Qazaxıstan Respublikasının ilk Prezidenti – Elbası Nursultan Nazarbayevin təşəbbüsü ilə bu ilin 31 mart tarixində Türküstan şəhərində Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (TDƏŞ, Türk Şurası) qeyri-rəsmi zirvə görüşü keçiriləcək.
Teleqraf.com xəbər verir ki, bu barədə Qazaxıstan Xarici İşlər Nazirliyi məlumat yayıb.
Qazaxıstan XİN-in məlumatında qeyd olunur ki, TDƏŞ-ə üzv bütün ölkələrin dövlət başçıları və bu təşkilatda müşahidəçi olan Macarıstanın Baş naziri Viktor Orban sammitdə iştiraklarını təsdiqləyiblər.
Zirvə görüşünün sonunda Türküstan şəhərinin Türk dünyasının mənəvi paytaxtı elan edilməsi ilə bağlı Bəyannamənin imzalanması gözlənilir.
Qeyd edək ki, Türk Şurasının üzvləri Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan və Özbəkistandır. Macarıstan TDƏŞ-də müşahidəçi statusundadır və onun işində aktiv iştirak edir. Türkmənistan şuranın “mümkün gələcək üzvü”, Ukrayna isə “mümkün gələcək müşahidəçi” kimi nəzərdən keçirilir.
Budəfəki sammitin keçiriləcəyi Türküstan şəhəri Qazaxıstanın cənubunda yerləşən Türküstan vilayətinin inzibati mərkəzidir.