23 Aprel 2021 11:23
418
12 Punto 14 Punto 16 Punto 18 Punto

Cənab Prezident İlham Əliyevin dedikləri həm keçmiş gerçəklikləri əks etdirir, həm də böyük mənəvi psixoloji əhəmiyyət kəsb edir. Zəngəzur qədim Azərbaycan torpağıdır. Ermənilər bütün Cənubi Qafqaza olduğu kimi Zəngəzura da sonradan köçürülüblər.

Bunu Teleqraf.com-a AMEA-nın müxbir üzvü, Milli Məclisin deputatı, professor Musa Qasımlı deyib.

Professor bildirib ki, dövlət başçısının söylədikləri həm də mənəvi əhəmiyyət daşıyır:

“Zəngəzur dəhlizi cənab Prezidentin dediyi kimi xoşla olmasa da, zorla açılacaq. Ermənistanın bundan başqa çıxış yolu yoxdur. Daha yaxşı olar ki, bu yol dinc vasitələrlə açılsın. Çünki regionun gələcəyi əməkdaşlıqla bağlıdır”.

Deputat bütün variantların Ermənistan üçün uduşsuz olduğunu vurğulayıb:

“Ermənistan heç bir müharibədə Azərbaycan qarşısında tab gətirə bilməz. Yenidən münaqişənin başlanması Ermənistanın xəritədən tamamilə silinməsi deməkdir. Əməkdaşlıqda isə yenə də üstünlük Azərbaycandadır. Çünki Cənubi Qafqaz iqtisadiyyatının təqribən 75 faizi Azərbaycana aiddir. Bu qədər iqtisadi gücün qarşısında Ermənistanın durumu hər kəsə bəllidir”.

Musa Qasımlı hesab edir ki, Ermənistanın xilası cənab Prezidentin təklif etdiyi əməkdaşlıqdan keçir:

“Başqa bütün hallarda Ermənistan əhali cəhətdən boşalacaq. Çünki hazırda bu ölkədə əhalinin təbii artımı demək olar ki, yox səviyyəsindədir. Ölkədə demoqrafik böhran yaşanır. Həm də insanlar bərbad idarəçilik, korrupsiya ucbatından köçüb gedirlər. Ermənistan əgər dünyanın siyasi xəritəsində qalmaq istəyirsə, qisasçılıqdan əl çəkməli, Azərbaycanın təklif etdiyi əməkdaşlıq formulunu qəbul etməlidir”.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər