Moskvada Azərbaycan, Rusiya və Ermənistan rəhbərlərinin görüşü baş tutub. Bu görüş I Qarabağ müharibəsindən sonra bir ilklə tarixə düşüb. İlk dəfə bu formatda keçən görüşə Azərbaycan Prezidenti qalib, Ermənistan rəhbəri məğlub iştirak edirdi.
Bunu Teleqraf.com-a siyası şərhçi Xəyal Bəşirov deyib.
Siyasi şərhçi görüşdə üçtərəfli qaydada 4 bəndlik yeni bəyanatın iqtisadi, nəqliyyat məsələlərinə həsr olunduğunu söyləyib:
“Görüşdəki görüntülərdə oradakı ab-havanı anlamaq mümkün idi. Dövlət başçılarının səsləndirdiyi fikirlər, regionda sülh və sabitlik istiqamətində oldu. Rusiya və Ermənistanın regionla bağlı istəkləri, Azərbaycanın mövqeyindən asılıdır. Rusiya və Ermənistan regionda iqtisadi prosesin, nəqliyyat infrastrukturunun gücləndirilməsində maraqlıdır. Azərbaycanın 10 noyabr tarixli bəyanatda əks olunan haqlı tələblərini həyata keçirmədən mümkün deyil. Tələblər regionun erməni terrorçularının və ərazilərin minalardan təmizlənməsidir”.
Xəyal Bəşirov sərhədlərin delimitasiyası və Laçın koridoru, Mehri dəhlizinin açılması Azərbaycanın marağında olduğunu bildirib:
“Buna görə də, Azərbaycan tərəfinin ümumilikdə regionda sabitliyin möhkəmlənməsinə xidmət edəcək istəkləri reallaşmadan, o ərazilərdə iqtisadi oyanış mümkün deyil. Müvafiq proses, həm də Rusiyanın Türkiyə vasitəsi ilə Aralıq dənizinə çıxması üçün ən optimal imkanlar yaradır. Bütün bu arqumentlərə əsasən, düşünürəm ki, tərəflərin regiondakı yeni siyasi və iqtisadi reallığı qəbul etməkdən başqa yolu yoxdur”.
Şərhçinin fikirlərinə görə, Paşinyanın xalqından və dövlətindən çox, özünün taleyindən narahatdır:
“Ermənistandakı qəzəbli auditoriyanı sakitləşdirmək üçün bəzi yarımçıq fikirlər səsləndirib. Qarabağın statusu, hərbi əsirlərlə bağlı məsələyə toxunması ölkə əhalisini sakitləşdirməyə hesablanmışdı. Regionda Azərbaycanın maraqları təmin edilməyincə, hansısa iqtisadi layihələrdən danışmaq olmaz”.