Son günlər Türkiyədən Azərbaycana çoxlu sayda hərbi təyyarələrin gəlməsinə normal yanaşmaq lazımdır. Azərbaycan və Türkiyə arasında hərbi əməkdaşlıq, eləcə də ikitərəfli qarşılıqlı yardım haqqında razılaşma var. Görünür, bu sənədlərə əsasən hansısa yüklər gətirilir və ya Azərbaycana lazım olan hərbi xarakterli yüklər çatdırılır.
Bu fikirləri Teleqraf.com-a ADP sədri Sərdar Cəlaloğlu deyib.
Bu cür xəbərlərin Azərbaycanı sevməyən çevrələrdə müsbət qarşılanmadığını xatırladan ADP sədri bunun gözlənilən olduğuun vurğulayıb: “Azərbaycana belə yük təyyarələrinin gəlməsinə təbii yanaşmaq lazımdır. Bəli, belə xəbərlər Ermənistanda və onu dəstəkləyən ölkələrdə qıcığa səbəb ola bilər. Düşmənlərimiz əgər qıcıqlanırsa, deməli biz düz yoldayıq. Mən hesab edirəm ki, Azərbaycanla Türkiyə arasında əməkdaşlıq yüksək səviyyədədir, amma daha yüksək səviyyəyə qaldırmaq üçün işlər görülməlidir. Məsələn, vahid ordu yaradılmalıdır. Mən hesab edirəm ki, gec-tez Azərbaycan və Türkiyə arasında konfederasiya yaranacaq”.