Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Cavid Osmanov Teleqraf.com-un suallarını cavablandırıb.
Onunla müsahibəni təqdim edirik:
- Cavid müəllim, 28 ildən sonra Şuşada, Cıdır düzündə Ali Baş Komandan Novruz tonqalını alovlandırdı. Xalqımız, dövlətimiz üçün bu tarixi dönəmin əhəmiyyətini necə qiymətləndirmək olar?
- 28 ildən sonra Şuşada, Cıdır düzündə cənab Ali Baş Komandan tərəfindən bayram tonqalı yandırıldı. Bu, eyni zamanda bir Zəfər tonqalı idi. Azərbaycanın 44 günlük Vətən müharibəsində qazandığı Zəfər tariximizin ən şanlı, parlaq Qələbəsidir.
Yaxın tariximizə və ondan öncəki dönəmlərə nəzər salsaq görərik ki, Azərbaycan heç vaxt indiki qədər güclü olmayıb. Bu uğurun kökündə isə ulu öndər Heydər Əliyev tərəfindən müəyyənləşmiş düzgün strateji xətt dayanır. Xalqımızın başına gətirilən müsibətlər milli birliyimizin formalaşmasını zəruri edirdi. Milli birliyin yaranması və formalaşması üçün atılan addımlar sözsüz ki, yetişməkdə olan nəslin də vətənpərvər ruhda tərbiyəsinə mühüm töhvələr verdi.
Müstəqilliyinin ilk illərində ölkədə mövcud olan xaos və anarxiya mühiti, xalqın birliyinin ziddinə olan addımlar sözsüz ki, dövlətimizə qarşı olan qüvvələrə münbit şərait yaratmışdı. Hakimiyyətə ancaq öz ambisiyaları fonunda gəlmiş AXC-Müsavat cütlüyü Azərbaycanın düşdüyü durumu düzgün qiymətləndirə bilmədi. Nəticədə ölkə xaosa, anarxiyaya sürükləndi. Cəmiyyətin birliyi sarsıldı. Ölkədə ayrı-ayrı qüvvələrə xidmət edən silahlı birləşmələr formalaşmağa başladı. Bütün bunlar ölkədə parçalanma təhlükəsini reallığa çevurmişdi.
Öz məkirli planları ilə Azərbaycan xalqına qarşı daim düşmən mövqeyində dayanan ermənilər bu uğursuz tarixi keçiddən özləri üçün yararlanmağa çalışdı. Azərbaycana qarşı ərazi iddiaları nəticə etibarı ilə torpaqlarımızın bir-birinin ardınca itirilməsinə səbəb oldu. Ölkədə mövcud olan siyasi hakimiyyət isə bunun qarşısını almağa, xalqı ümummilli məsələdə bir yumruq ətrafında birləşdirməkdə acizlik nümayiş etdirdi. Özlərinə qarşı üsyan qaldıran silahlı birləşmələri belə zərərsizləşdirmək iqtidarında olmayan siyasi hakimiyyət sonda Azərbaycanı çıxılmaz bir durumla üz-üzə qoydu.
Bütün bunların fonunda xalq toparlandı və bu çətin dönəm üçün ulu öndər Heydər Əliyevin rəhbərliyi altında mübarizəyə qərar verdi. Ümummilli liderin siyasi hakimiyyətə qayıdışı ölkədə daxili stabilliyin təminatına səbəb oldu. Düşmənə bir neçə istiqamətdə ağır zərbələr vuruldu. Horadiz əməliyyatı bunun ən bariz nümunəsi hesab olunur.
Cənab Prezident İlham Əliyevin hakimiyyəti illərində Azərbaycan daha müasir formada ulu öndər Heydər Əliyev siyasi kursunun dayaqları üzərində inkişaf etməyə, regionda və dünyada söz sahibi olmağa başladı. Bütün sahələrdə ölkəmiz üçün mühüm uğurların qazanılması təmin edildi. Azərbaycan Avropanın enerji təhlükəsizliyində vacib tərəfdaş olmağa başladı. Bölgədə Azərbaycanın iştirakı olmadan heç bir layihə reallaşa bilmədi. Əldə olunan uğurlar ölkədə bütün sahələr üzrə inkişafa yol açdı. Ordu quruculuğuna xüsusi diqqət yetirildi. Ən müasir silah və texnikaların ölkəmizin Silahlı Qüvvələrinin ixtiyarında olması Cənubi Qafqazda qüvvələr nisbətini dəyişdi.
Ermənistan-Azərbaycan Dağlıq Qarabağ problemı ətrafında 30 ilə yaxın aparılan danışıqlar nəticəsiz bitdiyi halda son sözü Azərbaycanın qüdrətli Ordusu deməli idi. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi və sərkərdəliyi ilə 44 günlük Vətən müharibəsində Ermənistan ordusu darmadağın oldu. 90-cı illərin Azərbaycanı ilə indiki Azərbaycanı səhv salan düşmən döyüş meydanında aciz duruma düşdü. Acınacaqlı vəziyyətdə qalan işğalçı dövlət yekunda kapitulyasiya aktına imza ataraq təslim oldu. Azərbaycan 30 illik işğala son qoydu.
Bu tarix Zəfər şərəf tariximiz olmaqla milli qürur ünvanına çevrildi. Şuşada, Laçında, Kəlbəcərdə, Füzulidə və işğaldan azad olunan digər torpaqlarımızda şanlı üçrəngli bayrağımız dalğalanmağa başladı. Xalqımızın Qarabağla bağlı arzualarındakı nisgil bitdi. Cənab Ali Baş Komandan Şuşadan, Cıdır düzündən Novruz tonqalı ətrafından bütün dünyaya açıq mesajlar verdi. Bu torpaqların əsl sahibinin kim olduğunu bəyan etdi. Tariximizə, milli-mənəvi dəylərimizə, mədəniyyətimizə qarşı aparılmış soyqırım siyasəti bir daha ifşa edildi. Düşmənə "bir daha səhv etsən, Dəmir Yumruq başının üstündə olacaq" mesajı verildi. Cıdır düzündə yandırılan tonqal xalqımızın ümidlərinin, arzularının ifadəsi idi.
- Novruz Bayramı öncəsi əlamətdar hadisələrdən biri də əfv sərəncamının imzalanması idi. Bu hümanist addım ölkəmizdə insan amilinə, vətəndaş faktoruna verilən dəyərin növbəti təzühürü kimi xarakterizə olunur...
- Azərbaycan hüquqi dövlətdir. Ölkəmizdə qanunlar ən sivil dəyərlərə əsaslanır. Qanunlar insanların təhlükəsizliyinə, rahat yaşamasına xidmət edir. Azərbaycan dünyada kriminal hadisələrin, cinayətlərin sayına görə sonuncu yerlərdə dayanır. Sözsüz ki, cəmiyyət, insan amili varsa, qanun pozuntusunun olması və buna görə islahedici tədbirlərin həyata keçirilməsi də labüddür. Ölkədə qanunun aliliyi hər şeydən üstündür.
Qanun pozuntusuna yol vermiş hər bir insanı yenidən cəmiyyətə, normal həyata qaytarmaq da ən vacib amillərdəndir. Dövlətimiz məhz bu amilləri əsas tutaraq mütəmadi şəkildə insanların törətmiş olduğu cinayətlərin mahiyyətinə, ictimai təhlükəlilik dərəcəsinə uyğun olaraq onların yenidən cəmiyyətə adaptasiyasına xüsusi önəm verir. Ardıcıl imzalanan əfv sərəncamları, amnistiya aktları buna bariz misaldır.
Törətmiş olduğu cinayətin mahiyyətindən asılı olaraq insanların yenidən normal həyata, cəmiyyətə adaptasiyası üçün də mühüm işlər görülür. Ölkəmiz müstəqillik qazandıqdan sonra həyata keçirilən hüquq islahatları və hümanist addımlardan bir də məhz insanların azadlığa buraxılması, yenidən normal vətəndaş kimi fəaliyyətləri üçün şans verilməsidir.
Ulu öndər Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışından sonra ölkədə mövcud olan ən sərt cəza üsullarından biri - ölüm hökmü ləğv edildi. İnsan faktoruna, vətəndaş amilinə, bəşəri dəyərlərə bundan böyük töhvə ola bilməzdi.
Cənab Prezident İlham Əliyev tərəfindən də ardıcıl olaraq imzalanan əfv sərəncamları məhz bu uğurlu yolun davamı hesab olunur. İnsana, bəşəri dəyərlərə, vətəndaş amilinə verilən qiymət fonunda cəmiyyətdən gələn mesajların dürüst analizi və yekununda düzgün qərarların təminatı olduqca vacibdir.
Bu il imzalanan əfv sərəncamı özünün maştabına görə fərqlənirdi. 600-dən artıq insan bu hümanist addımdan yararlana bildi. Hansı siyasi təşkilatı və qrupu təmsil etməsinə baxmayaraq, törətmiş olduğu cinayət əməlinə görə islah olunan şəxslər azadlığa buraxıldı. Novruz Bayramı, Zəfər savaşımızın qeyd olunduğu bu günlərdə belə bir hümanist addımın atılması sözsüz ki, cəmiyyətdə böyük sevinclə qarşılandı. Milli Bayramlar, Həmrəylik günləri və digər əlamətdar tarixlərdə imzalanan əfv sərəncamları artıq ənənə halını alıb.
Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən də Milli Məclisdə təmsil olunduğu müddətdə bu cür humanist təşəbbüslərlə çıxış edilib. Bunun nəticəsində yüzlərlə ailədə sevinc yaşanıb.
Qələbəmizin qeyd olunduğu ilk Novruz Bayramı ərəfəsində cənab Prezidentin əfv sərəncamı imzalaması onun Azərbaycan vətəndaşına, insan amilinə olan yüksək dəyərinin və qiymətinin bariz nümunəsi hesab olunur.
- ABŞ Prezidenti Cozef Bayden Novruz bayramı münasibəti ilə Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb. Yeni ABŞ administrasiyasının Azərbaycana fərqli yanaşma sərgiləyəcəyini düşünənlər növbəti dəfə yanıldı. Amerikanın ölkəmizə qarşı münasibətinin yeni bir dönəm üçün inkişafını necə şərh edərdiniz?
- 44 günlük Vətən müharibəsi dövründə bir çoxlarının, hətta ermənilərin diqqəti ABŞ-da keçirilən prezident seçkilərinə yönəlmişdi. Azərbaycanın uğurlu hərbi əməliyyatları ilə ordusunun darmadağın olunduğu bir dönəmdə erməni baş nazir demək olar ki, bütün dünya liderlərinə gündə bir neçə dəfə telefon zəngləri edirdi. Onun üçün arzuolunmaz tarixi bir reallıq da Amerikadakı seçkilərin məhz həmin dövrə təsadüf etməsi idi. ABŞ-ın indiki administrasiyasi formalaşmadan Nikol Paşinyan hətta onlardan da imdad diləyirdi.
Bir çoxları düşünürdü ki, Donald Trampdan sonra ABŞ-da formalaşacaq yeni administrasiya Cənubi Qafqaza elə də diqqət yetirməyəcək. Demokratların tərkibində ermənipərəstlərin və erməni lobbisinin təsirində olan konqresmenlərin çoxluğuna inananlar fərqli fikirlər səsləndirirdi. Amma zaman etibarı ilə siyasi proseslərin, təbii axarının yaratmış olduğu reallıq üzə çıxdı.
Demokratların daha çox ermənipərəst olması ilə bağlı heç kəsdə şübhələrin olmadığı bir dönəmdə ABŞ Prezidenti Cofez Bayden Novruz Bayramı münasibəti ilə cənab İlham Əliyevə Bayramı təbriki ünvanladı. Sözsüz ki, dünyanın supergücü sayılan bir dövlətinin prezidentinin yanaşmasına şok effekti yaşayanlar da oldu. Ermənistanda və ABŞ-ın özündə olan erməni lobbisi məyusluğunu gizlətmədi.
Bunların fonunda ABŞ Azərbaycanla, onun regionda yaratmış olduğu yeni reallıqla yaxından maraqlandığını ortaya qoydu.
Avropanın enerji təhlükəsizliyi və Azərbaycanın müəllifi olduğu layihələrin əhəmiyyəti sözsüz ki, ABŞ üçün də cəlbedici görünür. Bu baxımdan Baydenin təbrik məktubu iki ölkə arasında münasibətlərin yeni dövr üçün inkişafında mühüm mərhələ hesab olunur.
Azərbaycanın özünü müdafiə etməyi bacaran bir dövlət kimi digər tərəfdaş və müttəfiqlər tərəfindən də böyük hörmət və rəğbətlə qarşılanması günün reallığıdır. Bu gün cənab Prezident dünyada apardığı siyasətlə tanınan, hörmət edilən liderlər sırasındadır. 120 ölkənin təmsil oldunduğu Qoşulmama Hərakatı kimi BMT-dən sonra ikinci bir təsisata rəhbərlik edərək, dünya üçün yeni bir reallıq ortaya qoyan dövlətə münasibət fərqli olmalı idi. Bu fərqliliyi isə düzgün və uğurlu siyasət formalaşdırıb.