Nikol Paşinyan və Robert Köçəryanın Moskvaya səfərləri göstərdi ki, forpost ölkənin aparıcı müxalifət lideri və hökumət başçısı ağalarının yanına gediblər. Və hər ikisi də hətta Ermənistan daxilində öz məsələlərinin həllini indiyə qədər Moskvada görürlər. İkisi də gedib baş əydilər və ümidlərini Moskvaya bağladıqlarını nümayiş etdirdilər.
Bunu Teleqraf.com-a Milli Məclisin deputatı, politoloq Rasim Musabəyov Ermənistan Baş naziri Nikol Paşinyan və indi hakimiyyəti ələ almaq istəyən Robert Köçəryanın Moskva səfərlərini şərh edərkən deyib.
Rasim Musabəyov hesab edir ki, hər iki şəxs qarşıdan gələn seçkilərdə dəstək almaq məqsədilə Moskvaya gedib:
“Moskva da hər ikisini qəbul etdi, göstədi ki, hər ikisi onun ayağına gəlir.
Moskva gizlətmir ki, özlərinə şəxs kimi daha çox Robert Köçəryanı görürlər. Ancaq reallıqlarla hesablaşmağa da məcburdurlar. Moskva erməni xalqının iradəsinə o dərəcədə diktə etmək iqtidarında deyil. Odur ki, onlar üçün fərq etmir hakimiyyətdə kimin olması, vacibi odur ki, həmin adam dediklərini etsin. Həm də Ermənistan parlament respublikasıdır. Hər bir halda ruslar düşünür ki, Robert Köçəryan seçkini udmasa belə parlamentə keçə bilər. Üstəlik çalışırlar ki, parlament daxilində əksər qüvvələr Moskvaya yaxın olsun. Ola bilsin ki, “Çiçəklənən Ermənistan”da parlamentə düşəcək. Robert Köçəryanın bloku da keçsə, bu halda Paşinyan qalib gəlsə də, onu nəzarətdə saxlamağa əsas yaradacaq”.