5 Fevral 2021 19:26
2 352
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Hazırda Azərbaycan-Ermənistan sərhədləri boyu demarkasiya prosesi gedir. Lakin azad edilmiş torpaqlar çərçivəsində gedən proseslərə Rusiya silahlıları da qoşulub və erməniləri zəbt etdikləri ərazilərdən çıxmağa məcbur edir. Amma Gədəbəy, Tovuz və Qazax istiqamətlərində Rusiya hərbçiləri yoxdur. Bu da ermənilərə təxribat törətməyə imkan yaradır, yəni həmin prosesi orada ləngitmək istəyirlər. Delimitasiya prosesi bu istiqamətlərdə də zəbt edilmiş ərazilərin Azərbaycana qaytarılmasına gətirib çıxarmalıdır”.

Politoloq İlqar Vəlizadənin Teleqraf.com-a müsahibəsini təqdim edirik:

- Bir neçə gündür erməni mediasında Xankəndindəki “dövlət müəssisələri”ndə Azərbaycan bayrağının asılacağı və azərbaycanlı qaçqınların ora qayıdacağı ilə bağlı yeni iddialar müzakirə olunur. Sizcə, bu iddialar hansı əsaslarla yayılır, ermənilərin bu narahatlığı nədən qaynaqlanır?

- Ermənilərin narahatlığını başa düşmək olur. Ona görə ki, son həftələrdə Rusiya sülhməramlılarının nəzarət etdiyi ərazilərdən erməni silahlı birləşmələrinə məxsus qüvvələrin və hərbi texnikaların çıxarılması ilə bağlı məlumatlar yayılır. Yəqin bunu fikirləşənlərin məntiqi bundan ibarətdir ki, əgər hərbi texnikalar çıxarılırsa, digər istiqamətlərdə də prosesə gedəcək və gedir, müyyən mərhələdən sonra azərbaycanlı məcburi köçkünlər də qayıdacaqlar. Bununla bağlı bəyanatlar da verilib. Azərbaycanın rəsmi mənbələrindən də belə məlumatlar yayılır. Maraqlıdır ki, ermənilər daha çox Azərbaycanın rəsmi mənbələrinin məlumatlarına inanırlar, nəinki Ermənistanın media qurumlarına. Çünki son ayların hadisələri göstərir ki, Azərbaycanın yaydığı məlumatlar öz təsdiqini tapdığı halda, Ermənistan mediasının və rəsmi mənbələrinin yaydığı informasiyalar yalan çıxır. Buna görə də ermənilər Azərbaycanın informasiya məkanını izləyirlər. Məsələn, vaxtilə xəbər yaydılar ki, Kəlbəcərdən çıxmayın, qalın. Amma az sonra Rusiya sülhməramlıları erməniləri Kəlbəcərdən çıxardı. İndi sərhəd rayonlarında da eyni durumla üzləşirlər.

Bir sözlə, Azərbaycanın rəsmi mənbələri açıqlama verib ki, azərbaycanlı məcburi köçkünləri Xankəndinə qayıdacaqlar. Ermənilər də düşünürlər ki, Azərbaycan belə bir açıqlama veribsə, deməli, bu baş verəcək.

- Rusiya Müdafiə Nazirliyi hər gün Ermənistandan Xankəndinə gələnlər haqda məlumatlar yayır. Nazirliyin rəsmi məlumatlarından belə çıxır ki, Ermənistandan Qarabağa üz tutanların sayı kifayət qədərdir. Normal həyat şərtləri olmayan ərazilərə böyük bir köçün baş verməsi nə qədər məntiqlidir?

- Rəqəmlərlə bağlı mübahisə aparmaq olar. O iddianı ortaya atıblar ki, 200 min erməni Qarabağa gəlib. Bu rəqəm mənə inanılmaz görünür. Humanitar tədbirlərin həyata keçirilməsi çərçivəsində bu addımları başa düşmək olar. Amma humanitar addımlar mərhələli şəkildə atılmalıdır. Çünki mərhələli plan azərbaycanlıların da bu regiona qayıtmasını nəzərdə tutur. Üçtərəfli sazişdə də bu bənd xüsusi olaraq göstərilir. Yəni, bütün qaçqın və məcburi köçkünlər öz yurd-yuvalarına qayıtmalıdır. Bu, bizim üçün humanitar planın birinci mərhələsi sayıla bilər. Amma bu o demək deyil ki, iş bununla da bitəcək.

Əslində, 1988-ci ilə qədər olan vəziyyəti bərpa etmək lazımdır, işlər də bu istiqamətdə getməlidir. Düşünürəm ki, bununla bağlı da addımlar atılacaq.

- İki gün əvvəl Ermənistan silahlı qüvvələri Qazax istiqamətində atəşkəs rejimini pozdu. Ermənistanı buna vadar edən nədir, hansı məqsədlə belə bir addım atdı?

- Hazırda Azərbaycan-Ermənistan sərhədləri boyu demarkasiya prosesi gedir. Lakin azad edilmiş torpaqlar çərçivəsində gedən proseslərə Rusiya silahlıları da qoşulub və erməniləri zəbt etdikləri ərazilərdən çıxmağa məcbur edir. Amma Gədəbəy, Tovuz və Qazax istiqamətlərində Rusiya hərbçiləri yoxdur. Bu da ermənilərə təxribat törətməyə imkan yaradır, yəni, həmin prosesi orada ləngitmək istəyirlər. Delimitasiya prosesi bu istiqamətlərdə də zəbt edilmiş ərazilərin Azərbaycana qaytarılmasına gətirb çıxarmalıdır. Amma ermənilər təxribat törətməklə maneələr yaratmağa çalışırlar. Həmin istiqamətdə eksklav ərazilər var. Ermənilər bu əraziləri Azərbaycana qaytarmaq niyyətində deyillər. Çünki bu eksklavlar qaytarılsa, Azərbaycan bu bölgədən keçən mühüm kommunikasiya xətlərinə nəzarət etmək imkanı qazanacaq. Ermənilər də bu strateji təşəbbüsü əllərində saxlamaq üçün prosesin qarşısını almağa cəhdlər göstərirlər.

- KTMT-nin baş katibi Stanislav Zas bir neçə gün əvvəl belə bir açıqlama verdi ki, Suriyadan Qarabağa gətirilən yaraqlılar çıxarılmalıdır. O, birdən-birə niyə belə bir açıqlama verməyə ehtiyac hiss etdi, bu fikirlər nəyə hesablana bilər?

- Stanuislav Zasın bununla bağlı müsahibəsini tam oxumuşam. Rusiya və Ermənistanın bəzi media qurumları onun fikirlərini təhrif edərək yayımlayıb. Əslində Zas deyib ki, “Məndə Qarabağda muzdlu silahlıların olub-olmaması haqda dəqiq məlumat yoxdur. Amma ümumi məlumata əsasən deyə bilərik ki, əgər orada muzdlular varsa, çıxarmaq lazımdır”.

Zasın fikirləri təxminən bundan ibarətdir. Yəni, real olaraq, Qarabağda kənardan gətirilmiş muzdlular yoxdur. Yeri gəlmişkən, nə KTMT, nə də Rusiya başda olmaqla bu quruma üzv olan heç bir ölkə bununla bağlı Azərbaycana rəsmi məruzə etməyib. Bu da onu deməyə əsas verir ki, bununla əlaqədar yayılan məlumatlar şayiələrdir, əsassız iddialardır. Dediyim kimi, Zasın fikirləri də kimlərəsə təhrif olunmuş formada ötürülüb. Həmin kimsələr də bundan Azərbaycan-KTMT münasibətlərinə zərər verməyə çalışır.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər