7 May 2021 20:27
717
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Prezidentinin 44 günlük Vətən müharibəsi dövründə xarici media qurumlarına verdiyi müsahibələrə beynəlxalq arenada böyük diqqət mövcuddur. Müharibə dövrü 10 milyonluq Azərbaycan xalqı, dünya azərbaycanlıları cənab Prezidentin bütün çıxışlarını böyük maraqla izləyirdi. O dövrdə xüsusilə bütün dünyanın gündəmi Azərbaycanla bağlı idi. Cənab Prezidentin müsahibələri, şərhləri də böyük diqqətə səbəb olurdu. Əslində dövlət başçısının bütün çıxışları beynəlxalq münasibətlərdə yeni bir yanaşma, tamamilə yeni bir reallıq yaratmış hadisə kimi qiymətləndirilir.

Bunu Teleqraf.com-a Azərbaycanın AŞPA-da nümayəndə heyətinin rəhbəri, millət vəkili Səməd Seyidov deyib.

Deputatın fikrincə, II Dünya müharibəsindən sonra beynəlxalq təşkilatlar yaradıldı və düşünülən o idi ki, bundan belə ədalətin qorunması üçün səylər birləşdiriləcək: “Hesab edilirdi ki, bundan sonra ədalətin qorunması vədi verilsin. Amma faktiki olaraq ən kobud, gözəçarpan şəkildə Azərbaycanla bağlı ədalət pozuldu. Azərbaycan torpaqlarının işğalı ilə bağlı fakt ədalət prinsiplərini alt-üst etdi. 1 milyona yaxın Azərbaycan vətəndaşının öz vətənində məcburi köçkünə çevrilməsi ədalət prinsipinin açıq pozulması idi. Hansısa nöqtələrdə başqa problemləri, pozulmuş ədaləti görüb onu yerinə yetirməmək məsələləri gündəmə gəlirdi. Azərbaycanda, Qafqaz regionunda bunu bilib, görüb yerinə yetirmək istəmirdilər”.

Deputat xatırladıb, dünya birliyi Azərbaycana qarşı ədalətsizliyi “ədalət” kimi təqdim etməyə çalışırdı: “Ona görə də, cənab Prezident çıxışlarında və digər məsələlərlə bağlı mesajlarında Qərbin ikili standartlarını konkret faktlarla isbat edib. Məhz BBC-yə müsahibəsində dövlət başçısı bir məsələyə bir münasibətin, digər məsələyə isə başqa rakursdan yanaşmağın qəbuledilməzliyini önə çəkmişdi. Çox təəssüflər olsun ki, indi də bu hallar yaşanır. Avropa Şurasının, Avropa Parlamentinin, BMT-nin qətnamələrini Azərbaycan təkbaşına reallaşdırıb. Amma bu təşkilatların təmsilçiləri bunu dəstəkləmək əvəzinə erməni lobbisinin təsiri altında mövcud vəziyyəti dəyişdirmək niyyətinə düşüblər”.

Səməd Seyidov Avropa Parlamentinin deputatlarının Azərbaycana qarşı olan hərəkətlərinə də diqqət çəkib: “Fransa, Belçika və bu regiona aidiyyatı olmayan Lüksenburqun yanaşmaları ikrah yaradır. Bütün bunlar onu göstərir ki, Avropa demokratiyası müəyyən prinsiplər əsasında fəaliyyət göstərir. Kimlər onların maraqlarına tam şəkildə tabe olursa, onların hansısa bir formada müdafiəsinə qalxırlar. Hansı dövlət ki, müstəqil, öz xalqının maraqlarını müdafiə etmək istiqamətində fəaliyyət göstərirsə, buna əks mövqedə dayanacaqlar. Bir çox hallarda əks mövqelərdən də önə çıxaraq, açıq mübarizəyə təşəbbüs edilir. Ona görə də, cənab Prezidentin yanaşmaları bütün dünya ictimaiyyətinin daha çox diqqətində olacaq. Çünki dövlət başçısı əsl reallıqları və yanaşmaları bütün faktlarla ortaya qoyur”.


Müəllif: Tapdıq Qurbanlı