Ermənistan Qarabağ problemindən, yükündən xilas oldu. Üzdə hamısı millətçi, daşnak, revanşist kimi görünsə də, daxilən böyük əksəriyyəti Ermənistanın Qarabağın girovuna çevrildiyini anlayırlar. Ermənistan dövləti və dövlətçiliyi üçün bu böyük təhlükədir. Odur ki, oradakı qüvvələrin hamısı əslində bununla razılaşmış durumdadırlar.
Bu fikirləri Teleqraf.com-a Milli Məclisin deputatı Fazil Mustafa Ermənistanda müxalifətin uğursuz 20 fevral mitinqindən sonra yaranan siyasi vəziyyət və mümkün ssenarilər haqqında danışarkən deyib.
Fazil Mustafa hesab edir ki, ermənilər artıq real vəziyyətlə razılaşmış durumdadırlar:
“Əgər torpaq və Qarabağ məsələsi erməni cəmiyyətinin aşağı təbəqələrində ciddi rezonans doğursaydı, tamamilə fərqli ssenarilər izləmək mümkün olardı. Amma bu rezonans doğurmursa, deməli, cəmiyyətin özünün məsələyə marağı başqa cürdür. Nikol Paşinyanın özü elə də güclü xarizmatik lider deyil ki, onu devirə bilməsinlər. Sadəcə görünən odur ki, cəmiyyət bu yolun doğru yol olduğunu qəbul edir. Çünki Qarabağdan xilas olmaqla Ermənistan özünün problemlərini həll etmək fürsəti əldə edir. Əlbəttə, bu amili hökmən nəzərə almaq vacibdir”.
Deputat bildirib ki, artıq Qərbə inteqrasiya siyasəti Ermənistanda iflasa uğrayıb:
“Çünki Ermənistanın hər hansı bir şəkildə Rusiyanın tabeçiliyindən çıxması üçün resursları mövcud deyil. Bəli, Ermənistan çoxdan müstəqilliyini itirib. Ona görə də Ermənistanın bu prosesdə yeni nəsə icad etməsinin mənası qalmır. Artıq Qərbə inteqrasiya prosesi Ermənistan üçün süquta uörayıb. Ona görə də Rusiyayönümlü siyasətdən savayı başqa seçimləri qalmır".