Cənubi Qafqazda yeni bir reallıq yaranıb. Bu reallıq Azərbaycanın öz ərazi bütövlüyünü təmin etməsilə formalaşıb. Təəssüf ki, yeni reallıqla barışmaq istəməyən, yenidən bölgədə münaqişə vəziyyətinin qalmasında maraqlı olan qüvvələr var.
Bunu Teleqraf.com-a Milli Məclisin deputatı Məlahət İbrahimqızı deyib.
O qeyd edib ki, regionda təhlükəsizliyə mane olan Azərbaycan ərazilərinin işğalı faktına ciddi reaksiya olmayıb:
“30 ilə yaxın Azərbaycan torpaqları işğalda qaldı. Beynəlxalq hüquq tərəfindən qəbul edilən bir dövlətin sərhəd xətti kobud şəkildə pozuldu. Münaqişə ilə bağlı yaradılan təsisat belə məsələyə real, adekvat reaksiya verə bilmədi. BMT Təhlükəsizlik Şurasının Azərbaycan ərazilərinin erməni işğalından azad olunması və sərhədlərinin bərpası ilə bağlı qətnamələri kağız üzərində qaldı. Azərbaycan öz gücü hesabına status-kvonu dəyişdi. BMT qətnamələrini ölkəmiz təkbaşına icra etdi. Beynəlxalq hüququn tələbləri təmin olundu. Bir dövlətin dünya birliyi tərəfindən tanınan sərhədləri çərçivəsində qanuni addım atmaq hüquqları bərpa edildi”.
Deputat hesab edir ki, bu gün Ermənistanın sərhəd məsələsi ilə bağlı qaldırdığı əsassız iddiaya isə “səs” verənlər nədənsə çoxalıb:
“Amma nədənsə, bu yanaşma Azərbaycanın 30 illik pozulmuş sərhəd xətti ilə bağlı müşahidə edilmədi. Bu baxımdan ABŞ və Fransa kimi dövlətlərin Ermənistanın sərhəd məsələsi ilə bağlı fikirləri birmənalı qarşılanmır. Bu dövlətlər ATƏT-in Minsk Qrupunun üzvü kimi 30 ilə yaxın Azərbaycanın pozulmuş sərhəd xətti ilə bağlı niyə narahatlıq keçirmədi? Nədənsə, Ermənistanın sərhəd xəttinin pozulacağından narahat olanlar ondan qonşu dövlətlərin sərhədlərinə hörmətlə yanaşmaq tələbini etmir. İndiyə qədər rəsmi İrəvan Azərbaycan və Türkiyənin sərhədlərini tanımayıb. Hətta Ermənistan konstitusiyasında qardaş Türkiyəyə qarşı ərazi iddiaları ilə bağlı uydurma müddəalar yer alıb. Belə olan halda Ermənistanın sərhəd xəttindən narahat olan ABŞ və Fransa İrəvandan analoji yanaşmanı tələb etməməsi suallar doğurur”.