Milli Məclisin Səhiyyə Komitəsinin üzvü Məlahət İbrahimqızı Teleqraf.com-un suallarını cavablandırıb.
Onunla müsahibəni təqdim edirik:
- Məlahət xanım, artıq ölkəmizdə vaksinasiyaya start verilib. Prosesin gedişini, insanların peyvəndlə bağlı fikirlərini necə qiymətləndirmək olar?
- Yanvarın 18-dən ölkəmizdə vaksinasiya başlayıb. İlk olaraq risk qrupuna daxil olan şəxslərə vaksin vurulur. İndiyədək tibb işçiləri və digər risk qrupuna daxil olan insanların vaksinasiyasında heç bir problem olmayıb. Həmin insanların səhhətlərində heç bir əks effektlər aşkarlanmayıb. Artıq 65 yaşdan yuxarı şəxslərin də peyvənd olunmasına start verilib. Bu proses də qaydalara uyğun davam edir. İnsanlar könüllü şəkildə qeydiyyatdan keçərək, vaksinasiya olunur. Hələlik bu yaş kateqoriyasına aid insanların da səhhətində heç bir ciddi fəsad baş verməyib. Vaksinasiyaya başlayan ilk ölkələrdənik. İnsanların sağlamlığı naminə dövlətimiz hər zaman zəruri və təxirəsalınmaz addımlar atıb. Bu vaksinasiya da dövlət vəsaiti hesabına və könüllülük prinsipinə əsaslanır. Bütün dünyada olduğu kimi Azərbaycanda da vaksinasiya prosesi uğurla davam edir. Eyni zamanda vaksinasiya ilə bağlı da dünyada hazırda açıq rəqabət gedir. Bir çox ölkə vaksinin əldə olunması ilə bağlı çətinliklər yaşayır. Azərbaycan ölkə rəhbərinin iradəsi ilə əhalisinin sağlamlığı naminə bütün imkanlarından istifadə edərək buna nail olub. Bir səhiyyə işçisi olaraq Azərbaycanda tətbiq edilən vaksinin sınaqlardan uğurla keçdiyinə əminliyimi ifadə edirəm. Bu klassik vaksinlər qrupuna aiddir. Klassik vaksinlər virusun zəiflədilmiş, öldürülmüş formasından hazırlanır. Bu isə insan bədənində virusa qarşı immunitet formalaşdırır. Avropanın bir çox ölkəsində risk qrupuna daxil olan kateqoriyadan sonra yaşı 70-dən yuxarı şəxslərə vaksin vurulur. Azərbaycanda isə bu göstərici 65-dir.
- İlk vaxtlar virusla olduğu kimi, indi də vaksinlə bağlı bəzi insanlar arasında inamsızlıq var. Bu cür əsassız yanaşmalar nədən qaynaqlanır?
- Cəmiyyətdə vaksinlə bağlı müxtəlif fikirlər var. Bu, bütün dövrlər üçün də xarakterikdir. Virusun ilk yayıldığı dövrlərdə də insanların inamsızlığını müşahidə edirdik. Bu, düzgün olmayan informasiyaların yayılması ilə bağlıdır. Müasir dövürdür, yanlış bir fikir bəzən böyük bir kütləvi rəy formalaşdırır. Ona görə də insanların prosesləri daha dəqiq araşdırıb, ən doğru olanı seçməsi tövsiyə olunur. Sosial şəbəkələrdə davamlı olaraq yalan xəbərlər dolaşır. Bu baxımdan da vaksinlə də bağlı suallar yaranır. Vaksin yeni bir məsələ deyil. Uzun on illiklər Polimeritdən, Vərəmdən və digər kütləvi yoluxucu xəstəliklərdən insanları qoruyan vaksin olub. Vaksin sayəsində indi Difteriya, Polimerit, Göy Öskürək xəstəliyi yoxdur. Bu gün Azərbaycan öz imkanları ilə əhalisini vaksinlə təmin edir. Bunu edə bilməyən dövlətlər də var. Ümumdünya Səhiyyə Təşkilatı da çalışır ki, o kateqoriyadan olan ölkələrdə də əhalinin vaksinləşməsini həyata keçirsin. Vaksinasiya əsas şərtdir. İnsanlar yalan şayiələrə inanmasın.
- Vaksinin yan təsirləri ilə bağlı da müxtəlif fikirlər səsləndirilir...
- Bu günə qədər vaksin vurulan insanlarda belə bir hal yaşanmayıb. Bu vaksinin heç bir ağır yan təsirləri yoxdur. Hər hansı yanaşı xəstəliyi olan insanlarla bağlı qaydalar var. Belə insanlarla bağlı səhiyyə işçiləri ümumi qərar əsasında addım atır. İnsanlar könüllü şəkildə bu prosesə qoşulur.
- Peyvənd olmuş şəxsin yenidən virusa yoluxması ehtimalı nə dərəcədə mümkündür?
- Vaksinasiya iki mərhələdə keçirilir. Hər bir mərhələdə insan ciddi yoxlanışdan keçir. İnsanın qanında antitellər yaranıbsa, ona vaksin vurulmur. Vaksin vurulan şəxslə bağlı yüz faizlik bir qaranti mövcud deyil. Bu, bütün dünyada belədir. Amma ən pis halda belə vaksin virusun öldürücü qabiliyyətini zəiflədir.