16 Fevral 2021 20:49
364
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fevralın 16-da Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov Azərbaycanda səfərdə olan İran parlamentinin Milli təhlükəsizlik və xarici siyasət komitəsinin sədri Müctəba Zünnurinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Milli Məclisdən Teleqraf.com-a bildirilib ki, nümayəndə heyətini salamlayan Ziyafət Əsgərov bildirib ki, Azərbaycan müstəqillik əldə edəndən sonra dövlətlərimiz arasında qurulan və indi də davam edən dost münasibətləri bundan sonra da inkişaf edəcək.

İki ölkə arasındakı yüksək səviyyəli siyasi münasibətlərdə dövlət rəhbərlərinin böyük xidmətlərini vurğulayan Milli Məclisin komitə sədri dövlət başçılarının qarşılıqlı səfərlərində imzalanan hüquqi sənədlərin münasibətlərimizin inkişafı üçün güclü hüquqi baza yaratdığını diqqətə çatdırıb.

İki ölkənin parlamentləri arasındakı münasibətlərə də toxunan Ziyafət Əsgərov əlaqələrin inkişafında qarşılıqlı səfərlərin və parlament dostluq qruplarının əhəmiyyətindən söz açıb, pandemiya səbəbindən səngiyən qarşılıqlı səfərlərin pandemiyadan sonra yenidən bərpa olunması zərurətini qeyd edib, müştərək şəkildə həyata keçirilən layihələrin xalqlarımızın rifahına xidmət etdiyini vurğulayıb.

İran İslam Respublikası İslam Şura Məclisinin Milli təhlükəsizlik və xarici siyasət komissiyasının sədri Müctəba Zünnuri ilk növbədə Azərbaycan xalqını Vətən Müharibəsində əldə etdiyi qələbəyə görə təbrik edərək müharibədə şəhid olanlara Allahdan rəhmət, ailələrinə səbr diləyib.

Azərbaycan və İranın ortaq tarixi və mədəni dəyərlərini yüksək qiymətləndirən qonaq əlaqələrin daha da inkişaf etdirilməsi üçün əlverişli şəraitin və potensialın mövcud olduğunu vurğulayıb, bu işdə parlamentlərin mühüm töhfə verə biləcəyini ifadə edib.
Şimal-Cənub və Şərq-Qərb dəhlizlərinin inkişaf etdirilməsində birgə səylərin əhəmiyyətinə toxunan qonaq İranın Azərbaycanla bir çox sahələrdə əməkdaşlığı genişləndirməyə hazır olduğunu bildirib. İşğaldan azad edilmiş ərazilərin bərpasında və yenidən qurulmasında maraqlı olan İran şirkətlərinin təcrübəsindən də söz açan Müctəba Zünnuri bir sıra İran şirkətinin bu layihələrdə iştirak arzusunu dilə gətirib.

Cənab Ziyafət Əsgərov Azərbaycanın işğaldan azad edilmiş torpaqlarında erməni tərəfinin işğal dövründə törətdiyi dağıntıların inanılmaz dərəcədə böyük olduğunu diqqətə çatdırıb və həmin ərazilərin yenidən bərpasının və inkişaf etdirilməsinin Prezident İlham Əliyev tərəfindən prioritet elan edildiyini bildirib.

Ərazilərin bərpasında digər dost ölkələr kimi İrana da üstünlük verildiyini vurğulayan Ziyafət Əsgərov İran xalqına və rəhbərlərinə bu məsələdə haqqı və ədaləti müdafiə etməklə Azərbaycana dəstək olduqlarına görə bir daha təşəkkür edib.

Görüşdə Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev, Təhlükəsizlik və müdafiə məsələləri komitəsinin üzvləri – Arzu Nağıyev və Kamal Cəfərov, İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvi və digər rəsmi şəxslər iştirak ediblər.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər