4 Fevral 2021 14:10
3 098
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ağsaqqallar Şurasının sədri, Milli Məclisin deputatı, professor Eldar Quliyev Teleqraf.com-un suallarını cavablandırıb.

Müsahibənin əvvəli burada

-... Azərbaycan xalqı heç vaxt işğal faktı ilə barışmayıb. Cəmiyyət hər zaman öz daxili problemlərini bir kənara atıb milli məsələlərin daha yüksək tutulmasına səy göstərib. Sözsüz ki, qonşuluqda işğalçı bir dövlətin olması da milli müdafiə məsələlərində daha diqqətli olmağımızı tələb edib. Azərbaycan xalqı hər zaman öz tarixinə, milli dəyərlərinə, ərazi ilə bağlı prinsiplərə həssas yanaşıb. Qardaş Türkiyənin, doğma vətənimizin timsalında bütövlükdə türk xalqları hər zaman öz vətəninə bağlı olub. Övladı vətən uğrunda şəhid olan atalar “Vətən sağ olsun deyir”. Vətən anlayışı bizim üçün ən müqəddəs bir dəyərdir.

- Ermənilər işğal faktını uzatmaqla Azərbaycanda yeni nəslin öz torpaqlarına biganə yanaşacağını düşünürdü. Amma gənc nəsil işğalda olan torpaqlarımızı azad etdi...

- Çünki ermənilər üçün vətən, torpaq anlayışı yoxdur. Onların heç vaxt tarixi torpaqları, vətəni olmayıb. Ona görə də vətən anlayışını dərk etmirlər. Ermənilər bu əraziyə köçmə millətdir. Gülüstan və Türkmənçay müqavilələrindən sonra ermənilər bu ərazilərdə məskunlaşmış bir toplumdur. Amma azərbaycanlılar bu ərazinin tarixi sakinləri, burada ulu babalarının ruhu yaşayan bir millətdir. Bizim üçün vətən, torpaq anlayışı yetişən hər nəsil üçün müqəddəsdir. Yetişən nəsillər də vətənpərvər ruhda formalaşıb. Ermənilər isə düşüncələrində hər zaman yanılıblar. Onların düşüncəsi o idi ki, Azərbaycanda yeni nəsil formalaşacaq və onlar üçün Qarabağ o qədər də əhəmiyyət kəsb etməyəcək. Amma yanıldılar. Azərbaycan tarixindən xəbərləri olmayan bir toplum üçün bu, başadüşüləndir.

Xalqımız min illiklər boyu heç vaxt öz mübarizə əzmini, milli kimliyini kənara atmayıb. Yetişən hər nəsil isə öz tarixi dəyərlərinə daha çox bağlanıb. Biz böyüklər də hər zaman çalışmışıq ki, yetişən nəsil üçün bir örnək olaq. Yaşlı nəsil üçün hər zaman düşündürücü məsələ o idi ki, Qarabağ problemi gələcəyə qalmasın. Çox şükür ki, cənab Ali Baş Komandanın rəhbərliyi altında Müzəffər Ordumuz, gənclərimiz işğala son qoydu. Nə qədər müasir silahlarla silahlansaq da döyüşən vətənpərvər ordu olmasa döyüşdə qələbə qazanmaq mümkün deyil. Ona görə də bu gün Qarabağın azadlığına nail olan böyük bir Ordu, Ali Baş Komandan var. O, Azərbaycan tarixində bir xilaskar missiyasını yerinə yetirib. Son 200 il ərzində Azərbaycan tarixi torpaq itkiləri ilə yadda qalıb. Tarixə də nəzər saldıqda bunu aydın görmək olur. Çar Rusiyası və digər dönəmlərdə Azərbaycan torpaqları ermənilərə güzəştə gedilib. Amma bu gün Azərbaycan müasir dövrdə cənab Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Müzəffər Ordumuz öz tarixi torpaqlarına sahib oldu. Onu işğalçıdan azad etdi. Azərbaycan əsgərinin döyüşdə göstərdiyi qəhrəmanlıqlar isə bundan sonra tarixdə yaşayacaq. Gənclərimiz ona görə böyük bir əzmlə döyüşə atıldı ki, bu problem birdəfəlik həll edilsin. Yetişmiş vətənpərvər gənc nəsil öz tarixi dəyərlərinə əsaslanaraq düşməni torpaqlarımızdan qovdu.

- Cənab Prezident Şuşadan xüsusi mesajlar verdi. Bu mesajların alt qatında hansı məqamlar dayanır?

- Ermənilər illərlə işğalda saxladıqları ərazilərimizi xarabazarlığa çevirib. Onlar çox barbar bir toplum olduqlarını göstəriblər. Azərbaycan xalqını zorla öz tarixi ata-baba torpaqlarından qovub onu talan etmək ancaq vandallıq əlamətidir. Hətta 44 günlük müharibədən sonra azad edilmiş torpaqlarımızda biz bunu gördük. Tarixi, dini abidələrimiz, qəbiristanlıqlar erməni vandallığına məruz qalıb. Ermənilər azərbaycanlıları öz ata-baba ocaqlarından zorla çıxaranda onlar öz evlərini yandıraraq tərk etməmişdilər.

Azərbaycanlılar o torpaqlardan çıxarkən geri dənəcəklərinə əmin olduqları üçün öz mülklərini yandırmadılar. Amma ermənilər torpaqlardan çıxarkan azərbaycanlılara məxsus evləri yandırdılar. Ermənilər o qədər barbar və vandal millətdir ki, tarixi abidələrə, heykəllərə güllə atıb. Cənab Prezidentin Şuşadan verdiyi mesajlar xüsusi bir əhəmiyyətə malik idi. O, Cıdır düzündə paxlava ilə çay içməklə əsl milli kimliymizi, bu torpaqların sahiblərinin kim olduğunu bütün dünyaya göstərdi. Ermənilər hər zaman xalqımıza məxsus olan nemətləri belə öz adlarına çıxmağa çalışıb. Cənab Prezident bu addımı ilə göstərdi ki, ərazilər və nemətlər azərbaycanlılara məxsusdur. Bir vaxtlar Cıdır düzündə yallı gedən Nikol Paşinyana və erməniləri revanşist məsələlərə səsləyənlərə də ciddi bir mesaj idi.

- Məscidlərə və tarixi abidələrimizə qarşı erməni vandalizminin kökündə hansı amillər dayanır?

- Onlar hər zaman bu cür iyrənc addımlar atıb. Ermənilər guya özlərini qədim xalq, qədim din sahibi olduqlarını iddia edirlər. Amma bu gün ermənilərin öz adlarına çıxmaq istədiyi kilsələr Qafqaz albanlarına məxsusdur. Azərbaycan ərazisində olan kilsələrin ermənilərə heç bir aidiyyatı olmayıb. Qarabağda olan kilsələrin də ermənilərə bağlılığı yoxdur. Bu kilsələr çar Rusiyası dövründə onlara verilib. Ermənilər sadəcə saxtakarlıqla məşğul olurlar. Bu gün Qarabağda, Azərbaycanın digər ərazilərində olan kilsələr Qafqaz Albaniyasına məxsus olub. Ermənilər alban kilsələrini qriqoryanlaşdırıb. Ölkəmizdə bütün dinlərin abidələri qorunub saxlanılır. Azərbaycan bütün dünyada tolerant ölkə kimi tanınır. Ölkəmizin məxsus olduğu dəyərlər min illiklərə söykənir. Azərbaycan qədim İslam dəyərləri mövcuddur. Min illiklərdi ölkəmizdə İslam dininə mənsub abidələr, məscidlər, dəyərlərimizə uyğun qorunub saxlanılır. Maştağada bu gün qədim məscid var. Eyni zamanda Şamaxıda qədim Cümə məscidi fəaliyyət göstərir. Dini abidələri dağıdanlar, heç bir dinə hörmət etməyənlər hansı halda din faktorundan danışa bilər? Biz xarici səfərlərdə olanda həmin ölkələrin dini abidələrini ziyarət edirik. Hər bir xalqın dininə tarixi dəyərlərinə hörmətlə yanaşılmalıdır.

- 44 günlük müharibədən sonra regionda yeni reallıq yaranıb. Bölgədə əməkdaşlıq perspektivini necə dəyərləndirirsiniz?

- Vətən müharibəsində Azərbaycan xalqı birlik, vahid güc nümayiş etdirib. Müharibə dövründə xalqımız öz milli birliyini bütün dünyaya göstərdi. Ölkə daxilində müəyyən siyasi partiyalar da Ordumuzla, xalqla birlik nümayiş etdirdi. Amma bu gün qazanılan böyük bir tarixi qələbəyə dair başqa fikirlər səsləndirilir. Bunlar yolverilməzdir. Azərbaycan tarixi qələbə qazanıb. Qarabağın status məsələsi tarixdə qaldı. Azərbaycan ərazisində yaşamış, qeydiyyatda olmuş ermənilərin burada yaşamasına heç kim etiraz etmir. Ona görə də müəyyən məsələlər ətrafında fikir mübadiləsi aparmaq yersizdir. Azərbaycan öz ərazi bütövlüyünü təmin etməklə regionda yeni bir reallıq yaradıb. Artıq bölgə dövlətləri qarşılıqlı əməkdaşlığa maraq göstərir. Qardaş Türkiyənin timsalında aparıcı dövlətlər regional əməkdaşlığın yeni imkanlarını dəyərləndirir. Bu əməkdaşlıq Ermənistan üçün də çıxış yolu deməkdir. Bu günə qədər blokada şəraitində qalan Ermənistan olduqca ağır iqtisadi sosial problemlər məngənəsindədir. Naxçıvana açılacaq yeni yol, yaranacaq kommunikasiya xəttləri bölgəyə yeni iqtisadi reallıqlar gətirəcək.

- 11 yanvardan Moskvada əldə edilən razılaşma region xalqlarının əməkdaşlığına necə təsir edəcək?

- 44 günlük Vətən müharibəsindən, Azərbaycanın qazanmış olduğu tarixi qələbədən sonra mənzərə dəyişib. Regionda yeni bir reallıq yaranıb. Bundan bölgədə yaşayan bütün xalqlar yararlanacaq. Ermənilər də öz niyyətlərindən əl çəksələr, mövcud reallıqdan faydalanacaqlar. Əks halda onların uzun illər başqa xalqlara qarşı ərazi iddaları müstəvisində bütün regional proqramlardan təcrid olunması davam edəcək. 11 yanvarda Moskvada imzalanmış razılıq əslində bölgədə tez bir zamanda kommunikasiya xəttlərinin bərpası iqtisadi aktivliyin canlanmasına imkanlar yaradacaq. Azərbaycan-Türkiyə-Rusiya birgə platforması bölgə üçün daha aktiv əməkdaşlığın yaranmasını təmin edir. Artıq Türkmənistan və İran da aktiv şəkildə proseslərə qoşulub. Qarabağ probleminin həlli regionda aktiv iqtisadi əlaqələrə xalqlar arasındakı münasibətlərə də müsbət təsir göstərəcək.

- Kapitulyasiyadan sonra Ermənistanda revanşla bağlı fikirlər səslənir. Bu, hansı amillərdən qaynaqlanır?

- Bu gün erməniləri yenidən təhlükəli addımlara sürükləyən lobbi təşkilatları və cinayətkar erməni ünsürləridir. Onlar başa düşməlidir ki, indi başqa bir reallıqdır. Azərbaycan vəziyyəti dəyişib. Yenidən müharibə ritorikası ermənilərə heç bir uğur qazandırmayacaq. Azərbaycan xalqı öz tarixi ərazilərini bərpa edib. Region xalqları üçün də mühüm imkanlar yaranıb. Bu gün Füzulidə beynəlxalq aeroport tikilir. Bunun ardınca kommunikasiyaların açılması üçün ciddi addımlar atılır. Azərbaycan xalqı cənab Prezidentin rəhbərliyi ilə öz milli birliyinə nail olub. Torpaqlarımız işğaldan azad edilib, Azərbaycan regionun gələcək inkişaf xəritəsini dəyişib. Bütün regional layihələrin icrası üçün mühüm imkanlar yaranıb. Cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə Cənubi Qafqazda Azərbaycan öz gücü və imkanları ilə lider dövlətə çevrilib.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər