ABŞ Cənubi Qafqazdakı geosiyasi oyunçulara, ilk növbədə, Rusiyaya qarşı istədiyi addımları atmağa hazır olduğunu nümayiş etdirərək bölgədəki siyasi nüfuzunu gücləndirməyə çalışacaq.
Teleqraf.com xəbər verir ki, bu barədə Türkiyənin “Milliyyət” qəzetində dərc olunan məqalədə bildirilib.
Nəşrə görə, ABŞ-ın Cənubi Qafqaz siyasətində enerji təhlükəsizliyi və iqtisadi maraqlar prioritet olaraq qalır.
Qəzet Dövlət Departamentinin rəsmisi Corc Kentin səsləndirdiyi fikirlərə də diqqət çəkib.
Kent ABŞ-ın hazırda Rusiyanın mövqelərinin güclü olduğu Dağlıq Qarabağdakı nizamlama prosesində iştirak etməsinin lazım olduğunu söyləyib.
Amerikalı diplomata görə, Vaşinqton Cənubi Qafqazda sülh və təhlükəsizliyin təmin edilməsi üçün strateji dəstək verməyə davam edəcək.
ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Robert Sekuta isə bildirib ki, Rusiyanın bölgədəki hərbi varlığı Amerika tərəfinin narahatlığına səbəb olub. Keçmiş səfir ABŞ-ın bölgədə sülhün bərqərar olmasında fəal iştirak etməli və bu prosesdə aparıcı rol oynamağa çalışmalı olduğunu söyləyib.
Nəşr qeyd edib ki, Amerika diplomatlarının mövqeyi bir mənanı daşıyır: “Amerika lazım olduğu təqdirdə enerji təhlükəsizliyi və iqtisadi maraqlar sahəsində heç kimə təslim olmadan hərəkətə keçməyə hazırdır”.