“İran Azərbaycanla yaxın qonşu olmasına və dini amillərə baxmayaraq, həmişə Ermənistanla dilbir olub. İran Birinci Qarabağ Müharibəsində də Ermənistan üçün nəfəslik rolunu oynayıb. İran həm humanitar, həm də hərbi baxımdan Ermənistana dəstək verib. Əslində, bu, İranın Azərbaycana qarşı göstərdiyi münasibətdir. İrandan Qarabağa göndərilən yük maşınlarına gəldikdə, bunlar Rusiya ilə razılaşdırılmış addımlardır”.
Politoloq Ramiyə Məmmədovanın Teleqraf.com-a müsahibəsini təqdim edirik:
- Rusiya Xarici işlər naziri Sergey Lavrovun bölgəyə səfərində məqsəd nədir?
- Bu, Qarabağda 44 günlük müharibədən sonra Lavrovun bölgəyə ikinci səfəridir. Bunun ilk növbədə gələn ay Ermənistanda keçiriləcək parlament seçkiləri ilə əlaqədar olduğunu düşünürəm. Paşinyanla yanaşı Rusiyanın Ermənistandakı kadarları da bu seçkilərdə iştirak edəcəklər. Belə bir durumda Rusiyanın bu marafonda öz kadrlarına dəstək verməsi məsələsi ön plana çıxır.
Amma reallıq göstərir ki, Rusiya bu gün nə Köçəryan, nə də digərlərinə güzəştə gedəcək. İndi Paşinyanın hakimiyyətdə olması Rusiya üçün daha sərfəlidir. Çünki bütün anlaşmalar və müqavilələrə qol çəkən Paşinyandır. Həmin anlaşmaların icrasını da o, həyata keçirməlidir. Çünki onun daxildəki rəqibləri Qarabağla bağlı anlaşmaları qəbul etmir, radikal mövqedə dururlar.
Lavrovun səfərinin Ermənistandakı ab-havanı dəyişəcəyini düşünürəm. Ermənistanın Qarabağ prosesində hansı mövqedə duracağı bu səfərdən sonra məlum olacaq.
Eyni zamanda, Ermənistan-Rusiya münasibətlərində hökm sürən gərginliyi də azaltmaq lazımdır. İndi Lavrov bunun üçün çalışacaq. Çünki bu gün Rusiyanı Ermənistanda “satqın” kimi qəbul edirlər. Lavrovun niyyəti budur ki, Ermənistandakı bu anti-Rusiya ab-havasını bir qədər sakitləşdirə bilsin. Eləcə də, Rusiya Azərbaycan və Ermənistan arasında balansı da qorumalıdır. Əks halda, təktərəfli addımlarla Azərbaycanı da qıcıqlandıra bilər.
Qənaətimə görə, Ermənistanın siyasi həyatında hökm sürən anti-Azərbaycan və anti-Türkiyə təbliğatının azaldılması, habelə Xocavənddə faşist Qaregin Njdeyə qoyulmuş abidənin götürülməsi də Lavrov tərəfindən İrəvanda gündəmə gətiriləcək.
Bir sözlə, Lavrov İrəvanda Ermənistan hakimiyyətinə Qarabağ siyasəti ilə bağlı yön verməyə çalışacaq.
- Bəs səfər niyə İrəvandan başladı?
- Qənaətimə görə, Lavrov əvvəlcə Ermənistanın mövqeyini müəyyən edib, onun fikrini bildikdən sonra Moskvayla müzakirələr aparmaq üçün vaxt qazanmağa görə səfərinə buradan başladı. Lavrov Moskvayla məsləhətləşdikdən sonra Azərbaycana gələcək.
Bakıya səfərin Türkiyə Prezidenti Ərdoğanın Azərbaycana – Şuşaya gəlişindən əvvələ təsadüf etməsi də diqqət çəkir. Lavrov Ərdoğandan əvvəl gəlməklə Azərbaycanla sövdələşməyə çalışacaq. Burada əsas müzakirə mövzularından birinin Zəngəzur dəhlizinin açılması məsələsi olacağını düşünürəm. Rusiyanın baş diplomatı bunu İrəvanda da müzakirə edəcək. Çünki bu dəhlizin açılması Rusiya üçün da vacib amildir. Ümumən, bu səfərdə əsas müzakirə mövzusunun Qarabağ olacağını deyə bilərik.
Digər yandan, Qarabağda Rusiya sülhməramlılarının mayın 9-da parad keçirəcəyi bildirilib. Bir ehtimal da budur ki, Lavrov bu paraddan qəzəblənən Azərbaycanı sakitləşdirməyə gəlir. Amma burada sakitləşdirməyə ehtiyac yoxdur. Əgər bu parad Azərbaycanla razılaşdırılıbsa, bu başqa məsələdir, razılaşdırılmayıbsa, sülhməramlıların bu addımına sərt reaksiya verilməlidir.
Azərbaycanın razılığı olmayacaqsa, bu, ciddi qanun pozuntusu sayılacaq. Sülhməramlılar onsuz da öz missiyalarından kənar fəaliyyətlərlə məşğuldur. İndi isə belə bir addımın atılması əsəbləri tarıma çəkə bilər. Ona görə də, buna imkan vermək lazım deyil.
- Erməni mediasının iddiasına görə, ABŞ Prezidenti Co Baydenin qondarma erməni soyqırımını tanıması Ermənistanda o qədər də xoş qarşılanmayıb. Sizcə, bunun səbəbi nə ola bilər?
- İllərdir erməni lobbisi çalışırdı ki, gələn yeni prezident “soyqırım” sözünü işlədəcək. Nəhayət, Reyqandan sonra Bayden bu ifadəyə yer verdi. Amma Reyqan sonradan bundan imtina etdi. O, arxivləri açdırdı və məlum oldu ki, türklər heç vaxt ermənilərə qarşı soyqırım törətməyib. Reyqanın məsləhətçisi Bryus Feyn bunu açıq şəkildə dilə gətirib.
Baydenə gəldikdə, bunu onun seçkiqabağı dönəmdə ermənilərə verdiyi vədi yerinə yetirməsi kimi də baxmaq olar. Amma o da məlumdur ki, Baydenin də üzvü olduğu Demokratlar Partiyasına erməni diasporundan böyük pullar ayrılır. Bu məsələyə başqa aspektdən də baxmaq lazımdır. Türkiyə-ABŞ münasibətlərinin soyuması fonunda Moskva və Ankara arasındakı yaxınlaşma Vaşinqtonun o qədər də xoşuna gəlmir.
Məlumdur ki, Qərb və ABŞ uzun illərdir Rusiyanı zəiflətmək, onun qarşısını almaq üçün əllərindən gələni edir. Bu baxımdan, Rusiyanın Cənubi Qafqazdakı nüfuz dairəsini yenidən genişləndirmək səyləri kimsənin xoşuna gəlmir. Bir sözlə, Türkiyə və Rusiya arasındakı yaxınlaşma Baydenin bu sözü dilə gətirməsinə səbəb oldu. Amma Ağ Ev sonrakı açıqlamasında bildirdi ki, o dönəmdə baş verənlərə görə Türkiyəni günahlandırmır. Ermənilər də bundan narazı qaldılar. Belə də olmalı idi, çünki tarixdə ermənilərin bu iddiaları ilə bağlı heç bir dəlil yoxdur.
ABŞ Türkiyə kimi müttəfiqini itirməmək üçün hər şeyi edəcək. Türkiyə indi əvvəlki ölkə deyil. Türkiyə artıq dünyada qəbul olunan bir geosiyasi aktora çevrilib. Bunun memarı da Ərdoğan – AKP iqtidarıdır. ABŞ-la yanaşı, Rusiya da belə bir tərəfdaşını itirmək, onunla münasibətlərini gərginləşdirmək istəmir.
- Zəngəzur dəhlizi Türkiyə üçün nə qədər önəmlidir: bu xəttin açılmasında israrlıdırrmı, bu yöndə qarşıya çıxan əngəlləri aşa biləcəkmi?
- Zəngəzur dəhlizi təkcə Türkiyə üçün yox, Rusiya və Azərbaycan üçün də maraqlıdır. Türkiyənin əsas istəyi budur ki, Zəngəzur dəhlizi tezliklə açılsın. Çünki Türkiyə bu halda Azərbaycan və bütün türk dünyasına birbaşa əlaqə təmin edəcək. Bu dəhliz bölgə dövlərinə böyük iqtisadi qazanclar təmin edəcək. Zəngəzur dəhlizinin açılması Türkiyə üçün Rusiya bazarına da birbaşa çıxış əldə etmək deməkdir. Bu, xüsusən iki ölkənin kənd təsərrüfatı və turizm sektorlarının inkişafı üçün vacibdir. Bu, Asiya və Avropaya çıxmaq üçün ən qısa və ən asan yoldur.
Zəngəzur dəhlizinin açılması türk dünyasını birləşdirəcək. Təsadüfi deyil ki, dəhlizin açılması yönündə danışıqlar başlayandan bəri Turançılıq ideyası yenidən gündəmə gəlib. Tacikistan və Qırğızıstan arasında son proseslər də bu baxımdan maraqlıdır. Bunu türk dünyasının birləşməsinin qarşısına çıxarılmış bir maneə kimi də görmək olar.
Bu kimi qarşıdurmaların arxasında Rusiyanın durduğunu deyə bilərik. Rusiyanın məqsədi bu birləşmənin önünə keçməkə keçmiş Sovet İttifaqının sərhədlərini bərpa etməkdir.
- Bəs İran niyə Qarabağdakı separatçılara yardım edir, bu yöndə Rusiya üçün keçid rolunu oynayır?
- İran Azərbaycanla yaxın qonşu olmasına və dini amillərə baxmayaraq, həmişə Ermənistanla dilbir olub. İran Birinci Qarabağ Müharibəsində də Ermənistan üçün nəfəslik rolunu oynayıb, həm humanitar, həm də hərbi baxımdan Ermənistana dəstək verib. Əslində, bu, İranın Azərbaycana qarşı göstərdiyi münasibətdir.
İrandan Qarabağa göndərilən yük maşınlarına gəldikdə, bunlar Rusiya ilə razılaşdırılmış addımlardır. Sülhməramlılar orada problemlər yaradırlar. Onsuz da biz bilirdik ki, Rusiya ora girdikdən sonra bu kimi problemlər ortaya çıxacaq. İranın humanitar yardım adı altında Qarabağ separatçılarına hərbi dəstəyə təkan verməsi, onun Azərbaycana qarşı ikiüzlü münasibət sərgilədiyinin göstəricisidir.
Təbii ki, İran yenə də şakərinə sadiq qalaraq, iki-üç gündən sonra çıxıb bunu təkzib edəcək, Qarabağın Azərbaycanın tərkib hissəsi olduğunu deyəcək və s. Amma fakt budur ki, İran Azərbaycanın zəifləməsi üçün addımlar atır.
İran ölkəmizin güclənməsindən narahatdır. Onun ən böyük qorxusu Vahid Azərbaycanın qurulacağı ilə bağlıdır. İçindəki bu xofla da işğalçı Ermənistana dəstək verir.