3 İyun 2021 17:36
782
12 Punto 14 Punto 16 Punto 18 Punto

Prezident İlham Əliyev ilə Çin Xalq Respublikasının sədri arasında telefon söhbəti olub. İki ölkə arasındakı mövcud münasibətlər və qarşıda duran məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Hazırda bu iki dövlət arasındakı münasibətlər tək Azərbaycanın deyil, bütün dünyanın diqqətindədir.

Bunu Teleqraf.com-a Milli Məclisin deputatı Aydın Mirzəzadə deyib.

O qeyd edib ki, Çin bu gün iqtisadi, siyasi və hərbi imkanlarına görə dünyanın əsas güc mərkəzlərindən biridir:

“Belə bir dövlətin Azərbaycanla münasibətlərə xüsusi diqqətlə yanaşması, əməkdaşlığın genişlənməsi məsələlərini müzakirə etməsi, ölkəmizin gücünə, inkişafına verilən mühüm qiymət hesab olunur. Bu gün Azərbaycan iqtisadiyyatında Çin şirkətləri aktiv iştirak edir. Çin Azərbaycanda unikal müəssisələrin yaradılmasında, işğaldan azad edilmiş ərazilərin inkişafında maraqlıdır. Çin Azərbaycandan keçən İpək Yolundan maksimum istifadə etmək, Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin verdiyi imkanları genişləndirmək niyyətindədir. Bu əməkdaşlıq iki dövlətin bir-birinin milli maraqlarına hörmətindən qaynaqlanır. Bununla yanaşı dünyada gedən proseslərə hər iki dövlətin əsasən eyni yanaşmasından, əməkdaşlığın, sülhün genişlənməsində maraqlı olmalarından xəbər verir”.

Aydın Mirzəzadə hesab edir ki, Çin-Azərbaycan əməkdaşlığının çox böyük bir perspektivi mövcuddur:

“Bu həm investisiyaların cəlb edilməsində, yeni iqtisadiyyatın və logistik imkanların qurulmasından ibarətdir. Eyni zamanda Çin və Azərbaycanın 3-cü ölkədə birgə fəaliyyət göstərmək imkanları da önə çıxır. Çünki Azərbaycan Çinlə əməkdaşlığa yüksək qiymət verir. Bu əməkdaşlığın isə böyük imkanların açılmasında mühüm rolu mövcuddur”.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər