17 Dekabr 2020 09:08
28 790
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Kommersant" nəşrlər evinin Xarici siyasət şöbəsinin müdir müavini, Rusiya Beynəlxalq Məsələlər Şurasının eksperti Aleksey Naumov Teleqraf.com-un suallarını cavablandırıb.
Onunla müsahibəni təqdim edirik:

- 44 günlük hərbi əməliyyatlardan sonra Ermənistan sülhə, Nikol Paşinyan kapitulyasiyaya məcbur edildi. İstefa tələbləri fonunda Ermənistan baş naziri dirəniş göstərir. Sizcə, hadisələr necə inkişaf edəcək?

- Erməni cəmiyyətinin yenilənmə prosesində olduğu göz qabağındadır. Onlar üçün alçaldıcı bir məğlubiyyət oldu və indi cəmiyyət bu böhrandan çıxmağa çalışır. Müxalifət Vazgen Manyukyanın baş nazir postuna namizədliyini irəli sürüb. O, müasir Ermənistanın qurucularından biridir. Hərbi məğlubiyyətə düçar olan xalqlar əvvəlki liderlərini yenidən seçməklə şərəfli keçmişə qayıtmağa cəhd göstərirlər. Amma çətin ki, indiki şəraitdə nələrisə geri qaytarmaq mümkün olsun. Bilirsiniz, ABŞ Prezidenti Donald Tramp Amerikanı əvvəlki əzəmətinə qaytaracağını vəd etmişdi. Manukyanın Ermənistanı əvvəlki əzəmətinə qaytara biləcəyi ehtimalı azdır. Azərbaycan artıq Birinci Qarabağ müharibəsi dövründəki kimi deyil.

Vaxtilə dövlət idarəçiliyində bəzi çətinliklərin olduğunu başa düşürük. Türkiyə çox gücləndi, eləcə də Qarabağ münaqişəsi artıq böyüdü, regional münaqişədən dünya birliyinin ümumi diqqətində olan bir münaqişəyə çevrildi. Deməli, erməni cəmiyyəti hələ də nəticə çıxarmağa, günahkarları tapmağa, bu vəziyyətdən sağalmağa çalışır. Bu prosesin tez keçəcəyini düşünmürəm. Ümumiyyətlə, erməni cəmiyyətini 90-cı illərdən bəri ayaqda saxlayan bir fikir çökdü. Çox mərhələli bir siyasi böhranın növbəti mərhələsindədirlər, cənab Manukyan qalib gəlsə də, uzunmüddətli lider ola bilməz, çox güman ki, olmayacaq.

- Şuşa şəhəri Qarabağın incisi sayılır. Ermənistan hakimiyyəti uzun müddət məğlubiyyətini etiraf etmədi. Şəhərin tamamilə Azərbaycan Ordusunun nəzarətinə keçməsi ilə düşmənə heç bir güman yeri qalmadı. Azərbaycan hərbçilərinin sıldırım qaya ilə hərəkəti, əlbəyaxa döyüşlə düşməni məğlubiyyətə uğratması əcnəbi hərbi ekspertlər tərəfindən dünya hərb tarixində örnək sayılır. Tarixi şəhər uğrunda döyüşü necə qiymətləndirirsiniz?

- Mən həmişə əfsanələri real hadisələrdən ayırmağın tərəfdarı olmuşam. İkinci Qarabağ müharibəsindən əvvəl erməni cəmiyyətində mövcud olan əfsanələrdən biri də bu idi: ermənilər döyüşçü, azərbaycanlılar isə alverçidir, onlar əsla döyüşçü bir xalqla müharibəni qazana bilməzlər. Əlbəttə ki, bu, tamamilə cəfəngiyyat və xalqın beyninə yeridilmiş fikir idi. Əksinə Azərbaycan hərbçiləri azərbaycanlıların döyüşçü xalq olduğunu nümayiş etdirdilər, alverçi isə ermənilər idi. Azərbaycan tərəfinin üstünlüyü ondan ibarət idi ki, Azərbaycan yerli və hətta regional standartlara görə güclü bir orduya sahibdir. Ordu birləşmiş, vahid bir mexanizmdir, bilirsiniz ki, kəşfiyyat məlumat verir, digər birliklər bu informasiyadan istifadə edirlər.

Hücumdan əvvəl ərazinin artilleriya ilə işlənməsini həyata keçirmək, əməliyyatları dəqiq şəkildə planlaşdırmaq, hədəfləri, üstünlükləri, çatışmazlıqları aydın şəkildə dəqiqləşdirmək lazım gəlir. Şuşanın azad olunması uğrunda hərbçilərin şücaətinə gəlincə, əsgərlərin və ya hərbi hissələrin qəhrəmanlığı haqqında dastanlar gələcək nəslin tərbiyəsi üçün çox yaxşıdır. Həqiqət budur. Doğrudan da kifayət qədər qəhrəmanlıq epizodlarını gördük. Məsələn, Azərbaycan əsgərləri Şuşa uğrunda döyüşlərdə öz çiyinlərində kilometrlərlə silahı dağlardan və meşələrdən keçirib aparırdı Bu belə müasir bir Ho Çi Minh cığırı kimidir. Bu, hərbçilərin göstərdiyi qəhrəmanlıq nümunəsi olmaqla yanaşı, parlaq şəkildə planlaşdırılmış bir ordu əməliyyatıdır. Bundan çıxara biləcəyimiz əsas nəticə Azərbaycanın müasir güclü bir orduya sahib olmasıdır. Ordu, atəş açmağı bacaran bir sıra insan demək deyil, necə qələbə çalacağını bilən vahid, yaxşı koordinasiyalı, dəqiq bir mexanizm kimidir. Bu, düşünürəm ki, Azərbaycan cəmiyyəti üçün əsas nəticə və möhtəşəm xəbərdir.

- Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev xalqa müraciətlərində dəfələrlə ermənilərin Azərbaycan ərazilərində yaşamaları ilə bağlı dəqiq mövqeyini ifadə edib. Sitat gətirmək istərdim: “Mən söyləmişəm ki, müharibə zamanı və indi erməni xalqı ilə problemimiz yoxdur. Bizə qarşı etdikləri kimi, erməni xalqına qarşı etnik təmizləmə aparmadıq. Tarixi abidələrini dağıtmadıq, qoruyuruq və bildiyiniz kimi bu istiqamətdə mühüm addımlar atmışıq." Ancaq hadisələrin gedişatından görünür ki, erməni əhalisinin beyninə bunun əksi yeridilib. Gələcəkdə vəziyyət dəyişə bilərmi?

- Bəli, əlbəttə ki, Prezident İlham Əliyevin açıqlamaları səmimi xarakter daşıyır. Amma mövcud vəziyyətdə dünən silahla Azərbaycan qoşunlarına müqavimət göstərən insanların bu gün Azərbaycan Respublikasının vətəndaşlığı altında yaşaya bilməyəcəklərini anlayırıq. Onlar bu döyüşlərdə qan düşməni hesab etdikləri insanlarla birlikdə yaşamağı birmənalı qəbul etmirlər. Aydındır ki, indi bu rejim qorunmalıdır. Erməni cəmiyyəti çox incik düşüb, təhqir olunub, sağalması üçün vaxt lazımdır. Bəlkə də Azərbaycan torpaqlarında yaşamış insanlar, yəni işğal olunmuş bölgələrdə yaşayan erməni əhalisini nəzərdə tuturam, azərbaycanlılarla bir yerdə yaşaya bilər. Zaman lazımdır, xalqların barışığı 1 ay müddətində mümkün olmayacaq. Rus sülhməramlılarının mandatı beş illik müddəti əhatə edir. Bu, olduqca təsiredici bir tarixi dövrdür. Birgəyaşayış həm Azərbaycan tərəfinin yanaşması, həm də Ermənistanda daxili proseslər və erməni icmasından asılıdır.

- Azərbaycanla Rusiya arasında münasibətlərin hazırki səviyyəsini necə dəyərləndirirsiniz?

- İki ölkə arasındakı münasibətləri çox yüksək qiymətləndirirəm. Rusiya ilə Azərbaycan arasındakı münasibətlər Rusiyanın xarici siyasətinin və ümumiyyətlə dünya siyasətinin saxtakarlığı ilə ziddiyyət təşkil edir. Bilirsiniz, qəzəbli səslər söyləyir ki, Rusiya hər zaman Ermənistanın tərəfindədir, çünki onlar xristiandırlar. Bu cür orta əsr təfəkkürü müasir dünya siyasətini izah edə bilməz. Azərbaycan üçün Rusiya vacib tərəfdaş və regional oyunçudur. Rusiya üçün Azərbaycan həm də post-sovet məkanında tərəfdaşlığı asılılıqla şərtlənməyən çox vacib bir ölkədir. Gəlin, diqqət edək: niyə həmişə deyilir ki, Ermənistan Rusiyanın müttəfiqi olmağa məhkumdur? Çünki coğrafi mövqe və iqtisadi səbəblərə görə Ermənistan, təəssüf ki, Rusiyasız ümumiyyətlə o qədər də səmərəli deyil.

Azərbaycan güclü, müstəqil və kifayət qədər uğurlu bir ölkədir. Rusiya ilə Azərbaycan arasında yaxşı münasibətlər mövcuddur. Post-sovet məkanındakı əlaqələrdən, ortaq keçmiş və gələcəkdən danışırıq. Bunlar bəzi nostalji hissləri şişirtmək üçün deyilmir, real olaraq dünya siyasətinin amillərindən biridir. Rusiya vətəndaşları azərbaycanlıları başa düşür, azərbaycanlılar rusları anlayır. Bizi bənzər mədəniyyət, dəyərlər birləşdirir. Beləliklə, mən düşünürəm - həm mədəni, həm də siyasi baxımdan bu gün Rusiya ilə Azərbaycan arasında münasibətlər yaxşıdır. Bu əlaqələr Qarabağ müharibəsindən sonra daha da gücləndi. Əslində, Rusiyanın xristianlar uğrunda mübarizə apardığı və bir növ xristian həmrəyliyin çalışdığına dair miflər özünü doğrultmadı. Rusiya güclü, müasir bir ölkədir, dünyanın əsas oyunçularından biridir. Azərbaycan da öz növbəsində həm də güclü, həm də müstəqil ölkə, qüdrətli regional oyunçudur. Bir daha vurğulamaq istərdim ki, Rusiya ilə Azərbaycan arasında sağlam əlaqələr mövcuddur.

- Bildiyimiz qədərilə Bakı şəhərini sizə bağlayan tellər var. Paytaxtımız barədə təəssüratlarınız necədir?

- Babam Xəzər donanmasında xidmət edib, nənəm onunla Bakıda yaşayıb. Atam və bibim Bakıda böyüyüb, uzun müddət paytaxtınızda yaşayıblar. Tələbəlik illərinə çatanda atam Bakıya ali məktəbə daxil olmaq üçün getdi, bibim isə 90-cı illərin əvvəllərində gəldi. Bakı onların həyat hekayələrinin şəhərdir. Onların və mənim dostlarım, bütünlükdə ailə dostlarımızla görüşəndə ​​hamısı özlərini bakılı adlandırırlar. Bu, çoxmillətli, geniş mədəniyyətə malik, multikultural Bakı qardaşlığından xəbər verir. Özüm də bir neçə dəfə Bakıda olmuşam. Dünyanın bir çox yerində olmuşam, Rusiya Xarici İşlər Nazirliyinin nümayəndə heyəti ilə birgə jurnalist kimi bir çox ölkələri gəzmişəm, səfərlər zamanı fərqli şəhərləri görmüşəm. Bakı həm müasir, həm də gözəl şəhərlərdən biridir. Onu Qafqazın “Dubayı” adlandırırlar, amma Dubay mənə olduqca steril bir şəhər kimi görünürdü. Bakı gözəl və əzəmətli olmaqla yanaşı həm də səmimi şəhərdir.

Burada olmaq adama xoş təsir bağışlayır. Moskvada doğulmuşam, burada böyümüşəm, buna baxmayaraq özümü Bakıda evimdəki kimi hiss edirəm. Bakıda rus dilində danışan insanları görmək çox gözəldir, təkcə atamın yaşıdlarının deyil, şəhərin küçələrində gördüyüm gənclərin də rus dilində danışmasından məmnunam. Bakını sevirəm, bunu tam səmimiyyətlə deyirəm. Bu şəhər məni ölkəmin tarixi ilə bağlayan, sevdiyim bir şəhərdir. Bakı mənə doğmadır. Müslüm Maqomayevin "Mənim şəhərim Bakı" mahnısı da mənim üçün yad mahnı deyil. Ümumiyyətlə, gündəlik həyatda Müslüm Maqomayevi çox dinləyirəm. Atamın bakılı sinif yoldaşı ona zəng edəndə Rəşid Behbudovun "Bakı gözəl şəhər" mahnısı atamın telefonunda səslənir. Bu, bütün həyatımı müşayiət edir və ailəmin kökləri ilə bağlılıq yaradır.


Müəllif: Jalə Hüseynova

Oxşar xəbərlər