“Bir deyil, bir neçə yerdən prosesi odlayır ki, ruslar çətinlik çəksin, bBilirlər ki, bir qaynar nöqtə olsa rusların buna gücü çatacaq”
Teleqraf.com professor Əli Abbasovla müsahibəni təqdim edir:
- Professor, Ukrayna-Rusiya cəbhəsində gərginlik davam edir, tərəflər bir-birinə qarşı sərt açıqlamalar verir, son xəbərlərdən aydın olur ki, lokal döyüşlər zamanı hər gün itkilər yalanır. Bu mənada siz vəziyyəti necə qiymətləndirirsiniz?
- Zamanında dediyim kimi, postsovet məkanı artıq indi dünyanın siyasi baxımından mərkəzi meydanına çevrilir. Burada olan proseslər əslində dünyada gedən proseslərin tərkib hissəsidir.
Ukraynadan əvvəl Cənubi Qafqazda müharibə başladı, Azərbaycan separatçıların nəzarətində olan və Ermənistan tərəfindən işğal edilən ərazilərinin böyük hissəsini geri qaytardı. Amma 2014-cü ildə Ukrayna müharibə aparırdı, gündəmdə birinci yerdə idi. Prezident Jelenskinin hakimiyyətinin ilk illərində müharibə məsələsi geriyə atıldı, indisə nələrsə edilib və yenidən müharibə versiyaları gündəmə gəlib. 10 minlərlə Ukrayna ordusu separatçıların nəzarət etdiyi tarixi Ukrayna dövlətinin ərazilərinə doğru aparılıb. Jelenski də açıq elan edir ki, Ukrayna NATO üzvü olduqdan sonra Donbas, elə Ukrayna problemi də həll ediləcək. Artıq Kiyevdə anlayırlar ki, “Normand” formatı çərçivəsində Rusiya ilə problemi həll etmək, daha doğrusu torpaqlarını geri almaq mümkün olmayacaq.
ABŞ-da da administrasiya dəyişdikdən sonra Bayden komandasının Rusiyaya münasibəti çox sərtdir. Üstəlik Vaşinqton Poroşenko dövründə olan yardımları Ukraynaya davam etdirəcək. Mümkündür ki, hansısa formada hərbi köməklik də edərək Rusiyanın qarşısını almağa çalışacaqlar. Amma konkret olaraq Ukrayna və Rusiya arasında hansısa danışıqlar başlaması mümkün deyil.
- Yəni danışıqların yerini müharibə tutacaq?
- Məncə, burada danışıqlar mümkündür ki, başqa formatda həyata keçirilsin. Məsələn, ABŞ, NATO və Avropa Birliyi ilə Rusiya arasında Ukraynaya dair danışıqlar aparıla bilər. Məsələn, Sergey Lavrovla Antoni Blinken arasında iqlim dəyişikliyinə dair danışıqlar olub. Ehtimal edirəm ki, onların görüşünə dair ictimaiyyətinə açıqlanan informasiya ölçülü-biçili olub. Yəni tərəflərin ətraf mühit və iqlim dəyişiklikləri mövzusunu müzakirə etməsinə inanmıram. Düşünürəm ki, onlar elə Ukrayna məsələsini müzakirə ediblər. Məncə, indi Ukrayna ətrafında olan prosesləri izləmək və nələrin baş verəcəyini gözləmək lazımdır.
- Ukrayna və Rusiya arasında müşahidə edilən gərgin hərbi-siyasi vəziyyətin digər MDB ölkələrinə təsirləri hansı formada olacaq?
- Ukrayna-Rusiya gərginliyinin pik həddə olması bir tərəfdən bizə uyğundur. O mənadakı Rusiya Azərbaycandan diqqətini çəkir və Ukraynaya yönəldir. Onların Qarabağla bağlı mövqeləri, hansısa təxribatçı hərəkətlər bu zaman zəifləyir.
Burada başqa məqam odur ki, Türkiyə Ukrayna ilə sıx əməkdaşlıq edir, tərəflər arasında hərbi əməkdaşlıq mövcuddur. Mümkündür ki, bu reallıq Türkiyə-Rusiya münasibətlərini də pisləşdirsin. Yəni hazırda baş verən Ukrayna prosesi çoistiqamətlidir və onların hamısınız izləmək lazımdır.
Əlbəttə, bu prosesin MDB ölkələrinə də hansısa formada təsirləri olacaq. Bu şübhəsizdir. İndilikdə vəziyyət başa çatmadan və nəticələri bəlli olmadan bu haqda danışmaq tez olardı.
- Aydındır ki, Donets və Luqanski, bütövlükdə Donbas regionu Ukrayna ərazisidir və Rusiya həmin regiondakı separatçıları dəstəkləsə də, ərazilərin Ukraynaya aid olduğunu qəbul edir. Bu halda Moskvanın hədəfi nədir, nəyə nail olmağa çalışır?
- Ruslar görür ki, Ukrayna gedir. Onların strategiyasına görə, NATO Rusiya ərazilərindən nə qədər uzaq olsa bir o qədər yaxşıdır. Ukraynanı itirirsənsə, deməli, bütövlükdə MDB ölkələrini itirirsən. Əvvəla, Ukrayna Moldova kimi kiçik ölkə deyil, əksinə böyük ölkədir, potensialı var. Üstəlik ordusu var. Bu mənada Ukraynanı itirmək elə hər şeyi itirmək deməkdir. Odur ki, Ukrayna ətrafında bazarlaşma məsələsi daha real görünür.
- Siyasi bazarlaşmanı nəzərdə tutursunuz?
- Bəli, siyasi bazarlaşma olmalıdır. İlk olaraq problemi siyasi formada həll etmək lazımdır.
İkincisi, mən İran məsələsinə, daha doğrusu İranla bağlı nüvə razılaşmasına diqqət çəkərdim. Fikrimcə, bunların hamısını birləşdirərək Rusiya və ABŞ arasında danışıqlar gedəcək.
Əslində MDB məkanında çox maraqlı proses gedir. Gürcüstanda problemlər var. Ukraynada vəziyyət göz önündədir. Moldovada seçkilərdən sonra Rusiyaya o qədər də rəğbəti olmayanlar hakimiyyəti götürüb. Ermənistanda durum bəllidir. Mümkündür ki, yeni parlament seçkilərindən sonra Paşinyanın yeni siyasi kursu başlanılacaq. Bir sözlə, Rusiyanı çox şeylər gözləyir.
İndilikdə əgər danışıqlar gedəcəksə, çox güman ki, Ukraynada məsələ əvvəlki nöqtədə də qalacaq. Yol tapıb problemləri hansısa formada həll edilməlidir. “Normand” formatı əsas götürüləcəksə, burada Donets və Luqansikə muxtariyyət olmasa da, hansısa formada idarəçilik üstünlüyü verilirdi. Bunu Ukrayna, Rusiya, Fransa və Almaniya qəbul edirdi. Amma indi vəziyyət həm qeyri müəyyəndir, həm də “Normand” formatının özünün qalıb-qalmadığı bəlli deyil. Həm də bu razılaşma Rusiya və Ukrayna tərəfindən ayrı-ayrılıqda izah edildikdə aydın olar ki, tərəflər fərqli şeylər danışırlar.
Bu arada unutmamaq lazımdır ki, ümumiyyətlə Donbasda olan bir sıra şəxsləri aradan götürüblər. İndi orada olan separatçılar açıq şəkildə Rusiyaya bağlı şəxslərdir.
- Müharibə riski nə dərəcədə realdır?
- Hələlik yox, amma belə davam etsə hansısa formada olmalıdır. Biz görürük ki, Ukrayna ordusunu hazırlaşdırır, müttəfiqlər axtarışındadır, bəzilərini tapıb da. Məsələn, Türkiyə istehsalı olan dronlar artıq Ukrayna ordusunda var. Üstəlik qərb ölkələrindən də silah-sursat alışına dair problem yoxdur.
- Prezident Zelenski bu həssas durumdan yararlanaraq konkret çağırış edib, problemin yeganə həllinin ölkəsinin NATO-ya üzv qəbul edilməsində gördüyünü açıqlayıb. Yaxın dövrdə Ukrayna NATO-ya üzv kimi qəbul edilə bilərmi?
-Zelenski belə bir təkliflə çıxış edib. Nəzərə alınmalıdır ki, NATO nizamnaməsinin 5-ci maddəsi var. Bu maddəyə görə, hücuma məruz qalan ölkəyə bütövlükdə NATO üzvləri birmənalı hərbi kömək göstərməlidir. Amma unutmayaq ki, NATO-ya üzv kimi qəbul olunmağın proseduru uzundur. Yəni, belə addımlar bir ilin məsələsi olmur.
İndilikdə Ukrayna üçün belə perspektiv görünmür. Həm də ona görə ki, hazırda birinci yerdə Gürcüstan var. Gürcüstanın özünün vəziyyəti bilinmir. İkinci yerdə Ukrayna gəlir.
- Ukrayna ordusu Donbasda separatçılara qarşı əməliyyata başlasa ciddi sanksiyalar altında olan Rusiya prosesə müdaxilə edib Ukrayna ordusu ilə üzləşmək xəttini seçəcəkmi?
- Hər halda ruslar bunu açıq deyib, üstəlik qoşunlarını da sərhədə cəmləşdirib. Məncə, burada qərb fərqli taktikadan istifadə edir. Yəni bir deyil, bir neçə yerdən prosesi odlayır ki, ruslar çətinlik çəksin. Bilirlər ki, bir qaynar nöqtə olsa rusların buna asanlıqla gücləri çatacaq.
Ancaq aydındır ki, Ukrayna öz problemlərini danışıqlar yolu ilə həll edə bilməyəcək. Qarabağ məsələsi də göstərdi ki, belə problemlər silah gücünə yoluna qoyulur.
Digər vacib məqam odur ki, Ukrayna Donbas problemini silah gücünə həll etmək üçün qərb müttəfiqlərindən razılıq alıb-almadığı bəlli deyil. Nəzərə alın ki, qərb ölkələri də müharibədən çəkinir. Çünki bu təkcə Ukrayna məsələsi deyil. Burada Polşa, Baltikyanı ölkələr, Moldova məsələsi var. Müharibə başlasa həmin ölkələrə təsirlər göstərəcək. Əslində bu regional problem olduğundan həmin ölkələr istər-istəməz bu problemə qoşulmalı olacaqlar. Bu da prosesin nəzarətdən çıxmasına qədər inkişaf edə bilər.