29 Dekabr 2020 16:12
706
12 Punto 14 Punto 16 Punto 18 Punto

Vətən müharibəsi başlayan gündən Fransa açıq şəkildə Ermənistanın tərəfini saxlamağa başladı. Xüsusilə də Fransa Prezidenti Emmanuel Makron cənab Prezident İlham Əliyevə ardıcıl zənglər edərək müharibənin dayandırılması ilə bağlı xahişlər edib. 30 ilə yaxın bir müddətdə Fransa ATƏT-in Minsk Qrupunun üzvü kimi heç bir aktivlik göstərməyib. Ermənistan-Azərbaycan Dağlıq Qarabağ probleminin mövcudluğu dönəmində Fransanın hansısa bir təşəbbüsünü müşahidə etməmişik.

Bunu Teleqraf.com-a Milli Məclisin deputatı Ceyhun Məmmədov deyib.

Deputat bildirib ki, erməni işğalı, yeni təxribatlarla bağlı Azərbaycan tərəfi davamlı olaraq dünya ictimaiyyətini məlumatlandırıb:

"Hətta müharibədən öncə BMT tribunasından cənab Prezident tərəfindən Ermənistanın müharibə ritorikasında olduğu ilə bağlı ciddi faktlar dünya liderlərinin diqqətinə çatdırıldı. Amma çox təəssüf ki, bu çağırışlar qarşılıqsız qaldı. Sonradan isə Ermənistanın daha aqressiv və təxribatçı hərəkətlərinə Azərbaycanın sərt şəkildə cavab verməsi bir çoxlarını narahat etdi. Narahat olanlar içərisində Fransanı xüsusi ilə qeyd etməliyik. Bu dövlət ATƏT-in Minsk Qrupunun üzvüdür. Onun mövqeyi problemin həllinə yönəlik olmalıdır. Amma 44 günlük müharibə, ondan əvvəl və sonra biz bunu müşahidə etmədik. Vətən müharibəsi dövründə Fransa prezidenti əlindən gələni etdi ki, müharibəni dayandırsın. Az qala ermənilərin açıq müdafiəsi üçün bütün dünya liderlərinə zənglər edib. BMT-nin Azərbaycan əleyhinə qətnamə qəbul etməsinə çalışıb. Sözsüz ki, uzun illər ərzində Azərbaycanın öz dostlarını və tərəfdaşlarını yaxşı seçməsi müqabilində bunlar baş vermədi. Məlumdur ki, oktyabrda BMT-də aparılan müzakirələrdə Qoşulmama Hərəkatının üzvləri, Böyük Britaniya Azərbaycanın əleyhinə olan həmin bəyanata etiraz etdi. Bu isə Azərbycanın dünya birliyi arasında olan mövqeyinin açıq göstəricisi idi”.

Ceyhun Məmmədovun sözlərinə görə, 10 noyabr razılaşmasından, müdafiə etdiyi dövlətin kaputuliyasından sonra da Fransa aqressiv yanaşmalarını davam etdirir:

“Bu günlərdə Makronla Paşinyan arasındakı sms yazışmalarının ortaya çıxması da deyilənləri bir daha təsdiqləyir. Amma maraqlı məqam odur ki, Fransada erməni icması ilə görüşən Makron Paşinyandan incikliyini də gizlətməyib. 10 noyabrdan sonra heç bir kontaktın olmadığından, razılaşmanın heç olmasa yumşaldılmasından dolayı bir xahiş və zəngin edilmədiyindən şikayətlənib”.

Millət vəkilinə görə, Makronun narahatlığı ölkəsinin regionda olan bütün proseslərdən kənarda qalması, rəqibi olduğu dövlətlərin bu bölgədə aktiv rol almasıdır:

“O Fransanın yox Ermənistanın maraqlarını düşünürmüş kimi davranmaqla əslində ölkəsinin maraqlarını zərbə altında qoyur. Çünki bütün dünya birliyi hətta Fransanın özü belə Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir. BMT-nin qətnamələrində bu fakt öz əksini tapıb".


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər