21 Mart 2021 14:07
1 659
12 Punto 14 Punto 16 Punto 18 Punto

Teleqraf.com-un “Bir bazar günü” rubrikasının qonağı Ağsaqqallar Şurasının sədri, Milli Məclisin deputatı, professor Eldar Quliyevdir.

Eldar Quliyevlə Bakı kəndlərindən, Maştağadakı ata-baba ocağından, babalarının daşnaklara və ermənilərə qarşı mübarizəsindən, Xankəndində niyə işə qəbul ola bilməməsindən, İrəvandakı məscidi ziyarət etməməsinin səbəblərindən danışdıq.

- Eldar müəllim, artıq sizinlə bir neçə müsahibəmizi bazar günü iş otağınızda aparırıq. Görünən odur ki, siz istirahət günü də işdəsiniz. Pandemiya şəraitində fəaliyyətinizi necə qurmusunuz?

- İşlədiyim dövrdə Bakıda olduğum müdətdə hər zaman bazar günü işə gəlib baş çəkirəm. Əsas iş yerim Milli Məclis olduğu üçün seçicilərlə çalışırıq bazar günü görüşək. Seçildiyim Sabunçu rayonu Maştağa qəsəbəsində deputatın qəbul ofisi var, deputat köməkçisi həftənin 7 günü orada olur. Seçicilər bütün müraciətlərini Maştağadakı qəbul ofisinə çox asanlıqla edə bilir. Pandemiyadan öncə demək olar ki, özüm hər həftə orada olurdum. Sonradan bildiyiniz kimi parlament üzvlərindən də koronavirusa yoluxan oldu. Bundan sonra da bir neçə deputat həmkarlarımız virusa yoluxdu. Ona görə seçicilərlə görüşləri, təmasları bir qədər azaltdıq. Daha çox telefonla və onlayn formatda seçicilər tərəfindən qaldırılan məsələləri diqqətdə saxlayıb, lazımı orqanlara yönəltməyə çalışırıq. Hazırda pandemiya şəraitinə uyğun işimizi təşkil etmişik. Parlamentin iclaslarında da deputatlar arasındakı məsafə və maskadan istifadə məsələləri ciddi diqqətdə saxlanılır. Deputatlar artıq tək-tək əyləşir. Milli Məclisdə jurnalistlər üçün ayrılan yerlərdə də deputatların ara məsəfəsini təmin etmək üçün əyləşməsinə qərar verilib. Nazirlər Kabinetinin qoyduğu qaydalara ciddi şəkildə əməl etməklə həm özümün, həm də ətrafımızda olan insanların sağlamlığını qorumağa çalışırıq.

- İstirahət günləri ailəvi özünüzə zaman ayırmaq mümkün olurmu?

- Bizim bir ənənəmiz var, daha çox ailəlikcə istirahət edirik. Ata-anamın sağlığında bütün bayramlarda, xüsusi günlərdə mütləq ailəliklə bir yerə yığışır, böyüklərimizi ziyarət edirdik. Bu, artıq bir ənənə halını alıb. Anam-atam, böyük qardaşım rəhmətə getdikdən sonra artıq nəslin ağsaqqalı olaraq öhdəmə düşən işləri icra edirəm. Hər həftə atamın-anamın, qardaşımın, əzizlərimizin qəbirlərini ziyarət edirəm. İstirahətimiz daha çox seçildiyim qəsəbələrdə seçicilərin yanında olur. Vaxt olduqca Maştağada ata-baba ocağımızda mənəvi rahatlıq tapmağa çalışıram. Amma pandemiyaya görə hələlik bu cür görüşləri də çox sıx təşkil edə bilmirik. Burada tək özümüz məsuliyyət daşımırıq, yoluxma halında özümüzdən asılı olmayaraq yaxınlarımızı da təhlükəyə atmış olarıq. Ona görə də tövsiyəmiz odur ki, hər kəs öz ətrafında olan insanları düşünərək daha məsuliyyətli davransın.

- Maştağada daha çox vaxt keçirməyə çalışırsınız?...

- Bəli, öz ata-baba ocağımız bizim üçün mənəvi bir istirahət yeridir. Biz də ailəliklə o ocağa daha çox toplaşırıq. Artıq kiçiklərimiz də bir-birinə qohum kimi yox, bacı-qardaş kimi yanaşır. Bütün bayramlarda bir yerə yığışıb gözəl vaxt keçiririk. Böyüklərimiz də belə bir ənənə qoyub. Həmişə bir ailə kimi xoş günləri qeyd etmişik. Bu ənənə bizim evdə indi də davam edir. İki övladım var. Övladlarım ayrı yaşasa da hər bazar günü mütləq bizim evdə yığışırlar.

- Bakı mühitinin təmsilçisi kimi uzun müddət inzibati sistemdə çalışmağın mənfi və müsbət tərəfləri nələrdir?

- Mən Bakı mühitindən çıxmamışam, elə o mühitdə də qalmışam. Bilirsiniz ki, bir müddət öncə Respublika Ağsaqqallar Şurasının sədri seçildim. Ölkə üzrə bizim təşkilatla bağlı olan əlaqələrimiz də burada mühüm rol oynadı. Çünki uzun müddət də çalışdığım "Azərittifaq" xətti ilə də respublikamızın hər bir bölgəsində bizi tanıyırlar. Hər bir bölgəmizin ağsaqqalı, hörmətli şəxsləri ilə qarşılıqlı əlaqələrimiz var. Ağsaqqal sözü çox önəmlidir, insanların ona inamı böyük olmalıdır. Ağsaqqal hər insana eyni gözlə baxmalıdır, adət-ənənəyə, qanun və qaydalara ciddi riayət etməlidir. Atamdan, babamdan, böyüklərimizdən belə görmüşəm. Onların hər sözü önəmli olub. Bir məclisdə və yaxud evdə ağsaqqal oturmasaydı, biz oturmazdıq. Onun hər bir davranışına diqqətlə yanaşırdıq. Sözsüz ki, insanlar hörməti damla-damla qazanır. Hər bir insan özünü əvvəldan axıra kimi hörmətli aparmalıdır. Biz kənd yerində böyümüşük, küçədən bir ağsaqqal keçəndə hamı ayağa durub hörmətini, ehtiramını bildirərdi. Eyni zamanda müəyyən krityeriyalar vardı. Cavanların gəlib ağsaqqala əl verib görüşməsi yaxşı qəbul olunmurdu. Yaxşı xatirimdədir, riyaziyyat müəllimimiz Salman müəllimə salam verdik ki, müəllim necəsiz? O da yaşlı adam idi. Cavab verdi ki, ay gənclər, mənə salam verirsiniz ki, necəsən? Birdən sizə cavab versəm ki, pisəm, siz neyləyəcəksiniz? Ona görə bizə məsləhət verdi ki, salam verin. Amma necəsəni onun yaşına uyğun, onun səviyyəsində olan adam deyə bilər. Bu da ibrətamiz tərbiyənin bir növü idi. Bunu görə-görə gəlmişik. Ona görə də insanlar bu gün tərbiyəni ilk növbədə öz ocağında alır. Sonrakı dövrlər isə məktəb, cəmiyyət bu məsələlərdə önəm kəsb edir. Riyaziyyat müəllimiz bizə bunları deyə-deyə həm də bizə tərbiyə verirdi.

- Orta məktəbi Maştağa oxumusunuz?

- Maştağada 187 nömrəli məktəbi fəxri fərmanla bitirmişəm.

- Bakı kəndlərinin ab-havası necə idi?

- 1918-ci ildə olan daşnaklar Bakı kəndlərinə müdaxilə edə bilmirdilər. Hətta hücüm zamanı əli silah tuta bilməyənləri, qadınları-uşaqları dənizin kənarında toplayıb yanına da silahlı adamlar qoymuşdular. Demişdilər əgər ermənilər bu tərəfə keçsə, qadınları-uşaqları, sonra da özünüzü vurun ki, onların əlinə düşməsinlər. Amma bunlar olmadı, Bakı camaatı layiqincə qorunmağı bacardılar.

Orada çoxlu şəhidlər oldu, Qafqaz İslam Ordusu gələnə qədər Bakı kəndlərinin müdafiəsi böyük çətinliklə də olsa təmin olundu. Bakı kəndləri hər zaman öz tarixi dəyərləri və ənənələrinə sadiq olub. Hələ indiyə kimi başqa bir millətin nümayəndəsi evlənərək bizim nəslimizə gəlib düşməyib. Bakı kəndlərində bu ənənə bu gün də qorunur. Başqası belə bir addım atmış olsa böyükləri onu bağışlamaz.

Biz öz dəyərlərimizə hər zaman sadiqik. Azərbaycanlının dırnağını digər bir millətə dəyişmərəm. Bakı kəndlərində bu qayda və ənənələrə çox ciddi fikir verilir. Kimsə gedib başqa bir millətdən xanımla evlənib Bakı kəndinə gələ bilməz. Heç ona salam da verməzlər. Qeyri-millətin nümayəndəsi Bakı kəndlərində qəbul olunmur.

- Çağdaş dövrdə mədəniyyətlərin, ayrı-ayrı xalqların ənənələrinin bu qədər yaxınlaşdığı bir dövrdə xalq olaraq öz milli kimliyimizi necə qorumalıyıq?

- Bu gün müasir dövrün yaratdığı bir çox üstünlüklər var. İnternet məkanında dünyanın ən ucqar nöqtəsi ilə qısa zamanda əlaqə qurmaq olur. Dövlət idarəçiliyində belə elektron hökumət sisteminə keçid baş verir. Artıq yeni dövrün reallıqları günümüzdə özünü göstərir. Pandemiya dövründə video formatlarda görüşlər keçirilir. Bunun olması çox yaxşıdır. Sözsüz ki, dünya dəyişir, inkişaf edir. Hər dövrün öz reallıqları ortaya çıxır ki, bunun da yaxşı tərəflərini tətbiq edib mənimsəmək vacibdir.

Amma xalqımız öz soy-kökünü, adət-ənənəsini itirməməlidir. Dinimiz, tariximiz, adət-ənənələrimiz var. Biz çox müdrik xalqıq. Bədnam qonşularımızdan fərqli olaraq azərbaycanlılar dünyanın ən inkişaf etmiş, sivil xalqlarından biridir. Amma ermənilər haqqında bu sözləri demək olmaz. Bu günlərdə azad olunmuş ərazilərdə aşkara çıxan mənzərə hər kəsi heyrətə gətirir. Hər şeyi dağıdıb talan ediblər. Qəbiristanlıqları belə barbarcasına dağıdıblar. Bir millət ki, qəbiristanlığa, ölmüş insanların cəsədlərinə qarşı belə barbarlıq edirsə, bu toplumdan hansı mütərəqqi yanaşma gözləmək olar? Yalan, uydurma tarix üzərində özlərinə istinad nöqtəsi axtaran ermənilər heç bir halda dünyanın sivil bir toplumu kimi hörmətə layiq ola bilməzlər. Bu günlərdə bir qrup ictimaiyyət nümayəndəsi Ağdamı ziyarət etdi. O görüntülər bir daha həm Azərbaycan cəmiyyətində, həm də bütün dünyada görünəcək. Amma çox təəsüflər olsun ki, bu gün bəzi Avropa ölkələri hələ də erməni yalanlarına inanır. Bunun da bir sıra səbəbləri var. İllərdir erməni diasporu Azərbaycana, Türkiyəyə qarşı təbliğatla məşğul olub. Erməni diasporunun da fəaliyyəti daha çox başqa-başqa riyakar və yalan iftiralar üzərində qurulub. Bu gün Ermənistan məğlub durumdadır. 10 noyabr razılaşmasından sonra bu ölkədə hakimiyyətsizlik hökm sürür. Heç bilmək olmur ki, hazırda Ermənistanda real iqtidar kimdir. Gülüstan, Türkmənçaydan sonra bu regiona köçüb gəlmiş bir toplum indi özünü yerli xalq sayır. Ermənilər indi israrla, inadla deyir ki, yox, elə biz burada tarixi sakinlərik. Əldə bu qədər faktlar var. Rusiyanın, Gürcüstanın, Azərbaycanın, hətta Ermənistanın özünün dövlət sənədləri var. Eyni zamanda bu gün bəzi Qərb dövlətləri insan haqlarından dəm vurarkən əsl reallığa istinad etməkdən də boyun qaçırırlar.

İnsanların məruz qaldığı zorakılıq hallarına və törədilən cinayətlərin səviyyəsinə görə Bolqarıstan Avropa İttifaqı (Aİ) ölkələri arasında birinci yerdədir. Aİ ölkələrinin əhalisinin 11 faizi cinayət, zorakılıq və vandalizm aktları ilə üzləşirlər. Bu statistikada isə Bolqarıstan birinci yerdə qərarlaşıb. Ölkənin əhalisinin 20,2 faizi yaşadıqları yerlərdə zorakılıq və cinayət halları ilə üzləşdiklərini bildirirlər. Siyahıda ikinci yerdə 16,9 faizlə Yunanıstan, üçüncü yerdə isə 16,3 faizlə Niderland dayanır. Məhz bu real rəqəmlər ortada olduğu halda bəzi Avropa dəyərləri kənarda öz maraqları müstəvisində müəyyən fikir formalaşdırmağa çalışırlar. Amma indi reallıq ortadadır. Hansısa bəyanatlarla və hesabatlarla inandırıcı mənzərə yaratmaq mümkün deyil.

- Elmi fəaliyyətlə məşğul olmağa zaman ayıra bilirsinizmi?

- Bəli, bütün bu işlərə baxmayaraq həm də elm adamıyam. Hər il 6-7 elmləri doktoru, elmlər namizədinin dissertasiya işlərinə elmi rəhbərlik edirəm. Bu elmi işlərin hər birinə mütləq ki, diqqət etməliyəm. Müdafiə üçün təqdim edilən elmi işlərə çox ciddi yanaşmalıyıq. Hər bir elmi rəhbər çalışır ki, onun müdafiəyə göndərdiyi gələcəyin alimi yüksək hazırlıq səviyyəsinə malik olsun. Bu gün hazırlanan elmi işlər yaxın 25-30 ili hədəfləməlidir. İndi yeni bir dissertasiya işi var. Orada regionlardan investisiyaların cəlb edilməsi ilə bağlı məsələlər qoyulub. Amma işğaldan azad olunmuş rayonlarımızı, Qarabağı orada görmədim. Artıq işğaldan azad olunmuş ərazilərimizdə də elm tutumlu işlərə start verilib. Cənab Prezidentin də elan etdiyi kimi işğaldan azad olunmuş ərazilərimizdə “ağıllı kənd”, “ağıllı şəhər” layihələri icra olunacaq. Salınacaq yeni kənd və qəsəbələr, müasir şəhərlər məhz dövrün tələblərinə, yüksək idarəçilik prinsiplərinə uyğun qurulacaq. Azərbaycanın hər bir bölgəsi kimi Qarabağ da işğaldan azad olunan digər ərazilərimizdə də təbii coğrafi şərait mövcuddur. Nəzərdə tutulan bütün yeniliklər bu bölgələrimizdə yüksək səviyyədə icra olunacaq. Yüksək sənaye sahələri, turizm üçün bu bölgələrimizdə münbit imkanlar var. Artıq Füzuli şəhərində beynəlxalq səviyyəli aeroport tikilir. Zəngəzur dəhlizi bölgədə yeni bir reallıq yaradacaq. Vətəndaşlarımız o ərazilərə qurub yaratmaq və əbədi yaşamaq üçün qayıdacaq.

- Yeni Azərbaycan Partiyasının VII qurultayı keçirildi. Qurultayda partiyada bir sıra dəyişikliklər edilməsi ilə bağlı qərarlar verildi. Hakim partiyada bu dəyişikliklər hansı zərurətdən yarandı?

- Son parlament seçkilərində də Milli Məclisə yeni kadrlar seçildi. Onların intellekt səviyyəsi, hazırlıqlı olmaları, davranışları, dövrün reallıqlarını düzgün qiymətləndirmək bacarıqları yüksək səviyyədədir. Bir çoxları iddia edirdilər ki, yeni seçilən parlament üzvlərinin hazırlıq səviyyəsi yetərli deyil. Əslində bu, reallıqdan kənar bir yanaşmadır. Rəhbərlik etdiyim Qara Dəniz İqtisadi Əməkdaşlıq Şurasında da 3 yeni deputat həmkrımız təmsil olnur. Pandemiyaya görə xarici səfərlərimiz olmasa da onlayn görüşlərimiz baş tutur. Hazırda ən böyük arzum odur ki, gedib ermənilərlə qalib dövlətin nümayəndəsi kimi üz-üzə oturum. Onlara da deyim ki, bax biz Qarabağda quruculuq işlərinə başlamışıq. Sadə erməni xalqının nümayəndələrini də gəlib bizim rəhbərliyimiz altında Azərbaycanı vətəndaşı kimi işləyib yaşaya bilər.

Yeni Azərbaycan Partiyası ölkədə hakim partiya olmaqla yanaşı cəmiyyətin dəstəklədiyi siyasi qüvvədir. Onun da fəaliyyətində dəyişikliklərin olması labüd idi. Ümumiyyətlə, yeniliklər hər bir siyasi, ictimai təşkilatda dövrünə görə həyata keçirilməlidir. Ağsaqqallar Şurasına sədrlik bizə tövsiyə edildikdən sonra Şuranın nizamnaməsində bir sıra dəyişikliklər etdik. Dövrlə ayaqlaşan, çevik bir nizamnamə hazırladıq. YAP-da yaşlı nəslin nümayəndələri çoxluq təşkil etdirdi. Cənab Prezident də onların YAP-da olan fəaliyyətlərinə yaşlı nəslin nümyəndələri üçün partiya daxilində Veteranlar Şurası yaratdı. Artıq yeni dövr başlayıb. Gənclərə yol açmaq, onlara dəstək verib idarəçiliyin bütün qaydalarını da mənimsəmələrində onlara köməklik göstərməliyik. Bu gün Cənubi Qafqazın ən böyük siyasi partiyası Yeni Azərbaycan Partiyasıdır. Onun da müasir dövrün çağırışlarına uyğun fəaliyyəti vacibdir.

- Cənab Prezident erməni tərəfinin Zəngəzur dəhlizi ilə bağlı süni əngəl yaratması məsələsinə toxundu. Necə düşünürsünüz prosesin gedişinə qarşı tərəf hansı səviyyədə maneə yarada bilər?

- 10 noyabr razılaşmasında 3 dövlətin rəhbərinin imzası var. Ona görə də bəyanatda nəzərdə tutulmuş bütün şərtlər ardıcıl olaraq icra ediləcək. Paşinyanın da hakimiyyətinin qarantı elə bu razılaşmaya əməl etməkdir. Kommunikasiyaların açılması təmin olunacaq. Erməni tərəfinin bu razılaşmaya qarşı çıxmağa heç bir imkanı yoxdur. İndiki halda bəzi bəyanatlar səsləndirsələr də reallıqda təsir imkanları sıfıra bərabərdir. Bu günlərdə erməni tərəfindən açıqlamalar verildi ki, 44 günlük müharibə dövründə onların 10 minə yaxın hərbi qulluqçu fərarilik edib. Yəni 10 minə qədər fərarilər var. Ordusunun yarısı məhv olan yarısı da fərari olan bir dövlətin hansısa imza atdığı razılaşmaya qarşı çıxması və sona kimi belə bir mövqe sərgiləməsi qeyri-mümkündür.

- Müsahibədən əvvəl söhbətimizdə İrəvanda olarkən məscidi ziyarət etmədiyinizi açıqladınız. Bunun səbəbi nə idi?

- 2018-ci ilin noyabr ayında beynəlxalq tədbir çərçivəsində İrəvanda səfərdə olduq. Tədbirdən sonra bildirildi ki, məscidi gedib ziyarət edək. Biləndə ki, məscidi bir erməni Akop idarə edir, ziyarətdən imtina etdim. İrəvandakı məsciddə olmadım, ona görə deyə bilmərəm ki, orada hansı dəyişikliklər aparılıb. Bütün xarici səfərlərimdə ziyarətgahları, məscidləri ziyarət edirəm. Fransada səfərdə olarkən orada tunislilərə məxsus bir məscid vardı, oranı ziyarət etdim.

Hətta bir dəfə Tunisdə məscidi ziyarət edərkən bir nəfər yaxınlaşdı ki, siz hardansınız? Azərbaycanlı olduğumuzu dedim. İngilis dilini bilirdi, bir az söhbətləşdik. Hətta Rumınıyada olarkən Buxarestdə məscid tapmadım deyə gedib kilsədə şam yandırdım. Onsuz da Allah birdir. Amma İrəvanda məscidə getməkdən imtina etməyim sırf erməni provakasiyasına düşməmək üçün idi. Onlar ömrü boyu təxribatla məşğul olublar.

- Xankədində işə göndərilmişdiz. Amma orada qalmadınız…

- Ermənilər mənimlə işləmək istəmədilər (gülür). Qəbul etmədilər, dedilər rəsmi yazışmaları erməni dilində aparmalısan. Mən də etiraz edib geri qayıtdım. Amma bu gün tarixi ədalət bərpa olunub. Az bir müddət sonra Xankəndində Azərbaycan dilində rəsmi yazışmalar olacaq. Buna heç kəsin şübhəsi olmasın. Azərbaycvan öz ərazi bütövlüyünü təmin edib. Tarixi ədalət bərpa olunub.

- İlk dəfə Novruz bayramını torpaqlarımızın azad olunduğu, ərazi bütövlüyümüzün bərpa edildiyi bir dönəmdə qeyd edirik. Təəssüratlarınız necədir?

- Biz uşaq olarkən, sovet hakimiyyəti dövründə Novruz bayramını geniş şəkildə qeyd edə bilmirdik. 70 il xalqımıza bu bayramı qeyd etməyə imkan verilmirdi. Hətta dini bir bayram kimi dəyərləndirilirdi. Amma bu bayramın tarixi İslamdan öncəyə gedib çıxır. Atəşpərəstlik üçün bu, müqəddəs bayramdır. 2012-ci ildə BMT Novruz bayramı haqqında xüsusi bir qərar verib. Novruz bayramı təbiətin oyanışı, yeni ilin başlanğıcı hesab olunur. Novruz yəni, bahar bayramı xüsusi özəlliklərə malikdir. Azərbaycanda 1966-ci ildə Şıxəli Qurbanovun rəhbərliyi ilə Novruz bayramı dövlət səviyyəsində qeyd edilməyə başlanılıb. Müstəqillik dövründə ulu öndər Heydər Əlyev bu bayrama xüsusi diqqət edib. Cənab Prezident də bu bayrama böyük hörmət ehtiramla yanaşıb. Təsadüfi deyil ki, ölkə başçımız təbriklərini Şuşadan çatdırdı. Xalqın min illiklərə qorunub saxlanılmış yaddaşı kimi dəyər verilib. Bu il Azərbaycan torpaqları işğaldan azad olunub. Allah bütün şəhidlərimizə rəhmət etsin, qazilərimizə şəfa diləyirəm. Bu il xalqımız bu bayramı böyük, tarixi qələbə müstəvisində qeyd edir. Bu Azərbaycan xalqı üçün xüsusi bir tarixdir. Xalqımız öz milli bayramını ərazi bütövlüyü şəraitində qeyd edir.

Foto: Pərviz Həşimi


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər