11 yanvarda Moskvada imzalanmış növbəti üçtərəfli bəyanat region üçün böyük əhəmiyyət daşıyır. Regionda davamlı sülhün əldə olunması və iqtisadi-siyasi əməkdaşlığın inkişaf etdirilməsi üçün üçtərəfli görüşlər davamlı xarakter almalıdır. Üçtərəfli görüşlərdə 30 ildə mümkün olmayan, region üçün əhəmiyyətli problemlər həll olunur. Bu problemlərin həlli bəzi ölkələr üçün yuxu kimi görünürdüsə də, artıq reallığa çevrilir. 10 noyabrda imzalanmış üçtərəfli bəyanatın 9 bəndi əsasında öz həllini tapmaqdadır.
Bunu Teleqraf.com-a Milli Məclisin deputatı Azər Badamov deyib.
Onun sözlərinə görə, 10 noyabrda imzalanmış üçtərəfli bəyanatın 9-cu bəndi Azərbaycanın ərazi bütövlüyünün bərpasına xidmət edir:
“Eyni zamanda regionda siyasi sabitliyin yaranması, iqtisadi əməkdaşlığın inkişafı əsas hədəfdir. 10 noyabr bəyanatı uğurla icra olunur. Bəyanatın bütün bəndlərinin dəqiqliklə icrasını təmin etmək üçün növbəti üçtərəfli görüşlər keçiriləcək. Nəticələrin müzakirə olunması və icra olunmamış bəndlərin yeni mexanizmlərinin müəyyənləşdirilməsi vacibdir”.
Millət vəkili Moskvada imzalanmış üçtərəfli bəyanatın ölkəmizin maraqlarına uyğun olduğunu qeyd edib:
“Regionda kommunikasiyalar açılır. İqtisadi əməkdaşlığın reallaşması üçün əsas yaranır. Üçtərəfli bəyanata əsasən Rusiya, Azərbaycan və Ermənistan baş nazirlərinin müavinlərinin sədrliyi ilə İşçi qrupu yaradılacaq. Paralel olaraq ekspertlərdən ibarət alt qruplarda görülməli işlərinin hazırlanması nəzərdə tutulur. 11 yanvarda qəbul olunmuş üçtərəfli bəyanat 4 bənddən ibarət olmaqla 10 noyabrda imzalanmış bəyanatın 9-cu bəndinin icrasına hesablanıb. Moskva bəyantının 4-cü bəndinə uyğun olaraq İşçi qrupu 2021-ci il martın 1-dək Azərbaycan və Ermənistandan keçəcək beynəlxalq daşımaların, təşkili, icrası, təhlükəsizliyi, nəqliyyat infrastrukturu ilə bağlı layihə hazırlayacaq. Bu, o deməkdir ki, regiona davamlı sülh gəlir. Həmin sülhün əsasında ölkələrarası kommunikasiyalar açılacaq. Nəqliyyat dəhlizi Azərbaycanı Naxçıvana və Türkiyəyə birləşdirəcək. Bu, Azərbaycan üçün yeni imkanlar deməkdir. Mehri dəhlizindən çəkiləcək avtomobil, dəmir yolu yeni ixrac kəməri olacaq. Mehri dəhlizi Azərbaycanın beynəlxalq tranzit yükdaşımalarında payını artıracaq, əlavə gəlir gətirəcək. Nəqliyyat dəhlizi Ermənistan üçün həyatı əhəmiyyət daşıyır. Ermənistanı 30 illik iqtisadi blokadadan çıxaracaq. Qonşuları ilə münasibətlərinin yenidən qurulması üçün imkanlar yaradacaq".
Azər Badamov əlavə edib ki, nəqliyyat dəhlizi Rusiya, Türkiyə və Avropaya Azərbaycan üzərindən qısa marşurutla çıxış imkanı olacaq:
“Mehri dəhlizi tarixi İpək yolunun bərpası, səmərəli, rəqabətli və cəlbedici olacaq. Azərbaycan-Ermənistan arasında kommunikasiyaların açılması regiona yeni canlanma gətirəcək. Kommunikasiyaların açılması əldə olunmuş razılaşmaların möhkəmlənməsi deməkdir. Beləliklə, imzalanmış üçtərəfli bəyanat Azərbaycanın regionda rolunu, yerini möhkəmləndirir. Milli maraqlarımıza tam uyğundur. Bu, həm də işğaldan azad olunmuş rayonlara böyük qayıdışı sürətləndirəcək. Qarabağda Azərbaycan və erməni icmaları arasında birgə yaşayışa, adaptasiya proseslərini tezləşdirəcək. Regiona davamlı sülh gəlmədən iqtisadi əməkdaşlığı genişləndirmək çətindir. Üçtərəfli bəyanat kommunikasiyaların açılışı regiondan yaranacaq davamlı sülhün əsasları deməkdir”.