13 Aprel 2021 17:57
865
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu muzey mənə Azərbaycanın apardığı hərbi əməliyyatların necə diqqətçəkən olduğunu xatırladır. Buradan görünür ki, Azərbaycan hərbi əməliyyatları necə qətiyyətlə, sürətlə və minimum itkilərlə həyata keçirib.

Teleqraf.com xəbər verir ki, bu sözləri ABŞ-ın Azərbaycandakı sabiq səfiri, ATƏT-in Minsk qrupunun keçmiş həmsədri, beynəlxalq ekspert Metyu Brayza aprelin 13-də Bakıda Hərbi Qənimətlər Parkı ilə tanışlıq zamanı jurnalistlərə açıqlamasında deyib.

M.Brayza qeyd edib ki, Azərbaycanın apardığı müharibə ümumilikdə hərbi əməliyyatların bütün mahiyyətini dəyişdirib.

ADA Universitetində keçirilən "Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq" adlı beynəlxalq konfransda Prezident İlham Əliyevlə görüş barədə fikirlərini bölüşən xarici ekspert bildirib: “Azərbaycan Prezidenti İlham Əliyevlə bugünkü görüşümüz çox səmərəli oldu. Tədbirdə bir çox mövzular, həmçinin bölgədə bundan sonrakı vəziyyət barədə fikirlər səsləndirildi. Düşünürəm ki, belə görüşlərin çox böyük önəmi var”.

ATƏT-in Minsk qrupu barədə danışan M.Brayza deyib: “ATƏT-in Minsk qrupunun missiyası olmalıdır. Bu gün Prezident Əliyev də təklif etdi ki, Minsk qrupu nə edə biləcəyi ilə bağlı təkliflər verməlidir. Onlar müharibədən sonrakı mərhələyə necə kömək edə bilərlər? Azərbaycanın perspektivindən baxdıqda, ATƏT-in Minsk qrupu münaqişənin həlli yolunu tapmaq üçün formalaşmışdı, artıq münaqişə həll olunub. Belə olan halda Minsk qrupu nəsə başqa bir iş görməlidir. Minsk qrupunun görə biləcəyi çox iş var. Məsələn, Ermənistanla Azərbaycan arasında sərhədlərin demarkasiyası, noyabrın 9-da imzalanan üçtərəfli Bəyanatın bəndlərinin həyata keçirilməsi və Prezident İlham Əliyev də qeyd etdiyi kimi, bəlkə də gələcəkdə sülhlə bağlı danışıqlara yardım etmək məsələləri. Ümumilikdə, Ermənistan ilə Azərbaycan arasında sülh müqaviləsinin bağlanmasından söhbət gedir. Minsk qrupu bu istiqamətlərdə işləyə bilər”.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər