Azərbaycan və Ermənistanın dövlət sərhədləri müəyyənləşməlidir. Sərhədin ortasında, qarşı tərəfdə yerləşməklə 30 il əvvəl işğal etdikləri əraziləri indi özlərinin kəndləri kimi təqdim etməklə deyil, 10 noyabr və 11 yanvar bəyanatlarına uyğun şəkildə proses həyata keçirilməlidir. Qərar verilib və buna uyğun işlər yerinə yetirilməlidir. Fikrimcə, başqa cür də ola bilməz. Məsələ uzun müddət davam edə bilməz, həll olunmalıdır. İşğaldan sonra sərhədin Azərbaycan hissəsində yaşayan erməni kəndlilərinin də səs-küyünə diqqət etməyə ehtiyac yoxdur. Bunun əhəmiyyəti də yoxdur. Ortada 10 noyabr və 11 yanvar razılaşmaları var. Həmin sənədlərdə nə nəzərdə tutulubsa, yerinə yetiriləcək.
Bu fikirləri Teleqraf.com-a Azərbaycan Ali Sovetinin (indiki Milli Məclis) sabiq sədri,Yaqub Məmmədov deyib.
O bildirib ki, Ermənistanda revanşist qüvvələrin səs-küy qaldırmasının mənası yoxdur:
“Onlar heç nə edə bilməyəcəklər. İndi Ermənistanda olanların heç revanş etmək imkanları da yüksək deyil. Onlar daxildə hakimiyyət uğrunda mübarizə aparırlar. Bu səbəbdən də daxili aditoriyaya hesablanan bəyanatlar verirlər. Digər tərəfdən, Ermənistanın ordusu, silah-sursatı qalıb? Azərbaycan Ordusu onları darmadağın edib. Üstəlik indi regionda hərbi fazanın olması heç bir ölkənin, heç əsas oyunçuların da marağında deyil. Artıq sülhməramlılar da hadisə yerindədir. Həm də Azərbaycan Prezidenti bəyanat verərək deyib ki, əgər bir daha baş qaldırsalar, əvvəlkindən də ağır dəmir yumruq başlarına enəcək”.
Yaqub Məmmədov düşünür ki, problemin birdəfəlik həlli baş verəcək:
“Mən inanmıram ki, erməni tərəfi bir daha müharibə haqqında düşünsün. Onların elə bir dəstəyi də yoxdur. Əvvəl arxalarında duran qüvvə var idi, indi bu qüvvə yoxdur. Xaricdən bəyanat verməklə burada müharibə getməz. Müharibə aparana silah-sursat, ordu lazımdır. Bu da faktiki olaraq yoxdur. Güman etmirəm ki, ermənilər bir daha belə fikrə düşə bilərlər”.
Y. Məmmədov hesab edir ki, məcburi köçkünlər işğaldan azad olunan ərazilərə nə qədər tez qayıtsalar, bir o qədər yaxşıdır:
“İnsanlar gedib öz yurd-yuvasında yaşasınlar. Əlbəttə, infrastruktur yaradılsın, şərait qurulsun. Dövlətin də bu istiqamətdə böyük layihələri var, bu istiqamətdə işlərə başlanılıb. Ümid edirəm ki, köçkünlər qısa müddətə ora qayıdacaqlar. Nə qədər tez qayıtsalar, bir o qədər yaxşıdır”.