz qarşısında baş əyilməli, Ordumuza dualar etməliyik: “İnsanlarımız bunu yaxşı qiymətləndirir ki, bu həqiqətəndə bir salnamədir. Sanki xalqımız öz müstəqilliyinə yeni qovuşub. Bunun rəmzi, real mənasını bu cür qiymətləndirməliyik. Xalqımızın gözü aydın olsun. Millətimizi, dövlətimizi təbrik edirik”.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər