Bəzi erməni tarixçilərinin iddialarına görə, I Dünya müharibəsi dövründə Türkiyədə 1,5 milyon erməni "soyqırımı" qurbanı olub. Məlumdur ki, müharibə ərəfəsində Anadoluda 1,3 milyon nəfərdən çox erməni yaşayıb. Hələ 1830-cu ildə Osmanlı dövlətində keçirilmiş ilk siyahıyaalmaya diqqət yetirsək, Anadoluda 2 100 000 müsəlman, 400 000 xristianın yaşadığını görmüş olarıq. Həmçinin bəhs olunan dövrdə bir sıra Qərb müəlliflərinin əsərlərində və araşdırma mərkəzlərinin hesabatlarında Anadoludakı ermənilərin sayı barədə müxtəlif rəqəmlərə rast gəlmək mümkündür. Osmanlı rəsmi statistikasına görə, 1914-cü ildə Osmanlı əhalisi 18 520 016 nəfərdən ibarət idi və ümumi erməni əhalisi 1 294 851 nəfər təşkil edirdi. Bütövlükdə, erməni əhalisi ümumi əhalinin 6,9%-ni təşkil edirdi.
Bunu Teleqraf.com-a Azərbaycan Dövlət Pedaqoji Universitetinin Tarix fakültəsinin baş müəllimi, tarix üzrə fəlsəfə doktoru Taleh Cəfərov deyib.
O bildirib ki, I Dünya müharibəsi ərəfəsində Anadoluda 1.161.169 nəfər qriqoryan, 67.838 nəfər katolik, 65.844 nəfər protestant erməni yaşayırdı: “Bəhs olunan dövrdə Osmanlı əhalisinin ümumi sayı və bu əhali kütləsi içərisində ermənilərin sayı heç bir mübahisə obyekti ola bilməz. Çünki o zaman əhalini siyahıyaalan statistik şəbəkənin başında yəhudi, erməni, amerikan əsilli məmurlar dayanırdı. Məsələn, Osmanlı imperiyasında “erməni məsələsi”nin olduqca ciddi bir problemə çevrildiyi 1897-1903-cü illərdə statistik idarəyə Mkırtıç Sinabyan adlı bir erməni məmuru başçılıq edirdi. Görkəmli türk tarixçisi Kamuran Gürünün gəldiyi qənaətə görə, I Dünya müharibəsi ərəfəsində bütün dünyadakı ermənilərin ümumi sayı 3 milyon nəfərdən ibarət idi ki, bunun da çox az bir hissəsi Anadoluda yaşayırdı. Britaniya ensiklopediyasının 1910-cu il nəşrində dünyadakı erməni əhalisinin ümumi sayı 2.900.000, Türkiyədəki erməni əhalisinin isə 1.500.000 nəfər olduğu qeyd edilib. İstanbul patriarxlığının 1912-ci ilə aid statistikasına görə, 6 vilayətdə (Ərzurum, Van, Bitlis, Harput, Diyarbəkir, Sivas) 1.018.000 erməni yaşayırdı. Qərb müəlliflərindən Hovanesyan isə bəhs olunan dövrdə Anadoludakı erməni əhalisinin sayını 1.5-2 milyon arasında qeyd edir. Digər erməni müəllifi Pastırmacıyana görə, 2 100 000 nəfər, Jacques de Morgana görə, 2 380 000 nəfər, Vahan Vartabetə görə, 1 263 000 nəfər, Constensona görə, 1 400 000 nəfər, Walkerə görə, 1,5-2 milyon nəfər, Ravensteinə görə, 760 000 nəfər, Clair Price görə, 1 500 000 nəfər, A.Powellə görə, 1 500 000 nəfər, Lynchə görə, 1 325 000 nəfər, Cuinetə görə, 1 475 000 nəfər təşkil edirdi”.
Gənc alim bildirib ki, qondarma “erməni soyqırımı” mövzusunda bir sıra dəyərli əsərlərin müəllifləri olan türk tarixçilərinin əsərlərində 1915-1916-cı illərdə 600-700 minə yaxın erməninin yerinin dəyişdirildiyi qeyd olunub:
“Bu məqsədlə büdcədən külli miqdarda vəsait də ayrılıb. Türk tarixçisi Kamuran Gürün yazır ki, 1915-ci ilin may ayının sonlarından başlayaraq 1916-cı ilin 16 fevralınadək davam etmiş və ümumilikdə 9 ay müddəti ərzində hökumət erməni köçkünlərinin işini asanlaşdırmaq üçün istənilən vasitələrə əl atıb. Bu məqsədlə 702 900 nəfərə qədər əhalinin köçürülməsi üçün ilkin olaraq büdcədən 25 milyon lirə xərclənib. Müəllif 1916-cı ilin oktyabr ayının sonuna qədər 86 milyon lirə xərcləndiyini qeyd etməklə ilin sonuna qədər bu məbləğin 150 milyon lirəyə çatdığını qeyd edib. Hökumətin qabaqlayıcı tədbirlərinə baxmayaraq, ölüm-dirim mübarizəsi aparan Osmanlı dövlətinin sərhədləri daxilində 2 milyon müsəlmanla yanaşı, 300 min nəfər erməninin bir qismi xəstəliklərdən və pis hava şəraitindən ölüb. Rus ordusu içərisində vuruşub ölən 180.000 erməni də bura daxildir. Həmçinin “Britannica Encyclopedia”nın 1918-ci ilki nəşrində ölən ermənilərin sayı əsassız olaraq 600 min olaraq qeyd edilir. 1968-ci ilin nəşrində isə bu rəqəm 1,5 milyon olaraq göstərilib.
Köçürmələr zamanı baş verən itkilər həm də Osmanlı ordusunun arxa cəbhəsindəki təchizat pozğunluğu və ardı-arası kəsilməyən erməni təxribatlarından qaynaqlanırdı. Məhz bu çətinliklərin və təchizatdakı pozğunluğun nəticəsində cəbhədəki minlərlə türk əsgərləri də acından, lazımı tibbi yardımın çatışmamasından və yoluxucu xəstəliklərdən ölürdülər”. Eyni zamanda bir sıra Qərb müəlliflərindən Stenford Corc Şou, Eriq Fayql, Səmyuel A. Uimz və digərləri 1914-1921-ci illərdə 2,5-2,7 milyon nəfər dinc müsəlman əhalisinin qətlə yetirildiyini qeyd edir”.
Taleh Cəfərova görə, bütün qaynaqlar və çoxsaylı araşdırmalar birmənalı olaraq sübut edir ki, 1915-ci ildən bəri gündəmə gətirilən “erməni soyqırımı” iddiaları da 1878-ci ildən bəri müzakirəyə çıxarılan “erməni məsələsi” kimi Qərb diplomatlarının ortaya atdığı siyasi yalandan başqa bir şey deyil:
“Tarixçi Ş.Məmmədovun qeyd etdiyi kimi, bu yalan Qərb dövlətlərinə və ermənilərə I Dünya müharibəsi və ondan sonrakı illərdə, xüsusilə də Lozanna konqresi zamanı özlərinin Osmanlı əhalisinə qarşı törətdikləri cinayətləri ört-basdır etmək, Türkiyə hökumətini sıxışdırmaq, yeni güzəştlərə məcbur etmək məqsədilə uydurulub”.
ADPU-nun müəllimi deyib ki, ermənilərin “soyqırımı” iddialarının yalan və əsassız olduğunu görkəmli Qərb tarixçiləri də təsdiqləyib:
“Castin Makkarti, Karolin Makkarti, Stenford Corc Şou, Samyuel A.Uimz, Jorj de Malevil, Eriq Fayql və digərləri erməni “soyqrımını” qəti şəkildə inkar edirlər. Beləliklə, 1915-ci il Anadoluda baş verən hadisələrin genosidlə heç bir əlaqəsinin olmadığı qənaətinə gəlmiş Castin və Karolin Makkartilərin fikrincə, Şərqi Anadoluda hökumət tərəfindən təşkil olunmuş hər hansı bir genosid olmayıb. Osmanlıların hərəkətlərini nəzərə alaraq genosid haqqında əmrin mövcud olduğuna inanmaq çətindir. Niyə İstanbulda, İzmirdə, imperiyanın Avropa hissəsində, digər bölgələrdə yaşayan on minlərlə erməni genosidə məruz qalmayıb? Onlar sağ-salamat qaldılar və heç bir yerə sürgün edilmədilər. Kimsə deyə bilər ki, osmanlılar bu barədə arzuolunmaz məlumatın yayılmasından çəkindikləri üçün həmin ermənilərə toxunmadılar. Lakin bu artıq baş vermişdi. Türklərin öldürülməsinə göz yuman Qərb mətbuatı öldürülmüş ermənilərin sayını olduqca şişirdərək yayıb. Əgər osmanlılar bütün erməniləri məhv etmək istəyirdisə, nə üçün onların sağ qalmasına imkan verirdilər? Ən inandırıcı sübut isə ondan ibarətdir ki, deportasiya olunmuşların çoxu sağ qalıb. Digər amerikan hüquqşünası Səmyuel A. Uimz “Ermənistan terrorçu “xristian” ölkənin gizlinləri” əsərində də ermənilərin soyqırımı iddialarına tutarlı cavablar verib. Müəllif yazır ki, “Osmanlı dövlətinin fərmanlarına nəzər saldıqda onların nə etmək istədiyi aydın görünür-erməniləri dinc üsullarla köçürərək yeni torpaqlarda məskunlaşdırma.
Bu gün ermənilər “damğalayırlar” ki, erməniləri qırıb-çatmaq haqqında, guya, digər məxfi fərmanlar olub. Burada saxta “Andonyan sənədləri” nəzərdə tutulur. Tarix sübut edir ki, bu yalançı bir hay-küydür və ermənilərə kömək edilməsi üçün dünyanın xristian xalqlarından daha çox pul və yardım qoparmaq məqsədilə uydurulmuş əhvalatdan başqa bir şey deyildir”.
Ardı var...