19 Mart 2021 12:30
410
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ həm fövqəl güc, həm də ATƏT-in Minsk Qrupunun həmsədri kimi Cənubi Qafqaz regionunda təhlükəsizliyin və dayanıqlı sülhün təmin olunmasında maraqlıdır. Ağ Evin bu mövqeyi ABŞ-ın yeni prezidenti Co Baydenin Azərbaycan Prezidentinə ünvanladığı təbrik məktubunda da öz əksini tapıb. Regionda sülh və barışıq mühitinin məhz Azərbaycanın siyasi iradəsi sayəsində mümkün olması tərəfdaşların rəsmi Bakıya olan etimadını daha da artırıb.

Bu fikirləri Teleqraf.com-a Milli Məclisin deputatı Könül Nurullayeva deyib.

O bildirib ki, bu prosesdə Azərbaycanın beynəlxalq təhlükəsizlik məsələlərində etibarlı tərəfdaş kimi təcrübəyə malik olması da önəmli rol oynayır:

“Azərbaycan Əfqanıstandakı əməliyyatlara öz logistika dəstəyini təmin edir. Azərbaycan hərbçiləri NATO hərbçiləri ilə birlikdə bu ölkədə davamlı sülhün və təhlükəsizliyin təmin edilməsinə öz töhfələrini verir. Co Baydenin məktubundan da aydın olur ki, ABŞ regional təhlükəsizlik məsələləri üzrə tərəfdaş kimi bundan sonra da Azərbaycanla əməkdaşlığı davam etdirmək niyyətindədir. Ağ Ev Administrasiyası Azərbaycanı güclü, dinamik inkişaf edən dövlət kimi qiymətləndirir. Ölkəmiz sabitliyə və təhlükəsizliyə mühüm töhfə verməklə, qlobal müstəvidə önəmli təşəbbüslərlə çıxış edir”.

Deputat ölkəmizin pandemiyaya qarşı, enerji təhlükəsizliyi, regional və beynəlxalq müstəvidə sabitliyə verdiyi töhvədən bəhs edib:

“Məhz bu səbəbdən ABŞ Azərbaycanla bütün sahələrdə əməkdaşlığı dərinləşdirmək niyyətindədir. Co Baydenin təbrikində regional barışıq məsələlərinin həllində Azərbaycanla birgə çalışmaq niyyətini açıqlayıb. Bu mövqe bir daha göstərir ki, 44 günlük Vətən müharibəsindən sonra bölgədə yaranan yeni reallıq bütün tərəflərin marağına cavab verir. Azərbaycanla əməkdaşlığın inkişaf etdirilməsi ABŞ-ın Cənubi Qafqaz-Xəzər regionunda siyasi prioritetləri sırasına daxildir. Rəsmi Vaşinqton güclü və inkişaf edən Azərbaycanı həm də regionda sabitliyin və təhlükəsizliyin, Avropanın enerji təhlükəsizliyinin təminatında önəmli rolunu yüksək qiymətləndirir. Ölkəmiz enerji layihələrinin reallaşdırılması və dayanıqlılığının təmin edilməsi baxımından mühüm tərəfdaş kimi qəbul edilir”.

Könül Nurullayeva qeyd edib ki, Azərbaycan ərazilərinin uzun illər işğal altında qalması regionda təhlükəsizliyə ən böyük zərbə olub:

“Bu müddət ərzində münaqişəni “ölü nöqtə”dən tərpədə bilməyən Minsk Qrupunun həmsədri olan dövlətlər də yaranmış reallığı dayanıqlı sülhün təminatı kimi xarakterizə edir. Elə Co Baydenin məktubunda ATƏT-in Minsk Qrupunun həmsədr ölkəsi kimi ABŞ-ın firavan və dinc gələcək naminə Ermənistan və Azərbaycan arasında barışığın təşviq olunmasına çalışacağını bəyan etməsi də bunu təsdiqləyir. Bu yanaşma yeni reallıqlar çərçivəsində Azərbaycanın 2020-ci il 10 noyabr bəyanatında əksini tapmış məsələlərin reallaşması və davamlı sülhün bərqərar olunması istiqamətində həyata keçirdiyi siyasi kursa uyğundur”.

Millət vəkili vurğulayıb ki, ABŞ bundan sonra da iqtisadiyyatın şaxələndirilməsi istiqamətində Azərbaycanın həyata keçirdiyi siyasətə və islahatlara dəstəyini davam etdirəcək:

“Xəzər dənizində enerji imkanlarının inkişafı Azərbaycanın nəhəng enerji layihələri ABŞ tərəfindən dəstəklənir. “Cənub Qaz Dəhlizi” layihəsi Ağ Ev tərəfindən də enerji təhlükəsizliyinə, enerji mənbələrinin şaxələndirilməsinə və bütün iştirakçı tərəflərə fayda gətirən layihə kimi dəyərləndirilir. Bundan sonra da ABŞ-la Azərbaycan əməkdaşlığı yeni mərhələdə hər iki tərəfin maraqlarına cavab verəcək”.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər