Ermənistanın Baş naziri Nikol Paşinyan erkən parlament seçkilərində qalib gəldikdən sonra Rusiyadan uzaqlaşmaq xəttini götürəcək. Ermənilərin artıq Rusiyanın qoltuğunda qalması üçün ciddi əsasları yoxdur. Rusiya uzun illər erməniləri Qarabağ məsələsi ilə şirnikləndirirdi. İndi Qarabağ söhbəti yoxdur. Bu halda ermənilər nəyə görə Rusiyadan asılı olsun? Üstəlik bilirlər ki, Avropadan daha çox xeyir götürə bilərlər. Necəki Ermənistanın Rusiya ilə əlaqəsi çoxdur Avropadan lazım olan dəstəyi ala bilmir. Bunu ermənilər bizdən də yaxşı bilirlər.
Bu fikirləri Teleqraf.com-a Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu deyib.
Onun fikrincə, Ermənistanda Paşinyan qalib gələcəksə, bu ölkə böyük sürətlə Qərbdə doğru gedəcək. Onun sözlərinə görə, Ermənistanın Rusiyanın təsirindən çıxmaq imkanı olmadığına dair fikirlər şişirdilib: “Ermənistanı daha çox erməni diasporu və kilsəsi idarə edir. Bu qurumlarda əslində Rusiyanın əleyhinə, ölkənin qərbə inteqrasiyasının tərəfdarıdır. Erməni kilsəsi və lobbisi ölkənin gələcəyini daha çox qərbdə, NATO-da görür, nəinki zəifləyən Rusiyada”.
Sərdar Cəlaloğlu deyir ki, əslində Qarabağ müharibəsi Ermənistan və Rusiyanın göbəyinin kəsilməsinə gətirib çıxarıb: “Bizim Qarabağda müstəsna qalib gəlməyimiz ermənilər arasında Rusiyanın nüfuzunu sıfıra endirib. Erməni ictimai xadimlər var ki, onların əsas düşmənin Rusiya olduğuna dair işarə edirlər. Yəni bu dərəcədə anti-rus əhval-ruhiyyəsi var. Müxalifətin Nikol Paşinyanı bu qədər məğlubiyyətdən sonra yıxa bilməməsinin əsas səbəbi Nikolun qərbyönümlü olmasıdır. Erməni əhalisi də Paşinyanı dəstəkləməklə göstərir ki, onlarda qərb yönümlüdür və bu siyasəti müdafiə edirlər”.