Bu gün Azərbaycan tarixinin ən şanlı və qürurlu dövrünü yaşayır. Xalqımız son iki yüz ildə ilk dəfə olaraq özünə məxsus milli kimliyini açıq şəkildə göstərdi. Torpaqlarımız erməni işğalından azad edildi. Tariximizdə böyük iz qoymuş şəxsiyyətlər - Şah İsmail Xətai, Nadir şahdan sonra ilk dəfə Azərbaycan xalqı cənab Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə torpağını düşməndən azad etdi.
Bu fikirləri Teleqraf.com-a Milli Məclisin deputatı Cavid Osmanov deyib.
Deputat bildirib ki, Azərbaycan xalqının 44 günlük Vətən müharibəsindəki əzmi, iradəsi və milli birlik modeli dünya üçün də bir örnək oldu:
“Xalqımız ən zəruri və tarixi bir situasiyada birlik, bərabərlik nümayiş etdirdi. Ölkədə fəaliyyət göstərən siyasi partiyaların və quruluşların mütləq əksəriyyəti dövlətimizin haqq mübarizəsində birmənalı dəstək nümayiş etdirdi. Amma çox təəssüf ki, 30 illik işğala və xalqımızın başına gətirilən müsibətlərə baxmayaraq hələ də düşmən ağzı ilə danışanlar, işğalçı ilə eyni düşüncədə olanlar mövcuddur. Xalqımız, sözsüz ki, bu durumda belə yanaşmaları də unutmur. Sapı özümüzdən olan baltalar xalqımızın milli mübarizə əzminə, tarixi zəfərə kölgə salmağa çalışırlar. Öz siyasi fəaliyyətini ancaq düşmən sferasına uyğun quranlar indiki məqamlarda da dayanmırlar. AXC-Müsavat cütlüyünün siyasi hakimiyyəti dövründə Azərbaycan tarixinə və xalqımıza vurulmuş zərbələr indi-indi sağalır. Ancaq öz siyasi karyerlarını düşünənlər, sözsüz ki, siyasi hakimiyyətləri dövründə daha açıq şəkildə milli maraqlarımızı zərbə altında qoydular. Əli Kərimovlar, Cəmil Həsənlilər, Sevinc Osmanqızılar Azərbaycanın dövlət və milli maraqlarını hər zaman təhlükə altında qoymaqda maraqlı olublar. Onlar üçün ən həssas məsələ öz mənafeləridir”.
Millət vəkilinə görə, güclü Azərbaycan bu gün öz milli qürurunu bərpa etməklə tarixi ədaləti bərpa edib:
“Zəngəzurdan tarixi Azərbaycan torpaqlarına, Naxçıvana mühüm yol açılır. Cənab Prezidentin siyasi iradəsi ilə bu gün regionda Zəngəzurdan İrəvana uzanan yol açılır. Bu yolun əhəmiyyəti, sözsüz ki, qarşı tərəf üçün də bir mesajdır. 44 günlük Vətən müharibəsindən sonra regionda yeni bir reallıq yaranıb. Bu reallıq həm Azərbaycan, həm də region xalqları üçün önəmlidir”.
Cavid Osmanov qeyd edib ki, Azərbaycan xalqının tarixi qələbəsini özündə ehtiva edən Hərbi Qənimətlər Parkı xalqımızda qürur hissi yaradıb:
“Amma təəssüf ki, bundan da narahat olanlar var. Ermənilərin boş qalmış dəbilqələrinin çıxardığı səsdən özlərində kompleks hissi yaşayanlar nədənsə tarixə nəzər etmirlər. Xocalıda Azərbaycan xalqının başına gətirilən soyqırımı kimlərsə unudubsa, bu, onların xarakteri ilə bağlı olan məsələdir. 1988-ci ildən ermənilərin xalqımızın başına gətirdikləri faciələri qadınlara, uşaqlara, ahıllara qarşı vandallığı, vəhşiliyi unudanlar Bakıdakı Hərbi Qənimətlər Parkının yaratdığı reallığı qəbul edə bilmirlər. Amma xalqımız, sözsüz ki, bunları da unutmur”.